|
Bayram Səfərov: “Abır-həya yaxşı şeydir”
Ötən həftə ərzində Qarabağla bağlı müzakirələr sarıdan “məhsuldar” oldu. Azərbaycan tərəfin verdiyi mesajlar, eyni zamanda ordumuzun cəbhəboyu genişmiqyaslı təlimləri düşməni hərəkətə keçməyə və sonucda Serj Sərkisyanı hiyləgərcəsinə “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” açıqlamasını səsləndirməyə vadar etdi. 
 
Bəs, bundan sonrakı proseslərdən nə gözləyək, sualına cavab aramağa çalışdıq. Müsahibimiz Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovdur. Söhbətimizdə başqa məsələlərdən, həmçinin 20 noyabr faciəsindən də danışdıq: 
 
- Bayram müəllim, yəqin ki, Serj Sərkisyanın müsahibəsini oxudunuz. Burada hiylə də hiss olunur, məkr də, yalan da. Qənaətiniz maraqlıdır, ermənilərin planı, məqsədi nədir, nə istəyirlər? 
 
- Əslində Sərkisyanın müsahibəsi, yaxud məqsədi məni maraqlandırmır. Ermənistan bizdən heç nə istəyə bilməz. Biz öz torpaqlarımızı tələb edirik. Onlara da hər zaman deyilib ki, köhnədən Qarabağda yaşayan ermənilər istəsələr, yenə yaşamaqda davam edə bilərlər. Ancaq Azərbaycanın qayda-qanunlarına, konstitusiyasına, Azərbaycan xalqına hörmət etməklə. 

- Deyirsiniz ki, Sərkisyanın dedikləri sizi maraqlandırmır. Amma istənilən halda işğalçı ölkənin rəhbəridir və danışıqlarda tərəf olaraq iştirak edir. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməklə birgə Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetməsindən danışıb. Belə olan halda çıxış yolunu nədə görürsünüz?
 
- Azərbaycan prezidenti demişdi ki, biz Dağlıq Qarabağa muxtar respublika statusu verə bilərik. Daha Qarabağ ermənilərinə bundan artıq güzəşt olmaz. Sərkisyan növbəti dəfə ölkəsindəki narazılıqlardan, acınacaqlı sosial durumdan diqqəti yayındırmaq üçün belə manevrlər edir. Bu saat o qədər erməni var ki, Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycanda yaşamaq istəyir. Yəni ermənilərin içində ağlı başında olanlar da var, hamısı şovinist deyil ki. Vaxtilə onlarla bir yaşamışıq, başqa əlacımız yoxdur, yenə də bir yerdə yaşamalıyıq. 
 
Ona görə də dəfələrlə deyilib ki, ermənilər bizimlə bir yerdə yaşaya bilərlər, lakin Azərbaycan bayrağının altından keçmək şərtilə Sərkisyanın nə deməyi ikinci dərəcəli məsələdir. Sərkisyan növbəti dəfə öz vəzifəsinə, öz taleyinə görə növbəti dəfə erməni xalqının fikrini çaşdırmaq istəyir ki, mən belə dedim, Azərbaycanın reaksiyası filan oldu. Əgər Ermənistanın prezidenti Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda ərazilərimizin işğalına son qoysun. Bütün dünya Azərbaycanın  ərazi bütövlüyünü tanıyır. Deməli, biz nə vaxt istəsək, torpaqlarımızı azad edə bilərik. Qərarı möhtərəm prezidentimiz verəcək. 
 
Möhtərəm prezidentimiz sülh yoluna üstünlük verir, xalq da dəstəkləyir. Bəli, mən də istəmərəm ki, anaların, bacıların gözüyaşlı, uşaqlar atasız qalsın. Amma həmişə prezidentimiz qeyd edir ki, sülh yolu nəticə verməzsə, başqa variantlar var. Hesab edirəm ki, başqa variant lazım olanda Azərbaycan öz sözünü deyəcək. Sərkisyan bilir ki, vəzifədən gedəndən sonra onun vəziyyəti yaxşı olmayacaq. Prezident kürsüsündə oturması onu xilas edir. Ona görə də kürsüsündən bərk yapışıb. Çünki o, özü boynuna alıb ki, mən azərbaycanlıların qətlə yetirilməsində, ərazilərin işğalında iştirak etmişəm. Zaman gələndə bütün bunlara görə, günahsız insanların ölümünə görə cavab verməli olacaq. 
 

“Qarabağ ermənilərinə bundan artıq güzəşt olmaz”

 
- Amma eyni cinayətlərə yol verən keçmiş prezident Robert Köçəryan cavab vermədi...

