Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun, onunla birlikdə həbs edilən, Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin 1-ci idarəsinin rəisi Səlim Məmmədov və Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin 3-cü idarəsinin 1-ci şöbəsinin rəis müavini Orxan Osmanovun üzərinə həbs qoyulan əmlaklarının siyahısı məlum olub.
Siyahı o qədər böyükdür ki, oxuyub çatdırmağa, necə deyərlər, nəfəs yetmir. Bakı şəhərindən, ölkənin ucqar rayonlarına, kəndlərinə qədər hər yerdə bu adamların, əsasən Akif Çovdarovun daşınmaz əmlaklarının olduğu bu siyahıda əksini tapır. Siyahı artıq mediada yayılıb.
A.Çovdarovun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 32.256.900 manat təşkil edir. Bu, bir nazirliyin çoxsaylı idarələrindən sadəcə birinin rəisinin hələ istintaqa məlum olan daşınmaz əmlakıdır. Bir idarə rəisinin hədsiz səviyyədə varidata sahiblənə bilməsində onun kriminal işlərlə məşğul olması ilə yanaşı, ölkədə məmurların illik gəlir deklarasiyası verməməsi faktı da rol oynayır.
Bu barədə “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, “Gəlir deklorasiyası haqqında” Qanun 2006-cı ildə qəbul edilib, tətbiq olunması üçün hətta fərman da var. Qanuna görə, xüsusi blanklar var ki, onu hər bir məmur doldurmalı və gəlir deklarasiyası verməlidir. Amma bu qanunun tətbiqi uzun illərdir bilərəkdən dayandırılıb: “Çünki gəlir deklarasiyası elan edilməyə başlansa, onda ölkədə bir çox problemlər ortaya çıxacaq-məsələn, vergi qaçaqçılığı. Başqa ölkələrdə ilin sonunda vergi rekordçusu fəxarətlə bəyan edilir. Vergi rekordçusu olan şəxs, şirkət bundan fəxr duyur. Bizdə qanunun tətbiq edilməməsinə görə insanlar bu boşluqdan sui-istifadə edir. Halbuki məmurun da, deputatın da, iş adamının da, gəliri olan hər kəsin borcudur ki, gəlir deklarasiyası doldursun və gəlirinə görə də dövlətə vergi ödəsin. Qeyd olunan sahədə boşluq olduğu üçün də haqqında söhbət gedən kriminal elementlər meydana gəlir, vətəndaşları soyub əmlaklarını öz əllərinə keçirirlər. Bu, çox acınacaqlı vəziyyətdir. Bu cür halların qarşısını almağın tək yolu hüquqa uyğunlaşmadır.
Azərbaycanda qayda həmişə qanundan önə keçib. Halbuki qanun qaydadan önə keçməlidir. Onda tamam fərqli vəziyyət yaranacaq. Kriminal elementlər dövlət büdcəsini, vətəndaşların əmlakını mənimsəyə bilməyəcəklər. Təbii ki, ölkədə zəngin insanların sayının çox olması daha yaxşıdır. Amma oğurluq yolu ilə zənginləşməyə yol vermək olmaz. Gizli, qanunsuz yollarla zənginləşmiş adamlar heç kimə xeyir də vermir, hətta ürəyindən keçsə də kiməsə açıq şəkildə yaxşılıq edə bilmir. Belə adamın sərvətinin nə Allah qatında, nə insan qatında xeyri var. Bu baxımdan, məsələyə kompleks şəkildə yanaşmalıyıq. Qanun işləməlidir, qanun qaydalardan önə keçməlidir”.
“Azərbaycanda istər yüksək səviyyələrdə olan bir çox məmurların, istər rayon miqyasında məmurların biznesinin olması hər kəsə bəllidir. Halbuki qanun məmurlara şəxsi biznes fəaliyyətini qadağan edir. ”Gəlir deklarasiyası haqqında" Qanunun tətbiq edilməsinə məhz biznesi olan məmurların çoxluğu amili mane olurmu" sualına deputat belə cavab verdi: “Təbii ki, bu amil mane olur. Varlanmaq lazımdır, amma bu, qanunsuz yollarla olmamalıdır. Qanunsuzluğun baş verməməsi üçün də qanun ciddi şəkildə işləməlidir, qanunların işləməsinə nəzarət olmalıdır.
Bu gün Milli Məclisin qanunların işləməsi üzərində hər hansı nəzarət imkanı yoxdur. Məsələn, biz zamanında dəfələrlə məsələ qaldırırdıq ki, təhlükəsizlik orqanları üzərində ciddi dövlət nəzarəti olmalıdır. Bu, ATƏT-in prinsiplərində də var. Əgər o nəzarət olsaydı, ən azı Akif Çovdarov kimi adamların kriminal əməlindən heç olmasa beş-on deputatın açıq məlumatı olardı. Bizim əslində qeyri-rəsmi məlumatımız var idi. İstər Eldar Mahmudov, istər onun bandası tərəfindən törədilən əməllər barədə tam məlumatımız var idi. Çünki şikayətçilər dərdlərini gəlib bizə söyləyirdilər. Amma əlimizdə təsiretmə mexanizmi yoxdur. Nəzarət etmək, məsələ qaldırmaq imkanımız yoxdur. Ona görə də problemlərin həlli bir çox kompleks məsələlərin həllindən keçir”.
cia.az
