|
Qərb mediası rusiyalı nazirin həbsindən yazdı
Dünya mediası Rusiyanın iqtisadiyyat naziri Aleksey Ulyukayevin rüşvət almaq ittihamı ilə həbs edilməsini geniş şəkildə müzakirə edir.
 
Onlar bu hadisənin Rusiyanın siyasət və iş dünyasını çalxaladığını qeyd edirlər.
 
Bir çox Qərb analitiklərinin fikrincə, Ulyukayevin həbsi Rusiyanın zəifləməkdə olan iqtisadiyyatına nəzarət və idarə etmək uğrunda gedən mübarizənin pik nöqtələrindən biridir.
 
Böyük Britaniyanın The Times (“Tayms”) qəzeti Ulyukayevin həbsinin siyasət və iş çevrələrini sarsıtğını bildirir. Qəzetin yazdığına görə, Ulyukayev nisbətən liberal və qərbyönümlü siyasətçi hesab edilirdi.
 
“Rusiyanın rəsmi televiziyaları bu tutulmanı korrupsiya ilə mübarizənin tərkib hissəsi kimi təqdim edir. Dövlət Dumasnın spikeri Vyaçeslav Volodin isə hakimiyyətdə heç kimin toxunulmaz olmadığını bildirib. Lakin son iyirmi ildə baş verən proseslər hadisənin göründüyü kimi olmadığını, ona görə də bir çox insanın bu həbsdə gizli məqamlar axtardığını göstərir”, - qəzetin yazısında qeyd edilir.
 
ABŞ-ın Bloomberg (Blumberq) agentliyi də Ulyukayevi iqtisadiyyatda liberal adam kimi təqdim edib. O, Ulyukayevin lap əvvəldən “Rosneft”in müqavilələrinə qarşı çıxdığını bildirib. Agentliyə görə, Ulyukayev qubernatorların, nazir müavinlərinin və digər iri ranqlı məmurların korrupsiya, rüşvətxorluq və dəladuzluq ittihamı ilə həbs olunanlar arasında ən iri füqur hesab olunur. Agentliyin məlumatında həbsin siyasi motivlərin olduğu və bunun daxili hesablaşmanın nəticəsində baş verdiyi barədə qeydlər yer alıb.
 
 Böyük Britaniyanın The Guardian (“Qardian”) qəzeti Ulyukayevi 1991-ci il dövlət çevrilişindən sonra həbs edilən ən yüksək vəzifəli şəxs adlandırıb. Qəzet bu hadisəni Kremlin müxtəlif fraksiyaları arasında bağlı qapılar arxasında gedən mübarizənin tərkib hissəsi olduğunu bildirib. 
 
“Vladimir Putin öz idarəçiliynin ən mühüm vəzifəsi olaraq korrupsiya ilə mübarizəni göstərsə də korrpupsiya hökumətin ən yüksək səviyyələrinə qədər yayılıb. Əksər müşahidəçilərin bildirdiyinə görə, isə yüksək rütbəli məmurlara qarşı təhqiqat və həbslərin aparılması rüşvətxorluqla mübarizədən daha çox klanlar arasında daxili toqquşma və hakimiyyətə nəzarət uğrunda mübarizənin göstəricisidir”, - qəzet qeyd edir.
 
Yaponiyanın Kyodo News (“Kyodo nyus”) qəzetinin yazdığına görə, isə Ulyukayevin həbsi Rusiya və Yaponiya arasında iqtisadi əməkdaşlıqla bağlı danışıqlara ciddi təsir göstərə bilər. 
 
Qəzet Yaponiya baş naziri Sindzo Abenin bu ilin may ayında  Vladimir Putinə ərazi mübahisəsinin nizama salınması və İİ dünya müharibəsindən sonra ilk dəfə iki ölkə arasında sülh müqaviləsinin imzalanması barədə səkkiz bəndlik plan götürdüyünü yazıb.
 
Vladimir Putinin də bu ilin dekabr ayında Yaponiyaya səfəri zamanı ölkələr arasında Yaponiyanın iddia etdiyi Kuril adaları ilə bağlı müzakirələr aparacağı gözlənilir.
 
