|
“Elə bil ki, məni ölümə aparırlar...”
Bugünlərdə Azərbaycan Televiziyasının təmtəraqlı şəkildə 60 illik yubileyi qeyd olundu. Bu illər ərzində mavi ekranların çox sevilən məşhur simaları olub. Onlar arasında diktor, xalq artisti Ofeliya Sənani də var. Öz gözəlliyi, məlahətli səs tempi ilə Ofeliya xanım zamanında böyük bir kütlənin sevimlisinə çevrilmişdi. 

Onun həm xəbər, həm uşaq verilişləri, həm də ədəbi-bədii verilişlər aparması orta və yaşlı nəslin yaddaşına əbədilik həkk olunub. Xüsusən də onun uşaq verilişləri ilə böyüyən indiki gənclər məşhur diktoru böyük rəğbətlə xatırlayırlar. Bəli, xatırlayırlar, çünki diktor Ofeliya Sənani artıq efirlərdə görünmür, səbəbi isə özünün dediyinə görə, yaşa dolması və xəstəliyi ilə əlaqədardır. 

Onunla telefon əlaqəsi saxlayıb müsahibə almaq istəyimizi bildirəndə də Ofeliya xanım səhhətindən şikayətləndi, danışmağa belə həvəsi və taqəti olmadığını dedi:
 
- “İynəni vururlar, dərman geriyə qayıdır. Damar tutqundur, danışıram, tənginəfəs oluram, əsəbiləşirəm. Məni bağışlayın. Sizi başa düşürəm, elə bilməyin ki, mən naz edirəm və yaxud kaprizim var... And içmişəm, daha mən ora getmərəm (AzTV-ni nəzərdə tutur). Axı nə qədər paltar əlimdən düşər yerə, nə qədər çantamda hər şey yaddan çıxar qalar evdə. Bir qaynar qazanla çıxıram evdən, elə bil ki, məni ölümə aparırlar. Deyirlər ki, ”balam, bu sənin 48 ildir işlədiyin efirdir, niyə əsəbiləşirsən, bir geyim tapdın getdin də, camaat cins şalvarla çıxır efirə". Amma mən istəyirəm ki, yaxşı olsun. Özümü əsəbiləşdirirəm, sonradan gəlirəm evə. Evdə də tək qalıram, qulluq etməyə adam tapmıram. Bir qadın var, dünən onu gətirmişdim evə. Həftədə bir dəfə gəlir bizə, evi dərindən təmizləmək üçün. Çünki heç gücüm yoxdur. O yazıq arvad da deyir ki, “belə əsəbiləşirsən, taqətdən düşürsən, getmə”. AzTV-yə necə getməyim ki, bu mənim doğma yurdumdur. 

- Rəfiqə olduğunuz məşhur diktorlar Şərqiyyə Hüseynova, Tamilla Ələkbərova, Roza Tağıyeva və digər həmkarlarınızla görüşürsüz?
 
- Görüşürük. Ayda bir dəfə İçərişəhərə çıxıb görüşürük. İçərişəhər doğma yerdir. Mən orda ailə qurmuşam, Roza xanım da orada ailə qurub, Tamilla orada doğulub, məşhur cazmen Vaqif Mustafazadə də orada dünyaya gəlib. Gedirik onun evinin qabağına, ziyarət edirik, xatirələri yada salırıq, epizodlar danışırıq. Sonra gedirik bir yerdə bir stəkan çay içir, söhbətimizə davam edirik.

- İdeya və ya tövsiyələrinizi paylaşmaq üçün AzTV-dən dəvətlər gəlirmi?
 
- Yox, nə çağırırlar, nə də gedə bilmərəm, buna taqətim, halım yoxdur. Təkcə ora deyil, başqa yerlərə də gedə bilmirəm. 
 
- İndiki arzularınız nə ilə bağlıdır?
 
- Arzum budur ki, bütün ölkədə əmin-amanlıq olsun. Maşallah, hamısından razıyam. Bir ay küçəyə çıxmayanda görürəm ki, şəhər tamam dəyişib, gözəlləşib. Bakımıza kim gəlir, ona heyran olur. Bu məgər pisdir? Sevinmək lazımdır buna, ümumiyyətlə, hər şeyə, gözəlliyə, qonaqların gəlişinə. 
 
