Ölkənin xarici borcu getdikcə artmaqdadır. Ekspertlər bunun ölkə üçün təhlükəli olduğunu vurğulayırlar. Həmçinin bildirilir ki, xarici borcun miqdarı kritik həddə yaxınlaşmaqdadır. Buna baxmayaraq, hökumət yenidən borclanmaq arzusundadır.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, son dövrlərdə dövlətin borcu sürətlə artıb: “Hətta onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda borcların hesablanma qaydasının özündə də problem var. Çünki beynəlxalq praktikada dövlət şirkətlərinin, dövlətin zəmanəti ilə alınan borclar da dövlətin borcu kimi qeydiyyata alınır. Bizdə Azərbaycan dövlətinin borcu qədər tək bir şirkətin- SOCAR-ın da xarici borcu var. SOCAR-ın xarici borcu 8 milyard dollar civarındadır. Bundan başqa, “Azərenerji”nin, “Azərsu”nun, AZAL-ın və digər dövlət şirkətlərinin kifayət qədər kredit borcları var. Bütün bunları cəmləyəndə böyük bir məbləğ alınır. Azərbaycan hökuməti borcların həcminin artırılması ilə bağlı ciddi danışıqlar aparır. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı , Asiya Bankı və digər qurumlarla ciddi danışıqlar gedir. Bu danışıqlar nəticəsində gələn il Azərbaycan ən azı, iki milyarda yaxın əlavə borc almağı düşünür. Bu da xaricdə üzərimizə götürdüyümüz “Cənub Qaz Dəhlizi”, TANAP və TAP-la bağlı öhdəliklərin həyata keçirilməsi üçün xərclərin maliyyələşməsinə yönəldiləcək. Azərbaycan hökuməti çox ciddi şəkildə borclanmaya getməyi düşünür. Bu, mənfi bir haldır. Azərbaycanın ümumi daxili məhsulu qədər borclanma riski var. Bu da çox təhlükəli bir məsələdir. Gələn il də həmin borclar alınsa və şirkətlərin borcları da dövlət borcu kimi hesablanmağa başlasa, gələn ilin sonuna yaxın Azərbaycanın ümumi daxili məhsulu qədər dövlət borcumuz yarana bilər. Bu da çox təhlükəli və gələcəkdə böyük problemlər yaradacaq bir məsələdir”.
Ekspertin sözlərinə görə, digər problemli məsələ isə ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq maliyyə reytinqi çox aşağı düşüb: “Maliyyə reytinqinin aşağı düşməsi borclanma faizlərini yüksəldir. Ölkələrin reytinqi nə qədər aşağıdırsa, borc alma faizləri bir o qədər yüksək olur. Deməli, Azərbaycan daha böyük faizlərlə borclanmağa məcbur olacaq. Bu da gələcəkdə ölkənin qazancının azalmasının sürətlənməsi deməkdir. Ölkənin əldə etdiyi qazancın böyük bir hissəsinin gələcəkdə borcların qaytarılmasına yönəlməsi prosesi ola bilər. Bu da ölkə iqtisadiyyatı üçün, ölkədə stabillik üçün də ciddi bir təhıükə mənbəyidir”.
Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, adambaşına düşən xarici dövlət borcu istifadə edilmiş kreditlərə görə 782,6 dollar, imzalanmış sazişlər üzrə 1080 dollar olub: “2016-cı il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 10,6 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə 7,6 milyard ABŞ dolları olub. İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 20,0 faizini təşkil edib. Adambaşına düşən xarici dövlət borcu istifadə edilmiş kreditlərə görə 782,6 dollar, imzalanmış sazişlər üzrə 1080 dollar olub. Həmin tarixə xarici borc üzrə alınan kreditlərin 68,5 faizi ABŞ dolları, 18,3 faizi avro, 3,7 faizi yapon yeni, 1,7 faizi isə digər valyutalar ilə olub”.
Ekspertin sözlərinə görə, ölkəyə cəlb edilmiş kreditlərin 39,2 faizini sabit dərəcə ilə olan kreditlər, 60,8 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib: “Xarici dövlət borcunun 53,2 faizi 10 ilə qədər olan müddətdə, 41,2 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 5,6 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. 2016-cı il 1 iyul tarixinə olan operativ məlumatlara əsasən dövlətin daxili borcu 7,3 milyard manat təşkil etmişdi”.