“Kyodo nyus” Ulyukayevin bu danışıqlar prosesinin mühüm füqurlarından biri olduğunu vurğulayıb. Qəzet keçmiş iqtisadiyyat nazirinin bu lin noyabr aynın 3-də Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hirosiqe Seko ilə görüş zamanı ikitərəfli əmədaşlığın variantı olaraq ona 89 layihəni özündə birləşdirən iqtisadi əməkdaşlıq paketini təqdim etdiyini bildirir. 
 
Yapon nazir dünən keçirilən mətbuat konfransında həbs qərarının onları olduqca təəccübləndirdiyini söyləyib. O, iqtisadi əməkdaşlığın sabit tempdə davam edəcəyinə ümid etdiyini bildirib.
 
ABŞ-ın The New York Times (“Nyu-York Tayms”) qəzeti Ulyukayevin sovet dövrlərini xatırladan tərzdə gecə yarısı həbs olunduğunu yazır. Qəzet nazirin tutulmasını zəifləyən iqtisadiyyata nəzarət uğrunda mübarizənin ən böyük epizodu olaraq qeyd edir. “Nyu York Tayms” bu həbsi Rusiya hakimiyyətinin liberal qanadına vurulan zərbə olaraq qiymətləndirib.
 
“Cənab Ulyukayev 2014-cü ildən bəri davam edən iqtisadi durğunluq fonunda əsas dövlət aktivlərinin satılmasını müdafiə edirdi. Son bir neçə ildə rüşvətxorluq üstündə ən azı 3 qubernator həbs edilib. Analitiklərin əvvələr də qeyd etdiyi kimi, yüksək rütbəli məmurların həbsinin kökündə Rusiya iqtisadiyyatında “piroq payları”nın azalması şərtlərində  qeyri-qanuni gəlirlərə nəzarət uğrunda mübarizə durur”,-qəzet qeyd edib.
 
İsveçrənin Neue Zurcher Zeitung qəzetinə görə isə, “Ulyukayevin həbsi hər şeydən əvvəl baş nazir Dmitri Medveedeva qarşı yönəlib. Digər verisya isə hadsənin “Rosneft”in rəhbəri İqor Seçinin qaralanması məqsədi daşıdığıdır.
 
“Bütün açıq suallara, müəmmalara və şayiələrə rəğmən bir şey aydındır ki, Rusiya kimi ölkələrdə korrupsiya skandalları sərf etməyən adamların oyundan çıxarılması məqsədinə xidmət edir. Adətən ittiham olunan şəxslər cəmiyyət içərisində rüsvay edilir, rüşvət veridliyi güman edilən kadrlar kameraya çəkilr və KİV-lərə  ötürülür. Çox vaxt şübhəli şəxsin cinayətdə günahkar olduğu və ya ittihamın yalan üzərində qurulduğu aydın olmur. Lakin bütün bunlar  Rusiyanın yüksək iyerarxiya, şəxsi əlaqələr və sədaqət üzərində qurulan siyasi sistemi üçün adi haldır. Ona görə bu tip skandallar daha çox hakmiyyət daxili siyasi mübarizənin tərkib hissəsi olaraq gözdən keçirlir”.
 
Qəzet Ulyukayevin adının hələ bu ilin yazında məlum Panama faylları ilə bağlı işdə hallandığını xatırladıb: “Offşor şirkətləri ilə bağlı bir çox dünya liderlərinin ifşa olunduğu bu sənədlərdə Ulyukayevin oğlunun adı da keçirdi. Həmin vaxt rusiyalı nazir bütün bunlarla əlaqəsi olmadığını söyləmiş və onun haqqında təhqiqat aparılmamışdı. Təhqiqat hakimiyyət və ya ayır-ayrı siyasi xadimlərin bundan xeyir əldə bilməsi halında başlayır”, - İsveçrə qəzeti Rusiyadakı ədalətin bu cür təmin olunduğunu təsvir edir.