Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi olub. Modern.az saytının əldə etdiyi məlumata görə, Elnur Aslanov nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb. Nazirliyin mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, Elnur Aslanovun özü işdən çıxmaq haqqında ərizə yazıb və o, həmin ərizə əsasında vəzifədən azad edilib.
E.Aslanovun hələ avqust ayından işə çıxmadığı məlum idi. Mediada ayyarım əvvəl yayılan xəbərlərdə E.Aslanovun nazirlikdən çıxmaq haqda istefa ərizəsi yazdığı, hətta ölkədən köçmək niyyətində olduğu bildirilirdi. İddia olunurdu ki, yeni nazir Ramin Quluzadənin adına yazdığı istefa ərizəsində E. Aslanov başqa bir beynəlxalq təşkilatda daha yaxşı şərtlərlə işləmək təklifi aldığını və bu səbəbdən də Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki vəzifəsindən istefa vermək istədiyini vurğulayıb.
Hələ o vaxt bununla bağlı xəbərlərə nazirlik rəsmiləri konkret cavab verməsə də, E. Aslanovun avqust ayının ortalarından məzuniyyətə çıxdığını və iki ay keçsə də, işinə dönmədiyini bildirmişdilər. E.Aslanov isə saytların birinə açıqlamasında işdən çıxmasından danışmamışdı, sadəcə, xaricə köçməsi haqda məlumatları təkzib etmiş, Bakıda və məzuniyyətdə olduğunu təsdiqləmişdi.

2007-ci ilin dekabrından 2014-cü ilin martınadək Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri işləmiş E. Aslanovun adı tez-tez “Hizmət” hərəkatının rəhbəri Fətullah Gülənə yaxın adamlar sırasında hallandırılırdı. Türkiyədəki bələdiyyə seçkilər ərəfəsi Fətullah Gülənin “Hizmət” hərəkatı ilə o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanın münasibətlərinin gərginləşməsi Azərbaycana da sirayət etdi.

Azərbaycan hakimiyyətində də nurçuların olması barədə informasiyalarda əsas fiqurantlardan biri kimi E.Aslanovun adı hallanırdı. E.Aslanov martın 17-də prezidentin sərəncamı ilə işdən çıxarıldı, onun rəhbərlik etdiyi şöbə isə ümumiyyətlə ləğv edildi.
Amma elə həmin ilin aprel ayının 1-də gözlənilmədən E. Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyinat aldı. Maraqlıdır ki, o zamankı nazir Əli Abbasov E. Aslanovu indi həbsdə olan nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun yaxın qohumu Elçin Zeynalovun yerinə gətirmişdi.

E.Aslanov PA-dan uzaqlaşdırılandan sonra onun anası Rəbiyyət Aslanova da 2015-ci il parlament seçkilərinə buraxılmadı. Belə ki, YAP-ın parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısından onun adı çıxarıldı. 109 saylı Balakən seçki dairəsindən deputat seçilən, parlamentdə İnsan haqları komitəsinə rəhbərlik edən Rəbiyyət Aslanova “partiyamız necə məsləhət bilir, elə də olur” deməklə məsələyə nöqtə qoydu.
Onun yerinə isə Nəsimi rayonunun keçmiş icra başçısı Nəsib Məhməliyev mandat aldı. İstisna deyil ki, R.Aslanova da Baklını tərk etsin.
Cia.az