- Bəli, Köçəryanla Sərkisyanın heç bir fərqi yoxdur. Hər ikisi separatçı rejimin rəhbərləri olub, Azərbaycan xalqına qarşı cinayət törədiblər. Ancaq şübhəm yoxdur ki, zamanı gələndə hər ikisi cavab verəcək. 
 
- Sərkisyan Azərbaycan dilində danışa bildiyini deyib. Vaxtilə sizin onunla təmasınız olubmu? 
 
- Yox, mənim onunla təmasım olmayıb. Mən onu elə-belə, bir komsomol işçisi kimi tanımışam. 1990-cı ilə qədər mən onun çox da sayılan adam olduğunu görməmişəm.  
 
- Söhbətimiz Qarakənd faciəsinin 25-ci ildönümünə təsadüf etdi. 1991-ci ilin 20 noyabr hadisəsini necə xatırlayırsınız? Həmin xəbəri harada eşitdiniz?
 
- Yaxşı yadımdadır. Allah şəhid olanların hamısına rəhmət eləsin! Mən həmin gün Ağdamda idim. Qarakənd səmasında baş verən faciə barədə də orda eşitdim. Şuşa camaatı ilə birgə onların cənazə törənində, dəfnində iştirak etmişəm. Hər il  də onların anım mərasimində iştirak edirik. 

- Hadisə barədə müəmmalar hələ də qalmaqdadır, müxtəlif iddialar səslənir. Necə olub ki, Azərbaycanın rəhbər şəxsləri bir vertolyota minib təhlükənin üstünə gediblər? 
 
- Mənim bundan belə bu barədə nə isə deməyim, bunun səhv, ya düz olduğunu deməyimin mənası yoxdur. Çünki o, mənim işim deyil. Şübhəm yoxdur ki, vertolyot ermənilər tərəfindən vurulub. Lakin helikopterə bu qədər dövlət adamı minmişdi, gərək buna yol verilməyəydi. Orada bizim arxayınçılığımız olub və erməni separatçıların bu qədər vəhşilik edə biləcəyini gərək nəzərə alaydıq.  Rəhbərlik gərək buna yol verməyəydi. 

- Həlak olan şəxslərdən kiminlə münasibətiniz, yaxından  təmasınız var idi?
 
- Bir neçəsi ilə şəxsi tanışlığım var idi. Allah rəhmət eləsin, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərovu, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İqor Plavskini, deputat Zülfü Hacıyevi şəxsən tanıyırdım. 

- Sizdəmi o fikirdəsiniz ki, 20 noyabrda siyasi elitanın təmsilçiləri həlak olmasaydı, Qarabağ torpaqlarının taleyi indiki kimi olmazdı? 
 
- Vallah, onu dəqiq deyə bilmərəm. Amma onlar hamısı Qarabağa vaxtaşırı gəlirdilər. Mən onda “Azərittifaq”ın İdarə Heyətinin üzvü, Şuşa rayon İstehlak Cəmiyyətinin sədriydim. Dağlıq Qarabağın bütün Azərbaycan kəndlərinin gündəlik tələbat malları ilə təmin olunması ilə məşğul idim. Mənim o şəxslərin hamısı ilə dəfələrlə görüşüm olub. Məhəmməd Əsədovdan tutmuş, digərlərinə qədər hamısı ilə salam-kalamımız olub. Amma biz o dərəcədə ehtiyatsızlıq etməməliydik. Bu, bizim səhvimiz olub. 
 
- Bakıya gələn ermənilərdən biri Azərbaycan prezidentinə müraciət edib vətəndaşlıq istədi. İcma rəhbəri kimi bu barədə nə deyə bilərsiniz? 
 
- Şübhə etmirəm ki, bu niyyətdə olan ermənilərin sayı çoxdur. Amma orda yaşaya-yaşaya bu mövqeni elan etmək onlar üçün qorxuludur. 
 
- Azərbaycan işğal altındakı erməni vətəndaşlarını bu qorxudan xilas etmək üçün ciddi təbliğata, ardınca isə əməliyyatlara başlaya bilərmi?
 
- Bəli, əlbəttə, mümkündür. Hətta möhtərəm prezidentimiz aprel hadisələrindən sonra demişdi ki, mən heç erməni anaların da ağlamasını istəmirəm. Ermənistan rəhbərliyi Qarabağa əsgər göndərir və onlar burada ölürlər. Əlbəttə, bizim hüququmuz var ki, seçim edib Azərbaycanda yaşamaq istəyən, Azərbaycan bayrağının altına keçən ermənilərə normal yaşayış imkanları vəd edirik. Gəlsinlər yaşasınlar, amma şərtimiz şərtdir, Azərbaycan bayrağının altından keçsinlər, qayda-qanunlarımıza hörmət etsinlər.  
 
- Bakıya gələn ermənilərlə təmasınız oldumu?
 

