Gələn həftənin əvvəlində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brinkin Azərbaycana səfəri gözlənilir. Bu barədə “Turan”a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər. B.Brinkin ölkə rəhbərliyi ilə görüşləri olacaq. Görüşlər zamanı ikitərəfli əməkdaşlıq, təhlükəsizlik məsələləri , o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması diqqət mərkəzində olacaq.
Barak Obama hakimiyyətdə olduğu son 8 ildə Azərbaycanla ABŞ arasında əsasən soyuq münasibətlər olub. Doğrudur, bəzi zamanlarda hər iki ölkə arasındakı əlaqələrin istiləşdiyinin şahidi olmuşuq, lakin bunun ömrü o qədər də uzun olmayıb. Xüsusilə ötən ilin sonlarında ABŞ konqresmeni Kristofer Smit tərəfindən hazırlanan “Azərbaycan Demokratiya Aktı 2015" layihəsi hər iki ölkə arasındakı əlaqələrə ciddi zərbə vurmuşdu. Bu ilin əvvəllərindən başlayaraq, Azərbaycan tərəfi münasibətlərin müsbətə doğru dəyişməsi istiqamətində ciddi səylər göstərsə də, bunun o qədər də faydalı nəticələri olmadı. Son aylarda da münasibətlərdə soyuqluq nəzərə çarpır.
Bütün bunları önə çəkərək, siyasi ekspertlər xanım Brinkin ölkəmizə səfərini Obama administrasiyasının Azərbaycanla münasibətləri düzəlmək istiqamətində son cəhdi kimi qiymətləndirirlər.
Politoloq Elxan Şahinoğlu B.Brinkin Azərbaycana səfərini əhəmiyyətsiz hesab edir: “Obamanın hakimiyyəti dövründə bura göndərilən diplomatlar ciddi uğur qazanmadılar. Bunun obyektiv və subyektiv səbəbləri oldu. Qarşıdakı bir ayda Obama Ağ Evi tərk edəcək və yeni administrasiya formalaşacaq. Bu baxımdan, bu səfərin ciddi əhəmiyyət kəsb edəcəyini düşünmürəm. Əgər 8 ildə Obama administrasiyası Azərbaycanla münasibətləri düzəldə bilmədisə, son bir ayda nə edə bilər? Azərbaycan hakimiyyəti də buna ümid etmir. Güman etmirəm ki, həmin diplomatı Azərbaycan hökuməti isti qarşılasın və nəsə vədlər versin. Ola bilər ki, xanım diplomat ölkəmizə səfərində yeni vədlər verəcək və ABŞ-da formalaşmaqda olan yeni hakimiyyətin siyasəti dəyişməyəcəyini bildirəcək. Artıq hər kəs münasibətləri Tramp administrasiyası üzərində qurmağa köklənib. Heç kəs Obama hakimiyyəti ilə münasibətlər qurmaq istəmir. Hazırda Obamanın özü Avropa ölkələrinə səfər edir. Onun açıqlamalarına artıq ciddi əhəmiyyət verən yoxdur. Çünki Donald Tramp fərqli açıqlamalar verib. NATO ilə bağlı, eləcə də, Rusiya ilə dostlaşacağını deyib. Hamı gözləyir ki, o gəlib nə edəcək. Obama nə desə də əhəmiyyəti yoxdur, onsuz da bir ay sonra gedir. Bu baxımdan, Azərbaycana göndərilən diplomatın səfərindən nəsə gözləmək əbəsdir”.

Politoloq səfərin ABŞ seçkilərindən sonraya təsadüf etməsinə də toxundu: “Yəqin ki, bu diplomatları tək Azərbaycana deyil, bir çox ölkələrə göndərirlər. Mesaj da ondan ibarətdir ki, ”narahat olmayın, siyasət dəyişməyəcək". Hər ölkə Tramp hakimiyyəti ilə münasibətləri necə quracağı ilə bağlı baş sındırır, nəinki indiki Obama hakimiyyəti ilə. Belə səfərlər bəlkə də indinin özündə digər ölkələrdə də həyata keçirilir. Sadəcə, bizim məlumatımız olmaya bilər. Özü də Azərbaycana göndərilən diplomat elə də böyük statuslu diplomat deyil. Adətən ölkəmizə kimi göndərirlər? Müavinin köməkçisini, yaxud müavinin müavininin köməkçisini. Onlar nəyisə müəyyən edəcək şəxslər də deyillər. Sadəcə, verilən mesajları Azərbaycana çatdırırlar. Onların hansısa bir ideya ortaya qoymaq səlahiyyətləri də yoxdur. Bu cür diplomatları dünyanın müxtəlif ölkələrinə göndərirlər ki, münasibətlərdə fasilələr yaranmasın, yeni administrasiya hakimiyyətə gələnə qədər".
E.Şahinoğlu ABŞ-Azərbaycan münasibətlərinin çox zaman soyuq olmasında Rusiya amilini önə sürənlərlə razı deyil: “ABŞ-Azərbaycan münasibətlərinin soyuq olmasının başqa səbəbləri var. Son dövrlər hakimiyyət ehtiyat etdi ki, Amerika burada dəyişiklik etmək istəyir. Bu məqsədlə AzadlıqRadiosu, ABŞ-ın fondları qapandı. Tramp respublikaçıdır və respublikaçılar adətən geosiyasi maraqlardan çıxış edirlər. Düşünmürəm ki, Amerikanın yeni hakimiyyəti ölkəmizlə əlaqələrə ciddi önəm verəcək, Dağlıq Qarabağ məsələsinin həllində ciddi təkliflərlə çıxış edəcək.
Hər şey yenə də öz axarı ilə gedəcək. Yeganə müsbət amil o ola bilər ki, Azərbaycan qazının Avropaya çatdırılmasında ölkəmizə dəstək verilər. Azərbaycan hakimiyyətinin münasibətlərdə baxışı da dəyişə bilər. Çünki ölkə iqtidarının Obama və Klintona sərt münasibəti var idi. Trampla Azərbaycan yeni təmas nöqtələri qurmağa çalışılacaq. Ən böyük gözlənti o olacaq ki, Trampın 4 illik hakimiyyəti dövründə Azərbaycan prezidenti bir dəfə Vaşinqtona rəsmi səfərə dəvət ediləcək. Xanım diplomatın Bakıya gözlənilən səfəri və Obamanın xarici ölkələrdə olması köhnə administrasiyanın sağollaşması anlamını daşıyır. İnandırmağa çalışırlar ki, yeni hakimiyyətin siyasəti ABŞ-ın köhnə ənənəvi siyasətindən kənara çıxmayacaq. Açığı, belə səfərlər Trampa problemlər yaradır. Məsələn, Obama səfərlərində Trampın Amerikanın siyasətini dəyişməyəcəyini, NATO ilə bağlı dediklərini yerinə yetirməyəcəyini deyir. Amma bilmir ki, o necə siyasət yürüdəcək. Klintonun məğlubiyyətini hələ də Obama həzm edə bilməyib. Ona görə Trampın problemlərini artırmaq istəyirlər”.
