|
Neft Fondu avronun ucuzlaşmasından milyonlar itirir
Milli valyuta olan manatın durumu ciddiləşir. Artıq rəsmi məzənnə hər gün rekord təzələyir. Noyabrın 22-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,7091 məzənnəsi ilə başlayıb və 1,7146 məzənnəsi ilə yekunlaşıb. Qeyd edək ki, noyabrın 22-də dolların rəsmi məzənnəsi 1,7091 manat olub. Ekspertlər durumun narahatedici olduğunu bildirirlər. Proqnozlar ilin sonuna dolların iki manatı ötəcəyini göstərir. 
 
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, ilin sonuna bir dollar asanlıqla 1,90 manat həddinə çatacaq: “Ola bilər, vəziyyət daha da pis olsun. Mən daha da pis ola bilər deyərkən, Amerika Birləşmiş Ştatlarında olan vəziyyəti, Federal Ehtiyat Sisteminin faiz artımına gedəcəyini nəzərə alıram. Həmçinin məlum olub ki, yeni seçilmiş Amerika prezidenti ölkənin bütün ərazisində neft hasil etməyə icazə verəcək. Bu da neft təklifini artıra bilər və qiymət düşə bilər. Valyuta kursuna da ciddi təsir edə bilər. Bütün bunlar onsuz da baş verəcək. Tez olsa, dollar iki manatı da ötəcək”. Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidentinin iqtisadi proqramı inflyasiyanı qaçılmaz edir. İnflyasiya ilə mübarizənin əsas alətlərindən biri faiz dərəcəsinin artırılmasıdır. “Buna görə də FES-in dərəcəni artırması nəinki qaçılmazdır, hətta gözlənildiyindən də çox ola bilər. Həmçinin dekabr artımı ilə iş bitməyəcək. Faiz dərəcəsinin artması da dolların hər yerdə bahalaşması deməkdir. Neft və
asılı ölkələrdə, o cümlədən də Azərbaycanda dollar daha kəskin bahalaşacaq. Bizdə manat da dəyərdən düşür”,- deyə ekspert vurğulayıb.

Ekspert Vüqar Bayramov isə qeyd edib ki, dünya bazarında dollar digər bir sıra əsas valyutalara qarşı möhkəmlənməkdə davam etməkdədir: “Bu ayın əvvəllərində 1,114 dollara dəyişdirilən avro 1,069-dək dəyər itirib. Bu isə o deməkdir ki, son günlər avro dollara nisbətən 4 faizdən çox ucuzlaşıb. Bu, qısa müddətli dövrdə Avropa pulu üçün ciddi enişdir. FES-in uçot stavkasını artıracağı halda isə dollar əksər valyutalara qarşı ciddi dəyər qazanmaqda davam edəcək. Avro dollara nisbətən son dövrlərin ən aşağı səviyyəsinə düşüb. FES-in uçot stavkasını artıracağı halda, dolların kəskin möhkəmlənəcəyindən ehtiyatlanan bir qisim investorlar valyuta səbətində dəyişiklik edirlər ki, bu da avro təklifini artırır. Bütövlükdə, mövcud qlobal iqtisadi reallıqlar fonunda noyabrın birinci yarısı avro üçün heç də düşərli olmadı. Valyuta ehtiyatlarımızın təxminən 30 faizinin avroda saxlanıldığını nəzər aldıqda Avropa pulunun ucuzlaşması Azərbaycana da təsirsiz ötüşmür. Bu, eyni zamanda dolayısı ilə də olsa, valyuta bazarında dollara tələbi daha da artırır”.
 
Ekspert Natiq Cəfərli isə bildirib ki, manatı xilas etmək üçün Neft Fondundan gözləntilər də yersizdir: “Həm hökumət, həm də bəzi vətəndaşlar ”Neft Fondunda 32 milyard dollarımız var, bu bizə kömək olacaq",- deyərək özlərinə təsəlli verirlər. Fondda olan vəsaitdən artıq 1 milyard dollar çıxın- Neft Fondu Beynəlxalq Banka 1 milyard dollar depozit qoyub, bank da o vəsaiti öz xarici borclarının qaytarılmasına yönəldib. Yəni o pul artıq yoxdur, bu il bankdan silinən 10 milyard manat kimi o vəsait də bir daha geri qayıtmayacaq. Başqa sözlə, Neft Fondunun rəsmi aktivlərində o 1 milyard dollar, görünür, reallıqda isə artıq yoxdur. Kağız üzərinə yazılmış içiboş aktivdir və Neft Fondunda belə şişirdilmiş başqa aktivlər də var".
Cia.az