Antarktida buzlaqlarının əriməsinin dəhşətli nəticələrini əks etdirən videokadr yayılıb. Videoda ABŞ-ın bir çox ştatları, ada dövlətləri, Çin və Banqladeşin bir hissəsinin suyun altında qalacağı bildirilib.
Planet sakinlərinin həyatı mənfiyə doğru dəyişəcək. Ərimə nəticəsində dünya okeanında suyun səviyyəsi 70 metr qalxacaq. Bu, böyük quru sahələrinin suyun altında qalmasına səbəb olacaq. Bill Nay adlı amerikalı alim buzların tam əriməsi halında planeti gözləyən aqibət barədə fikirlərini açıqlayıb. Alimin sözlərinə görə, qlobal istiləşmə buzlaqların əriməsinə aparır, bu isə bəşəriyyətin taleyini dəyişə bilər. Bu proqnozda yeganə müsbət cəhət birbaşa Şimal qütbündən gəmi yollarının açılmasıdır. Kiçik buz dövrü artıq 15 ildən sonra başlaya bilər. Bu, Günəşin aktivliyinin növbəti dəfə dəyişməsi ilə bağlıdır.
Maraqlıdır, Amerika alimlərinin dedikləri nə dərəcədə özünü doğrulda bilər? Əgər bu fəlakət baş verərsə, Azərbaycan bundan zərər görə bilərmi? Ekoloq Telman Zeynalov bunun bir oyun olduğunu dedi: “Amerika keçmiş SSRİ dağılandan sonra dünyanın bütün dövlətlərini özlərinin bazarına çevirmək istəyir. Hər 50 ildən bir iqlim dəyişilir. Gah soyuq, gah da isti olur. Yadınızdadırsa, Amerika 2002-ci ildə Antraktidada buzlaqlar əriyəcək deyirdi. İndi 2016-cı ildir və heç bir ərimə olmayıb. İnsanları nə qədər aldatmaq olar?! Hər dövlət onlara rüsum keçirir. Azərbaycan onlara hər il 15-20 milyon pul ödəyir. Guya qlobal istiləşmə var? Bakının özündən götürək. Oktyabr ayından insanlar paltoya, plaşa keçdi.
Bu, qlobal istiləşmədir, buzlaqların əriməsidir?! Bu, yalnızca bir oyundur. Mən bu oyunun həmişə əleyhinə olmuşam, indi də əleyhinəyəm. Onlar öz işsiz olan adamlarını işlə təmin etmək üçün bu yola əl atırlar. Onların hazırladığı videoçarxı hazırlamağa nə var ki. Deyirlər buzlaqlar əriyir, əksinə, hər yer buzlaqlarla örtülür. İndi Mərakeşdə konfrans gedir. Konfransda iştirak edən dövlətlərin əksəriyyəti qlobal istiləşmənin əleyhinə çıxıb. Komissiya sədri deyib ki, bunu Fransada qəbul etmişdik, burada təsdiq edəcəkdik. Ancaq görürük ki, havalar soyuyur.
Bu, bir kommersiya oyunudur. Hər bir dövlətin başçısı da kommersantdır. Mənim fikrimcə, buna son qoymaq lazımdır. Qəzet vasitəsilə müraciət edib demək istəyirəm ki, bizim dövlətimizin ora pul keçirməsinə ehtiyac yoxdur. Əgər pulumuz artıqdırsa, versinlər tullantıları lazım olan səviyyədə bir il ərzində məhv etsinlər ki, Azərbaycanda tullantı qalmasın. Tullantıları idarə etmək, təkrar emal etmək lazımdır. Biz kiminsə iqtisadiyyatını bərpa edir, öz iqtisadiyyatımızı isə öldürürük”.
Cia.az
