Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev noyabrın 16-da Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclasında iştirak edib. Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov AzərTAc-a müsahibəsində bildirib ki, MDB-nin yaradılmasının 25-ci ildönümünə həsr edilmiş iclasda ötən dövrdə görülən işlər, əldə olunan nəticələr və gələcək planlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müasir dövrdə müəyyən ölkələrin bir-biri ilə əlaqəli şəkildə fəaliyyətinin vacibliyini vurğulayan Prezident Administrasiyası rəhbərinin müavini deyib: “Bu gün beynəlxalq münasibətlər olduqca mürəkkəbdir, beynəlxalq aləmdə vəziyyət hər gün dəyişir. Bugünkü iclasın da mövzusu müasir dövrdə təhdidlər və çağırışlar, onlara qarşı mübarizə formaları idi. Yüksək səviyyədə təşkil olunmuş görüşdə bir çox vacib məsələlər operativ həllini tapdı. Çox mühüm əhəmiyyət kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparıldı. İclasda Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev çıxış edərək bütün məsələlərlə bağlı Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi, ölkəmizin müasir çağırışlara və təhdidlərə qarşı əlaqəli fəaliyyət göstərilməsinə hazır olduğunu bildirdi”.
MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclasında iştirakın və oradakı müzakirələrin Azərbaycan üçün hansı əhəmiyyət daşıdığı barədə “Yeni Müsavat”ın sualına cavabında deputat Zahid Oruc qeyd etdi ki, Azərbaycan MDB-nin müxtəlif formasiyalı təşkilatlarında əməkdaşlıq forumlarında iştirak etməsə də, təhlükəsizlik amilinə yüksək önəm verdiyindən hər zaman bu tədbirlərdə iştirak eləyib və iştirakımız ölkəmiz üçün əhəmiyyətlidir: “Ramiz Mehdiyev Azərbaycan hakimiyyətində yüksək vəzifə tutur, dövlət sirlərini bilir və ölkə rəhbərinin ən məxfi dairədə qəbul etdiyi qərarlarla yaxından tanışdır, Azərbaycanın regional və beynəlxalq miqyasda atdığı addımların həyata keçirilməsində iştirak edir. Ona görə də bu ranqda təmsilçimizin hər zaman təhlükəsizlik tədbirlərinə qatılması kifayət qədər konfidensial məxfi məlumatların dövlətlərarası səviyyədə mübadiləsini, müzakirəsini, birgə təhlilini mümkün edir. Xatırlayırsınızsa, eyni adlı tədbir bir neçə ay öncə Şimali Qafqazda keçirilmişdi və o zaman Rusiyanın xüsusi xidmət orqanlarının rəhbərləri bu məsələni fəal bir şəkildə qoymuşdular ki, ekstremizm, beynəlxalq terrorla Rusiyanın şimal hissəsini 1990-cı illərdəki kimi yenə hədəfə çevirməklə həm də region dövlətlərinin təhlükəsizliyinə zərbə vurmağa çalışırlar. Həmin tədbirdə də cənab Ramiz Mehdiyev iştirak edirdi və bu, o demək idi ki, Azərbaycan qətiyyən bunda maraqlı ola bilməz. Çünki sərhəd ərazilərində destabilliyin mövcud olması, ekstremizm, xüsusilə də bunun dini fanatizm vasitəsilə aparılması ayrıca götürülmüş halda bir ölkəyə zərbə vurmur. Düzdür, bugünkü dünya reallığı ondan ibarətdir ki, terror və ya antiterror mübarizələri də ölkələrin ayrı-ayrı əraziləri ələ keçirməsi, müxtəlif iqtisadi resurslara yiyələnməsinin bir alətinə çevrilib. Amma Azərbaycan terrora münasibətdə hər zaman kəskin mövqe tutub. Ona görə də düşünürəm ki, hörmətli Ramiz Mehdiyevin bu tədbirdə iştirakı ona imkan verir ki, Azərbaycan bölgədə cərəyan eləyən əsas informasiya axınlarının içərisində olsun”.

Deputat ölkəmiz üçün digər önəmli məqamların da olduğunu vurğuladı: “Azərbaycanın yerləşdiyi məkan müxtəlif qüvvələrin maraq hədəfindədir. Narkotrafik də, silah qaçaqmalçılığa da bu hövzədən keçmək istəyir. Xatırlayırsınızsa, bir müddət öncə Gürcüstan təhlükəsizlik qüvvələri tərəfindən erməni mənşəli şəxslər müxtəlif radioaktiv maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilmişdilər. Bu, onu sübut edir ki, Azərbaycanın işğal olunmuş əraziləri həmişə belə bir təhlükə mənbəyi olaraq qalmaqdadır. Düşünürəm ki, bu kimi məsələlər də hər zaman Azərbaycan tərəfindən belə görüşlərdə fəal bir şəkildə qaldırılır. O biri yandan, Azərbaycan müsəlman ölkəsidir və təəssüf olsun ki, Yaxın Şərqdəki terror qurumları özlərinin şəbəkələrinin müəyyən hissəsini məhz belə ölkələrdə yerləşdirməyə daha çox maraqlı olurlar. Bəllidir ki, xüsusilə Çeçenistandan çıxan minlərlə şəxs xilafət ordusu adı altında məhz müsəlman ölkələrində vuruşmaqdadır. Onlar digər dayaqlarını bizim ərazilərimizdən keçərək saxlamaq istəyirlər. Bu yaxınlarda DTX-nin bir neçə bu cür şəxsi ifşa etməsi də sübut elədi ki, bu problem qalmaqdadır. Rusiya əlaqələrinə və həmin məkanda fəal iştirakına rəğmən bu informasiyaların daha çox içərisindədir. Düşünmürəm ki, Moskva tərəfindən göz yumulsun ki, həmin qruplar Azərbaycana sızsınlar. Ona görə də MDB çərçivəsində haqqında söhbət gedən görüşləri Azərbaycan dövlətinin təhlükəsizlik maraqları baxımından çox əhəmiyyətli hesab eləyirik. Ümidvarıq ki, əksər məsələlər kameralar qarşısında müzakirə olunmur, özünün xarakterinə görə bu ətrafda müzakirələr yəqin ki, daha çox məxfi aparılır. Region dövlətlərinin baxışlarını, informasiyalarını, planlarını almaq baxımından bu cür tədbirlərdə iştirak çox əhəmiyyətlidir”.