 “Qarakənd faciəsi baş verəndə Ağdamda idim; Məhəmməd Əsədovdan tutmuş, digərlərinə qədər hamısı ilə salam-kalamımız olub”

 
- Xeyir, biz görüşmədik. Bunlar gəlib müasir Azərbaycanın inkişafını, insanların durumunu, ölkəmizin nəyə qadir olduğunu gördülər. Ermənistanda nə var? 
 
- Amma onların fikrincə, bu münaqişənin arxasında Rusiya dayanır. Siz icma rəhbəri və elə erməni tərəfini yaxşı tanıyan şəxs kimi bu barədə nə deyə bilərsiniz? 
 
- Əlbəttə, bu proseslərin arxasında erməninin dayanmadığını indi yox, hələ 1988-ci ildən bilirəm. Bu, bəlli məsələdir. Bu proseslərin arxasında Rusiya da dayanır, Fransa da, Amerika da. Əlbəttə ki, onlar Azərbaycanın müstəqilliyini istəmirlər. Amma ulu öndərimizin qurduğu dövlət onun varisi tərəfindən idarə olunur. Hansı ölkənin vətəndaşı bura gəlirsə, Azərbaycanın inkişafını görür, etiraf edir. Bakının çilçırağa dönməsini gecələr hər birimiz müşahidə edirik. 
 
- Bunlar ayrı söhbətin mövzusudur. Rusiyanın Ermənistanla birgə qoşun yaratmasına münasibətiniz necədir? 
 
- Bu, yeni məsələ deyil ki. Rusiya illərdir Ermənistana dəstək verir. Əlbəttə ki, mən bunu pisləyirəm. Rusiya ordan deyir ki, mən sülhün yaranmasını, hər iki dövlətin rəhbərlərinin razılığa gəlməsini istəyirəm, bu tərəfdən də Ermənistanla birgə ordu yaradır. Əlbəttə, mən bir qarabağlı, bir şuşalı kimi Rusiyanın addımını pisləyirəm. Amma bu da onun hüququdur, erməniyə də silah sata, ya pulsuz verə bilər. Bu, onun vicdanından asılı məsələdir. 
 
- Son vaxtlar məcburi köçkünlərin bəzi güzəştlərinin ləğvi barədə məlumatlar yayılır...
 
- Vallah, hələ ləğv olunan bir şeylər yoxdur. Ara sözlərinə münasibət bildirməyim doğru olmaz. Hər halda ötən 23 ildə dövlət tərəfindən məcburi köçkünlərə və qaçqınlara mütəmadi dəstək  olub. Bu gün dəstək varsa da, sağ olsunlar, yoxdursa da. Mən hesab edirəm ki, məcburi köçkünlər onu normal qəbul edəcək. Bəli, çətinliklə yaşayanlar var, amma bu, elin işidir. Ölkə rəhbərinin qəbul etdiyi qərarı bizim müzakirə etməyimizə ehtiyac yoxdur. Çünki ölkə rəhbəri hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşır. 
 
O müavinət kəsilərsə, başqa bir yerdən yəqin ki, bu insanlara onu əvəz edə biləcək şərait yaradılacaq. Amma əlbəttə ki, bunun bir sonu olmalıdır. Bu da ərazilərin qaytarılmasından keçir. Qaçqın və köçkünlər arasında dolanışıq sarıdan problemi olanların sayı çox azdır. Ancaq bu adamların mənzilə ehtiyacı var. Mənzillə təmin olunandan sonra bu adamlara nə güzəşt lazımdır, nə başqa şey. Çünki onlar hamısı qoçaq adamlardır, çalışırlar. Hətta özlərinə gözəl şərait, biznes quran adamlar var, Allah artıq eləsin.  
 

“Rusiya bir yandan deyir sülh yaransın, o biri yandan Ermənistanla birgə ordu yaradır” 

 
- Bayram müəllim, ərazilərin işğalından keçən müddətdə dünyasını dəyişənlər oldu, artıq yeni nəsil formalaşır. Hətta bədxahlarımız ümid edir ki, nəsil dəyişməsi torpaq işğalını unutduracaq. Siz bu narahatlığı yaşayırsınızmı? 
 
- Şəxsən mən heç bir narahatlıq hiss eləmirəm. Vaxtaşırı Qarabağ əhalinin hamısı ilə görüşürəm, təkcə Dağlıq Qarabağdan olanlarla yox, bütün qarabağlılarla. Mən bu müddətdə əhalimizin içində Qarabağı yaddan çıxaran adam görməmişəm. Odur ki, mən 100 faiz yox e, min faiz əminəm ki, bu insanlar torpaqlarımız azad olunandan sonra Dağlıq Qarabağ daxil, bütün ərazilərimizə qayıdacaqlar. 
musavat