|
İşsizlik artır- ekspertlər islahatları vacib sayırlar
Ölkədə işsizliklə bağlı vəziyyət pisləşməkdədir. Ekspertlər ölkədə işsizliyin statistikasının artmasından narahatlığını bildirirlər. Həmçinin vurğulanır ki, gələn ilin əvvəlində işsizlərin sayı kəskin artacaq. Bağlanan banklarda işləyənlərin işini itirməsi, həmçinin kiçik sahibkarlıq obyektlərinin davamlı şəkildə bağlanması, müxtəlif idarələrdə aparılan ixtisarlar əsas səbəblərdir. 
 
Ekspert Qubad İbadoğluun sözlərinə görə, ölkədə hər gün orta hesabla 138 nəfər, hər ay isə 4134 nəfər iş yerini itirir: “Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində ölkədə 37,2 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 76,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bağlanan iş yerlərinin 63,9 faizi fərdi sahibkarlıq subyektlərinin, 17,0 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 19,1 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar olub. Bu isə o deməkdir ki, Azərbaycanda hər gün orta hesabla 138 nəfər, hər ay isə 4134 nəfər iş yerini itirir. Bu məlumatları təhlil edib, dəyərləndirərkən 3 məqama diqqət yetirmək lazımdır. Əvvəla, iş yerlərinin bağlanmasını əks etdirən rəsmi məlumatlar mövcud gerçəkliyi tam və düzgün göstərə bilmir. Çünki bir çox müəssisələr və fərdi sahibkarlar bağlanmış iş yerlərinə dair hesabatlarını vaxtında təqdim etmirlər. İkincisi, işləyənlərin heç də hamısı rəsmi uçotda düşmədiyindən, gizli məşğulluq mövcud olduğundan qeydiyyatdan kənar çalışanların işinin bağlanması ilə bağlı məlumatlar Dövlət Statistika Komitəsinin hesabatında əks etdirilmir. Nəhayət, iş yerlərinin bağlaması dinamikası hər ay artımla müşahidə olunur və bu tendensiya mövsümi işlərlə əlaqədar olaraq payız-qış fəslində daha da güclənir. Bu halda gələcəkdə iş yerlərini itirənlərin sayı daha da arta bilər”.

Ekspertlər bank sektorunda da minlərlə işçinin ixtisarını gözləyirlər. Bildirilir ki, ölkədə yeni işsizlər ordusu yaranır və bu, çox təhlükəlidir. Ekspertlər qeyd edirlər ki, ciddi islahatlara ehtiyac var. Xüsusilə qeyri-neft sektorunda islahatlar vacibdir. Ekspert Natiq Cəfərlinin sözlərinə görə, kütləvi ixtisarların səbəbi hökumətin illərdir apardığı səhv siyasətdir: “Böyük neft pulları dövründə ştatlar şişirdilirdi və dövlət sektorunda daha çox iş yerləri yaradılırdı. Ölkədə təqribən 1,6 milyon muzdla çalışan işçi qüvvəsi var. Bunun 900 mindən çoxu dövlət və hökumət müəssisələrində çalışır, büdcədən maaş alan təşkilatlarda və yaxud dövlətə aid olan təşkilatlarda çalışır. İxtisarlar sosial gərginliyin daha da artmasına səbəb olacaq”. 
Cia.az