|
Rusiya mediası Avropa dəyərlərinə təhlükə hesab edilir
Avropa parlamentinin Strasburqda keçirilən sessiyasında Kremlə yaxın media qurumlarının informasiya siyasətinə qarşı  tədbirlər müzakirə olunur.
 
Musavat.com-un Rusiyanın “Nezavisimaya qazeta” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə təqdim olunan qətnamə layihəsində Rusiya mediası ənənəvi Avropa dəyərlərinə təhdid olaraq təqdim edilir.
 
Köhnə qitənin təmsilçiləri bu səbəbdən öz media resurslarının maliyyə və siyasi dəstəyə ehtiyac duyduğunu dilə gətiriblər.
 
Təbliğat və əks-təbliğatla bağlı  təqdim olunan məruzədə Moskvanın Krımın işğalından və Donbasda apardığı hibrid müharibəsindən sonra Avropa Birliyi ilə münasibətlərini pisləşdirdiyi və Avropa dəyərlərinə qarşı təbliğat kampaniyasına başladığı qeyd olunur.
Sənəddə Kremlin informasiya siyasətinin təkcə Rusiyanın deyil, həm də Avropa Birliyinin özünün ictimai fikrinə ciddi təsir göstərdiyi etiraf olunur.
 
Bundan başqa, məruzədə Rusiyanın informasiya maşınının “Şərq tərəfdaşlığı” ölkələrinə daxil olan Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Ukrayna və Moldova kimi ölkələrdə daha təsirli olduğu bildirlir.
 
“Bu ölkələrdə milli media olduqca zəifdir və Rusiya mediası qarşısında tab gətirə bilmir”, - sənəddə yazılıb.
 
Картинки по запросу европарламент
 
Məruzənin müəllifləri Rusiya təbliğatının Avropa Birliyinin daxili bütünlüyünü təhdid altına qoyduğunu qeyd ediblər. Bundan başqa, Kremlin Avropa Birliyi ilə əlaqələrdən Birliyin zəifliyini nümayiş etdirməkdən ötrü istifadə etdiyi vurğulanır.
 
Məruzədə qeyd edildiyi kimi, Rusiya hökuməti özünü xristian dəyərlərinin yeganə dayağı olaraq göstərməkdən ötrü “rus dünyası” kimi terminlərdən, analitik mərkəzlərdən (Rossotrudnuçestvo”), çoxdilli mediadan (Russia Today və Sputnik) uğurla istifadə edir.
“Bu cür strategiya Avropa Birliyinin zəifləməsinə və bölünməsinə yönəlik kampaniyanın tərkib hissəsidir”, - sənəddə deyilir.
 
Yeri gəlmişkən, sənəddə yalnız Rusiyaya deyil, İŞİD-in də qara piarına qarşı dayanmağın zərurəti göstərilib. Doğrudur, bəzi deputatlar bu cür analogiyanı doğru hesab etmədiklərini bildiriblər. Avropa parlamentinin deputatı Xavyer Kouso İŞİD-lə Rusiyanın eyniləşdirilməsinin məsuliyyətsizlik olduğunu söyləyib. 
 
Avropa Parlamentinin “Avropa uğrunda Liberal və demokratların alyansı” fraksiyasının deputatı Pyartas Auştruaviçus “Kremlin Avropa siyasətini öz maraqlarına görə yönləndirməkdən ötrü, beyinlərin yuyulması və dezinformasiya ilə məşğul olan media və digər institutların inkişafı üçün milyardlarla pul xərclədiyini qeyd edib.
 
Deputatın bildirdiyinə görə, Rusiya təbliğatı ilə mübarizənin uğuru rus KİV-ində gedən yalanları ifşa edən resursların siyasi və maliyyə dəstəyindən keçir.
 
Bu cür resurslardan biri də Kreml tərəfindən yönəldilən dezinformasiyaların analizi ilə məşğul olan East Stratcom-dur.
 
Bundan başqa, Rusiyanın qara piarına qarşı Avropanın öz rusdilli medyasının yaradılması nəzərdə tutulur. Başqa sözlə, Rusiyadan gələn təbliğata Avropa əks-təbliğatla cavab verəcək.
 
Ukraynanın stopfake.org layihəsinin təsisçisi Yevgeni Fedçenkonun sözlərinə görə, Avropa, nəhayət, “Kreml təbliğatı” deyilən məfhumu qəbul edib və ona qiymət verib.
Fedçenko bu cür fəaliyyətlə məşğul olan media quruluşlarının, habelə ayrı-ayrı jurnalistlərin siyahısının tutulmasının, həmçinin Rusiya xaricində aparılan qara piarın maliyyələşdirilməsinin monitorinqinin aparılmasının zəruriliyini vurğulayıb.
 
Картинки по запросу российская пропаганда
 
Fedçenko ictimaiyyətin ona yönəldilən informasiyanın əslində hansı mahiyyəti daşıdığını bilməsi üçün bu tip təbliğat xarakterli informasiyaların məhdudlaşdırılması, heç olmasa işarələnməsinin vacibliyini vurğulayıb. Ukraynalı ekspert həmin  işdə facebook, Google və twitter kimi media şirkətləri ilə əməkdaşlığın yararlı olacağını söyləyib.
 
“Bu reklam verən şirkət və qurumlara da aiddir. Onlara belə təbliğat yönümlü KİV-lərdə reklam vermələrinin zərərli olduğunu başa salmaq lazımdır”, - Fedçenko qeyd edib.
Rusiya-Polşa dialoq mərkəzinin analitiki Olqa İrisova da bu cür qətnamənin qəbul edilməsinin və aktiv ümumAvropa kampaniyasının aparılmasının vaxtının çoxdan yetişdiyini bildirib. “Kreml Qərb mediasına həm birbaşa (Russian Today, Sputnik) həm də, öz “troll”ları və pulla tutulmuş “ekspertlər” vasitəsilə daxil olaraq Rusiya hakimiyyətinə lazım olan mesaj və məlumatları beyinlərə yeridir”, -İrisova qeyd edib.
 
Məsələn, yalnız 2014-cü ildə Çexiya və Slovakiyada Kremlə yaxın 100-dən çox sayt peyda olub. 
 
“Buna görə də azadlığın qeyri-azadlıqdan hansı cəhətlərə görə daha yaxşı olduğunu daima əhaliyə xatırlatmaq lazımdır”, - ekspert izah edib.
Cia.az