|
Qərbin İslam dünyasına qarşı “İŞİD kartı”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Qərb ölkələri İslamı gözdən salmaq üçün İŞİD terror qruplaşmasını dəstəkləyir. Pakistan parlamentində çıxışı zamanı Ərdoğan İŞİD-in İslam dininə heç bir aidiyyətinin olmadığını deyib, eyni zamanda əlavə edib ki, Türkiyə bu terror təşkilatına qarşı mübarizəni davam etdirəcək. 

Türkiyə prezidentinin bu iddiası Qərb mediası tərəfindən geniş tirajlanıb. Onun Qərb ölkələrini dünyanın bir nömrəli terror təşkilatının arxasındakı qüvvə elan etməsi ciddi rezonans doğurub və yəqin ki, növbəti siyasi qalmaqala səbəb olacaq. 
 
O ki qaldı iddianın özünə, öncə ondan başlayaq ki, bu iddia yeni deyil. Məsələ ondadır ki, indiyədək bir sıra dövlətlər İŞİD-lə əlaqələndirilib. Məsələn, 2014-cü ildə İŞİD İraqın az qala yarısını işğal edəndə İraq parlamenti deputatları İŞİD-in ABŞ ordusu tərəfindən dəstəkləndiyi, Qərb aviasiyasının İŞİD-ə yardım daşıdığı haqda iddialar irəli sürəndə Türkiyənin o zamankı baş naziri İŞİD-i “qəzəblənmiş sünni gənclər” adlandırmışdı. Daha sonra İran və Rusiya mediası Türkiyə hakimiyyətini İŞİD-i dəstəkləməkdə ittiham etdi. Eyni zamanda Türkiyə mediası İŞİD-in İran, Suriya və Rusiya hakimiyyətləri tərəfindən dəstəkləndiyinə dair iddialar ortaya atıb. Bunlarla yanaşı, İŞİD-in ABŞ tərəfindən, Pentaqon generalı Devid Patreusun İraqdakı Amerikan ordusuna rəhbərlik etdiyi zaman yaradılması iddiaları olub. ABŞ rəsmiləri etiraf ediblər ki, 2012-ci ildə İordaniyada təlim keçdikləri “cihadçıların” sonradan İŞİD üzvü olduğunu biliblər. 
 
Image result for ISIS Nusra
 
İŞİD-i yaradan ölkə kimi adı hallanan daha bir dövlət İsraildir. İsrail dövlət rəsmilərinin çıxışları və üzə çıxan gizli yazışmalara əsasən, Yaxın Şərqdə xaosun davam etməsi yəhudi dövlətinin maraqlarına cavab verir, ərəblərin, necə deyərlər, başları özlərinə qarışır. İŞİD-i yaratmaqda günahlandırılan digər dövlət Böyük Britaniya hesab olunur. Bir neçə mənbələr İŞİD-in ortaya çıxmasında Britaniya xüsusi xidmətlərinin rolu olduğunu iddia edirlər. Bundan başqa, Qətər, Səudiyyə Ərəbistanı həm ideoloji yaxınlıq, həm də siyasi-strateji maraqlarının olması (Suriya və İraqda İranı sıxışdırıb özlərinə yaxın qüvvələri hakimiyyətə gətirmək baxımından) onların da zaman-zaman İŞİD-i yaradan və ya dəstəkləyən dövlətlər olaraq adlarının hallanmasına səbəb olub. Fakt odur ki, son bir neçə ildə İŞİD siyasi spekulyasiya mənbəyinə çevrilib. 
 
Bəs əlahəzrət fakt nə deyir?

