Baş prokuror Zakir Qaralovun Milli Məclisə göndərdiyi təkliflər geniş müzakirələrə səbəb olub. Təkliflərdə əsas diqqətçəkən məsələlərdən biri sosial şəbəkələrdə saxta profillərlə böhtan və təhqirə yol verən istifadəçilərlə bağlıdır. Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı qanunverici orqana təkliflər layihəsi təqdim edib.
Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Baş prokurorun təklifindən sonra əsas müzakirə olunan məsələ sosial şəbəkələrdə saxta profillər arxasında gizlənən şəxslərin aşkara necə çıxarılması ilə bağlıdır. Müzakirələrdə iştirak edənlər arasında ikitirəlik yaranıb. Bir qisim hesab edir ki, saxta profil istifadəçilərini Azərbaycanın hüquq-mühafizə orqanları asanlıqla üzə çıxaracaqlar. Amma digər bir qisim də belə şəxslərin ifşa olunmalarının çətin olduğunu düşünürlər.
Bu təklifin baş prokuror tərəfindən parlamentə göndərilməsini müxtəlif səbəblərlə izah edirlər. Son illərdə saxta profil istifadəçilərinin böhtan xarakterli xəbərlərinin, yüksək postlarda çalışan şəxslərin təhqir olunma hallarının artdığı və buna görə də, önləyici tədbirlər almaq üçün belə bir təklifin parlamentə təqdim olunduğu vurğulanır. Bundan sonra internet məkanında saxta profillərin azalacağı və belə profillər yaratma hallarının getdikcə sıfıra doğru gedəcəyi proqnozlaşdırılır.
Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev bildirdi ki, baş prokurorun təklifinin bir sıra səbəbləri var:“Dezinformasiya xarakterli belə xəbərlər əsasən saxta profillər vasitəsilə yayılır. Cinayət işi qaldırmaq üçün obyektiv və subyektiv tərəf olmalıdır. Yəni cinayət işi qaldırmaq elə də asan məsələ deyil. Deputat Çingiz Qənizadə də bu məsələ ilə bağlı məlumat yaydı. İlk növbədə, bunun məramını, məqsədini aydınlaşdırıb, sonra onlar barəsində cinayət işindən söhbət gedə bilər. Fikir əslində çox normaldır. Son zamanlarda terror təşkilatlarına cəlb etmələr də bəzən sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Bu gün internet elə bir aktiv məkandır ki, orada bütün məsələlərə diqqət yetirilir. Dövlətçiliyə, hər hansı bir vətəndaşa əgər sosial şəbəkələrdə saxta profillərlə təhdidlər olursa, bunun qarşısı dərhal alınmalıdır. Bu baxımdan, hesab edirəm ki, bu məsələnin ortaya çıxması zərurətdir”.
Ekspert sosial şəbəkələrdə saxta profillərin aşkara çıxarılmasının çətin olduğunu da qeyd etdi:“Düşünürəm ki, bu məsələləri hüquq-mühafizə və təhlükəsizlik orqanlarının, eləcə də Rabitə Nazirliyinin səlahiyyətlərindən istifadə edərək həll etmək olar. Yəni bu adi bir vətəndaşın işi deyil ki, saxta profili üzə çıxarsın. Bu uzun bir proses kimi meydana çıxır. Hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən qabaqlayıcı tədbirlər daim aparılır. Düşünürəm ki, dövlətçiliyi təhdid edən, cəmiyyətə təhlükə yaradan, hər hansı bir çağırışlar olunan məsələlərlə bağlı mütləq tədbir görülməlidir. Ümumiyyətlə, bu çox çətin məsələdir. Bunun həm texniki, həm də hüquqi tərəfini fikirləşmək lazımdır. Hazırda məhkəmənin qərarı ilə hansısa cinayət etmiş şəxsin profilini izləmək mümkündür. Bir faktı unutmaq olmaz ki, son illərdə dini qruplaşmalara cəlb olunmalar ən çox sosial şəbəkələr üzərindən aparılır. Yazışmalar burada çox asandır. Bunları axtarıb tapmaq kimi planlar sonda hər hansı bir strukturun yaradılması ilə nəticələnə bilər”.
cia.az
