|
Rusiya-Ermənistan birgə qruplaşması Azərbaycana təhdiddir - ekspertlər həyəcan təbili çalır
“Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Lələtəpədən Ermənistana ünvanlanmış mesajları, görünür, təkcə işğalçı ölkəni deyil, ona açıq və gizli havadarlıq edən dövlətləri də təşvişə salıb. Belə olmasaydı, havadarları öz vassallarına ürək-dirək vermək üçün dərhal hərəkətə keçməzdilər”. 

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bunu Rusiya-Ermənistan hərbi əməkdaşlığının yaradılması ilə bağlı başlanan prosesi “Yeni Müsavat”a şərh edərkən bildirdi. Onun sözlərinə görə, 20 ildən artıqdır ki, guya sülhyaratma missiyasını üzərinə götürən qüvvələr bədnam qonşularımızı daha da şirnikləndirir, ona maddi və mənəvi dəstək verirlər: “Elə rus-erməni hərbi birləşməsinin yaradılması da yuxarıda söylədiklərimizin bariz nümunəsidir. Bu haqda söz-söhbətlər bir neçə ay bundan qabaq ortalığa atılanda çox təəssüf ki, bizim xarici siyasət idarəmiz və xüsusən də ATƏT-in Minsk Qrupu ciddi narahatçılıq ifadə etmədiyi üçün biz bu gün növbəti bir təhlükə ilə üz-üzəyik. Kim nə deyir-desin, mən bu addımı qəti şəkildə məhz Azərbaycana qarşı Qarabağla bağlı atılmış addım kimi qiymətləndirirəm. Rusiya onsuz da Cənubi Qafqazda maraqlarını təmin etmək üçün 2049-cu ilədək Ermənistanda böyük bir hərbi güc yerləşdirib. 102-ci baza istənilən təhlükəni aradan qaldırmaq gücündə olan bir qüvvədir. Onda sual olunur ki, belə olan halda Rusiyanın məhz işğalçı ilə yeni bir hərbi birləşmənin yaradılmasında məqsədi nədir?” 

Ekspert bu ittifaqın Azərbaycana hər hansı təhlükə törətmədiyi barədə iddiaları doğru saymadı: “Yəqin bəziləri Qarabağda yaxın tariximizdə rus-erməni hərbi birləşmələrinin vəhşiliklərini, özbaşınalıqlarını unudublar. Sabah da Azərbaycan öz torpaqlarını işğalçıdan təmizləməyə başlayanda heç kim nəzarət edə bilməyəcək ki, əsgər və zabitlərimizin üzərinə şığıyan döyüş təyyarələrinin, vertolyotlarının və ağır texnikanın idarəetməsini erməni, ya rus hərbçi həyata keçirir. Onsuz da biz Qarabağ məsələsində haqlı tərəf olduğumuz halda 20 ildən artıqdır ikibaşlı, çoxgedişli hiylələr oynayan ATƏT-in Minsk Qrupunun biveclərinə sübut edə bilmirik. Biz bilirik ki, erməni ağlının məhsulu olsaydı, indi qorxaq ermənilər çoxdan ərazilərimizdən rədd olub getmişdilər. Amma ”dovşana qaç, tazıya tut" prinsipi ilə öz maraqlarını regionda həyata keçirən böyük güclər günü-gündən öz çirkin niyyətlərini daha qabarıq büruzə verirlər. Belə məqamda biz daha da çevik, daha da prinsipial mövqedə dayanmalıyıq. Hamı görür ki, Azərbaycana sözdə dost, tərəfdaş deyən qüvvələr, başda Rusiya olmaqla, əslində Ermənistanın maraqlarını daha azğın şəkildə müdafiə edir, onu şirnikləndirir. Bu isə çox təhlükəli və ciddi xəbərdarlıq olmalıdır. Şəxsən mən proseslərin belə istiqamətdə inkişaf edəcəyini çoxdan görür, daim narahatçılığımı bölüşürdüm. Dünyasını dəyişmiş dəyərli siyasət adamımız, sabiq dövlət müşaviri Vəfa Quluzadənin daim narahatlıqla səsləndirdiyi fikirlərin necə də uzaqgörən və doğru olmasının bu gün biz bir daha şahidi oluruq. Böyük güclər, xüsusən də bizim şimal qonşumuz Azərbaycanın maraqlarına zidd olan hoqqalarını, oyunlarını daha da genişləndirir. Çox təəssüf ki, bu acı reallıqdır".
Hərbi ekspert Azad İsazadə isə yaradılan hərbi birləşmənin ölkəmizə birbaşa olmasa da, dolayı təhlükəsinin olduğunu vurğuladı: “Düzdür, Azərbaycan hərbi əməliyyatları öz ərazisində keçirir. Amma biz bilirik ki, ermənilər daim rus ordusunun resurslarından istifadə edib. Hərbi birləşmələr yaradılacaqsa, bu resurslardan da istifadə olunacaq. Söhbət erməni hərbçilərinin hazırlanmasından gedir ki, bu zaman Dağlıq Qarabağdakı dəstələrin də cəlb olunması mümkündür. Eyni zamanda birgə birləşmələr birmənalı şəkildə Cənubi Qafqazda ”jandarm" rolunu oynayacaq. Ermənistanın iqtisadiyyatı, enerji təminatı Rusiyanın əlindədir. Siyasi rəhbərlik də Kremlin təsiri altındadır. Amma aprel döyüşlərindən sonra Ermənistan daxilindəki gərginlik və antirus çıxışlar göstərdi ki, ola bilər vaxtilə Qarabağda döyüşmüş və orduda xidmət edən zabitlər Rusiyaya qarşı çıxsınlar. Beləliklə, Rusiya faktiki olaraq Cənubi Qafqazdakı sonuncu forpostundan da məhrum ola bilər". 

A.İsazadə hesab edir ki, belə birləşmənin yaranması Ermənistandakı bütün qüvvələrin Rusiyaya tabe etdirilməsi deməkdir: “Aydın məsələdir ki, birləşmənin başında rus generalı dayanacaq. Burada isə Ermənistan ordusundan hansısa hissə həmin qruplaşmaya ezam olunacaq. O demək deyil ki, Ermənistan ordusu, ümumiyyətlə, fəaliyyət göstərməyəcək. Ola bilər ki, bu birləşmə Qarabağdakı əməliyyatlara qoşulsun. Bu mənada o risk həmişə qalacaq. Heç kim bizə qarantiya verə bilməz ki, o qruplaşmanın hansısa hissəsi Qarabağdakı döyüşlərə qatılmayacaq”.
 
Əlavə edək ki, Ermənistan Kremlin bu qərarından sonra işğal altındakı ərazilərdə təxribatlarını artırıb. Rəsmi Bakı isə hələlik birgə birləşmələrlə bağlı mövqe bildirməyə tələsmir. 
cia.az