Image result for ISIS Nusra
 
Fakt faktlığında qalır ki, adətən bu cür terror qrupları və ya silahlı təşkilatların arxasında gizli dəstəkçi dövlətlər olur. Çünki bu qrupların yerləşdiyi bölgələrdə istənilən halda maraqlı dövlətlər var və bu durumdan onlar da yararlanır. Məsələn, 2014-cü ilin əvvəlində Suriyanın şimalında silahlı qruplar arasında savaş başlayanda Bəşər Əsəd ordunu Türkiyə-Suriya sərhədindən geri çəkdi. Çünki birincisi ordunun müqavimət gücü yox idi, ikinci və ən əsası da artıq orda İŞİD və digər silahlı qruplar arasında nüfuz savaşı başlamışdı və Əsəd üçün ən münasib olan ordunu geri çəkib İŞİD və "Nusra" kimi radikal qrupların bir-biri ilə savaşmasına tamaşa etmək idi. 
 
Belə də oldu və ordu çıxdıqdan sonra başlayan savaşda İŞİD qalib gələrək digər qrupları əzdi. Və yaxud 2014-cü il iyun ayında İŞİD Mosul da daxil olmaqla, İraqın böyük bir ərazisini işğal edəndə amerikalılar və müttəfiqləri sevincli idi. Çünki İranın təsiri altında olan Maliki hökuməti zəif düşmüş və faktiki olaraq məğlub olmuşdu. Bu prosesdə İŞİD Qərbin İrana qarşı edə bilmədiyini etdi. 
 
Bu mənada İŞİD-in silahlanması, maddi gəlir əldə etməsi, dünyanın ən varlı terror təşkilatına çevrilməsi və eləcə də gizli neft satışı, antik əşyaların Avropa qara bazarlarına çıxarılmasında bir çox ölkələrin xüsusi xidmətlərinin ən azından göz yumması faktları olub. Çünki yuxarıda da qeyd elədiyimiz kimi, bu proses müxtəlif vaxtlarda fərqli dövlətlərin maraqlarına xidmət edib. Təbii ki, bu mərhələdə ən bariz görünən tərəflərdən biri Qərbdir.
 
Bu mənada Türkiyə prezidenti haqlıdır. Qərb bölgəni yenidən qarışdırmaq, sərhədləri yenidən çəkmək üçün İŞİD və onun kimi qruplardan istifadə etmək istəyib. Qərbin hansısa ölkəsinin, xüsusi xidmətlərinin və ya biznes quruluşlarının bu qaranlıq proseslərdə iştirakı tamamilə realdır. 
 
Image result for ISIS

Qərb İslamı gözdən salmaq istəyir? 
 
Son illərin ən geniş yayılmış frazası budur: Qərb İslamı gözdən salmaq üçün rəy formalaşmağa çalışır ki, İslam radikalizmi, terroru dəstəkləyir, terror təşkilatları yaradır. Əlbəttə, bu iddialarda müəyyən həqiqət payı var. Yuxarıda sadaladığımız səbəblərdən Qərbin də bu regiondakı maraqlarını reallaşdırmaq üçün bu və ya silahlı qrupu, terror təşkilatlarını dəstəkləməsi faktları var. Heç şübhəsiz ki, Qərbdə İslamı özlərinə rəqib sivilizasiya olaraq görən mühafizəkar qruplar var. Bu cür qrupların İslama qarşı gizli savaş açması mümkündür.
 
Amma ortada bir acı həqiqət də mövcuddur: müsəlman ölkələri özləri də hansısa birlik, bütünlük, İslam sivilizasiyası deyilən bir anlayış ortaya qoya bilməyiblər. Müsəlman aləminin xarici təsirlərə qarşı “immuniteti” o qədər zəifdir ki, kənardan istənilən “virus” ona rahat yoluxa bilir. Parçalanmış, bölünmüş, dini dəyərlərin siyasi iqtidarlar əlində vasitəyə çevrildiyi müsəlman dünyasının nəinki xarici təsirlərə qarşı dayanmaq immuniteti yoxdur, öz içərisində belə fikir sabitliyi əldə edə bilmir. Bu səbəbdən indi İslam düşmənlərini tamamilə xaricdə axtarmaq fikirləri çox ciddi arqument kimi görünmür.
Cia.az