- Küçədə gəzişərkən insanlar sizi tanıyıb yaxınlaşırmı?
 
- Bəli. Hətta yaxınlaşıb öpürlər və mən buna imkan verirəm ki, ürəklərini boşaltsınlar. Məni elə qucaqlayırlar ki, deyirlər “biz sizə məftun olmuşuq”. Onlar arasında 35-40 yaşlı insanlar da var. Bax, bu nəsil həmişə bizi sevib. Bizim qızları (rəfiqə olduğu həmkarlarını nəzərdə tutur -X.G.) da bir yerdə İçərişəhərdə görəndə bütün oradakı insanlar gəlib bizimlə şəkillər çəkdirir, özləri üçün yadigar saxlayırlar. Biz də etiraz etmirik. Onlar bizi sevməsəydi bizə yaxınlaşmazdılar ki. Pis adama arxa  çevirib qaçardılar. 
Avtobusda da görəndə məni qucaqlayıb bağırlarına basırlar. İctimai nəqliyyatda getməyi sevirəm. Bundan əvvəl maşınım var idi, 5 il sürdüm, sonra satdım. Çünki mən yaşa dolmuş insanam, hərdən başım fırlanır, ümumiyyətlə, mənə maşın sürmək olmaz. İndi ictimai nəqliyyatda gedirəm, insanlarla canlı ünsiyyətdə olmaqdan gözəl şey yoxdur. Bu da bir stimuldur. 
 
- Övladınız və ya nəvələrinizdən kimsə sizin sənətinizi davam edən varmı?
 
- Yox. Mənim 3 nəvəm var. Oğlumun oğlu deyir ki, “mən Hollivudda rejissor olacam”, yəni film çəkmək arzusundadır. Çünki onun anasının əmisi Arif Babayev gözəl kinorejissor olub. Arif Babayev əvvəllər bizdə işləyib və gözəl verilişlər hazırlayıb. O, Rafiqlə birgə mənim opera haqqında maarifləndirici  gözəl verilişimizi hazırlayıb. 
 
Bir qız nəvəm də çox gözəl rəssamdır. İncəsənət Universitetini bitirib, həm modelyer dizaynerdir, həm də gözəl rəsmləri var. AzTV-də, müxtəlif sərgilərdə gözəl rəsmləri ilə çıxış edib. Aralarında aparıcı olmaq istəyən isə yoxdur. Çünki aparıcılıq çox çətin işdir. Buna görə aparıcılığa meyl göstərmirlər. 
 
- Səsiniz hələ də öz təravətini itirməyib...
 
- Yox, gücü yoxdur axı artıq. Xırıldayır, zarıyıram, güc yoxdur danışmağa... Nə bilim, bəlkə də bir material oxusam yenidən düzələr. Amma qorxuram ki, bunu təmin edə bilməyim. 
 
- Gənc aparıcılardan kimləri bəyənirsiz?
 
- Bütün cavanlarımıza cansağlığı, uğurlar arzulayıram. Gənc həmkarları görüb çox sevinirəm. Onları görəndə mən də gəncləşirəm. Hamısı həmkarlarımızdır. Hər halda, onlar bu sənəti sevib gəlib, sevməyən ora gəlməz ki. Allah hamısına cansağlığı verişin. Fəxri adlar verildi bugünlərdə. İki gün mən gecə-gündüz onu gözlədim ki, bu sərəncam nə zaman çıxacaq. Mən özüm də bundan mənəvi qida aldım ki, maşallah, AzTV-dən çox adam fəxri ada layiq görüldü, şükürlər olsun. 
 
Allah sizlərə də cansağlığı versin. Həmişə işləyin, yorulmayın və yorulmağınızda boynunuza almayın. Bir az gimnastika edin, idmanla məşğul olun. Özünüzə gəlin və yenidən işləyin. Mən həmişə belə etmişəm. Olub ki, xəstəxanada yatmışam və sair, amma heç vaxt ruhdan düşməmişəm. Amma indi... Bu, bir qədər qocalıq, yaşa dolmaqdır, ona görə bir az özümdən narazıyam...(musavat)