Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumdan iki aya yaxın vaxt ötür. Referendumdan sonra ölkə daxilində iqtisadi və siyasi sahələrdə, idarəetmədə ciddi dəyişikliklərin olacağı gözlənilirdi. Amma bu gözləntilər hələ də reallaşmayıb.
Xüsusilə yeni təsis olunan vitse-prezidentlik institutunun tətbiqinə start verilməyib. Referendumun tələb etdiyi dəyişikliklərin nə vaxt reallaşacağı məlum deyil.
İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, vitse-prezidentlərin təyinatı konstitusion tələbə çevrilib: “Cəmiyyətdə bu gözləntinin olmasının özü belə müsbət haldır. Hökumətin son dövrdə atdığı addımlar əhalinin maraqlarını tam ödəmədi; manatın dollar qarşısında yenə də öz mövqeyini itirdiyi, ölkənin bir sıra göstəricilərinin aşağı düşdüyü bir dönəmdə vətəndaşlar struktur dəyişiklikləri ilə yeni kadrların siyasi elitaya gətirilməsini ən mühüm yollardan biri hesab edirlər. Əhalinin yanaşması bir sıra idarəetmə orqanlarının fəaliyyətini qiymətləndirmək baxımından bizim üçün önəmli olmalıdır.
Bu gün vətəndaşların iqtisadi-maliyyə ilə bağlı narazılıqları var. Sahibkarlığın inkişafı ilə bağlı görülən işlər yetərli deyil. O biri tərəfdən, ölkənin bir sıra məhsullar üzrə idxaldan asılılığını azaltmaq mümkün olmayıb. Belə olan təqdirdə vitse-prezidentlərin təyinatı daha çevik qərarlara kömək edəcək. Referendumdan öncə bu kursu həmin konstitusion maraqları müdafiə edən hər kəs bu məqamlara istinad edirdi. Onlar bunun gerçəkləşməsini arzulayırlar. Düşünürəm ki, ölkə başçısının bu məsələlərlə bağlı atacağı addımlar üçün müəyyən zaman keçimi var.
Dəyişikliklər ayrı-ayrı strukturların birləşdirilməsi ilə olacaqmı, yaxud hökumət daxilində hansısa dəyişikliklər ola bilərmi, hansısa nazirliklər ləğv ediləcəkmi - bu kimi sualların hamısına cavab vermək çox çətindir.
Çünki bunlar dövlət başçısının səlahiyyətində olan məsələdir. Amma düşünürəm ki, bunlar reallaşacaq. Vitse-prezidentlər öz-özlüyündə ümumi bir hökumət və dövlət rəhbərliyi arasında vasitəçi sima olaraq düşünülmür. Hər halda, ilkin məlumatlarda 6-ya qədər vitse-prezidentin olacağı söylənilir. Belə olan təqdirdə elə bir model seçilməlidir ki, Nazirlər Kabineti ilə səlahiyyətlər bir-birini təkrarlamalı olmasın. Düşünürəm ki, administrasiyanın bir sıra səlahiyyətləri artırılmalıdır.
Ona adekvat olan hökumət strukturlarına ehtiyac yoxdur. Hesab edirəm ki, vitse-prezidentlərin təyinatı dövlət başçısının bu idarəetmə sistemindəki islahatların tərkib hissəsi kimi görünür. Bir neçə şəxsin qərarının verilməsi bu problemləri aradan qaldırmayacaqsa, vətəndaşların gözləntiləri qaneedici sonluqla nəticələnməyəcək. İstədiyimiz nəticələri də ala bilməyəcəyik. Hazırda əsas məsələ çağırışları düzgün dəyərləndirməkdir. Bu gün neftdən kənar iqtisadiyyatın inkişaf etdirilməsindən danışırıqsa, fəal şəkildə cəmiyyətlə birlikdə işləmək lazımdır. Məmurlar vətəndaşlar qarşısına çıxmalıdırlar. Bir neçə ekspertin fəaliyyəti əsasında maliyyə, kredit məsələlərinin həllini, yaxud vətəndaşla dövlət münasibətlərinin izah olunmasını gözləmək olmaz. Bu mərhələdə dövlətin üzərinə böyük yük düşür”.
Deputat hesab edir ki, vitse-prezidentlərin təyinatı gələcək hökumətin görüntüsünü cəmiyyətə təqdim edəcək: “Başa düşməliyik ki, iki il sonra prezident seçkiləri olacaq. Hər bir halda ölkədə bu gün milli lider olaraq İlham Əliyevin həm ölkə daxilində, həm də xaricində güclü şəxsiyyət kimi qəbul olunduğu sirr deyil. Bugünkü atılan addımlar gələcək siyasi uğurların davamıdır. Eyni zamanda İlham Əliyevin gələcək siyasi komandası da, icra modeli də mühüm rol oynamalıdır. Bu məsələyə bir neçə şəxsin adının məlum olması kimi yanaşmıram. Düşünürəm ki, bu dövlətçilik və idarəçilik hadisəsinə çevrilməlidir. Dəyişiklərin hansı hadisələrlə nəticələnəcəyi önəmlidir. Zənn edirəm ki, ölkə başçısı dövlətin gələcəyini hamıdan daha artıq dərəcədə sabit, təhlükəsiz və inkişaf edən bir modeldə görmək istəyən lider kimi bunlara daha çox yaxındır, doğmadır. Verilən qərarları digər həyata keçirilən tədbirlərlə bərabər görəcəyik”.
Cia.az
