Beyin cərrahı olan Ben Karson ABŞ-ın 45-ci prezidentinin kabinetində səhiyyə naziri vəzifəsində olmaq istəməməsini D. Trampın özünə bildirib.
Karsonun yaxın dostu, biznes meneceri Armstrong Villiyams "The Hill"ə xəbər verib ki, o kabinetdə yer almayacaq və ancaq qeyri-rəsmi məsləhətçi kimi fəaliyyət göstərəcək.
Mətbuatda bu vəzifənin ona verilməsi xəbərləri yayılsa da, Villiyams "The Hill"ə belə bir təklifin olmadığını, lakin hər şeyin ona açıq olduğunu bildirib: "Karson hesab edir ki, onun dövləti idarə etmə təcrübəsi yoxdur və o, heç vaxt federal qurumda çalışmayıb. Prezidentliyi zəiflədə biləcək postu tutmaq onun ən axırıncı istəyəcəyi şeydir", deyə Villiyams telefonla bildirib. Ben Karson Respublikaçılar Partiyasından başqan namizədliyi üçün yarışıb, lakin yarışdan çəkildikdən sonra Trampı dəstəklədiyini açıqlamışdı. O, "Obama Qayğısı" adlandırılan Obama administrasiyasının sağlıq islahatlarına qarşı olub.
Bundan əlavə, Karsonun həm də Təhsil Naziri vəzifəsinə namizəd olacağı da gələn xəbərlər arasında idi. Qeyd edək ki, noyabrın əvvəllərində Tramp onu "brilyant həkim" adlandırmış və kabinetdə yer verəcəyini açıqlamışdı.
