Azərbaycan bankları beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığı dayandırmağa başlayıblar. Artıq bir neçə kommersiya bankı “Fitch” ilə əməkdaşlığı dayandırıb. Fins.az bank sektorundakı etibarlı mənbələrə istinadən xəbər verir ki, artıq bir neçə bank bu addımı atıb.
Bəs banklar “Fitch” ilə əməkdaşlığı niyə dayandırırlar? Mütəxəssislər burada dörd amili önə çəkirlər. Birinci səbəb odur ki, bankların iddiasına görə, “Fitch” beynəlxalq reytinq agentliyi düzgün qiymətləndirmə aparmır. Hərçənd həmin banklara yaxşı reytinq verəndə agentliyə qarşı bu cür ittihamlar səslənmirdi.
İkincisi, hazırda banklar ictimaiyyətə ötürülən informasiya dəhlizini daraltmağa çalışırlar. Beynəlxalq reytinq agentlikləri isə apardığı təhlilləri tam olaraq açıq şəkildə bəyan edir və yayımlayırlar. Bankların ictimaiyyətlə əlaqələri zəif qurulduğundan, operativ reaksiya vermək qabiliyyəti və xüsusən də vərdişləri formalaşmadığından, buna adekvat addımlar atılmır və səbəblər izah olunmur. Nəticədə maliyyə qurumunun nüfuzu düşür.
Üçüncüsü, banklar belə hesab edirlər ki, hazırkı böhran şəraitində onlara beynəlxalq reytinq lazım deyil. Çünki xaricdən dollarla kredit almaq heç bir banka sərfəli deyil. Belə kreditlər yalnız iri həcmli biznes kreditləri ola bilər, lakin dünya bazarında dolların bahalaşmasını nəzərə alsaq, banklar belə kredit öhdəliklərindən də yayınmağa üstünlük verirlər. Qarşıdakı 2017-ci il boyu maliyyə böhranının davam edəcəyinə dair fikirlər də xarici kreditlərin cəlbediciliyini aşağı salır.
Dördüncüsü, beynəlxalq reytinq ağentliklərinin reytinq dərəcələndirməsi ilə bağlı təklif etdiyi xidmətlər ucuz deyil. Konkret olaraq “Fitch”in reytinq dəyərləndirməsinin qiyməti 30 min ABŞ dollarıdır. Hərçənd bu məbləği ödəyə bilməyən bankların ümumiyyətlə maliyyə sektorunda qalmasının gərəkliyi ayrı bir mövzudur.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bankların reytinq agentliyinin qərəzli olması barədə iddiası əsaslı deyil: “O boyda dünyada tanınmış reytinq agentliklərinin başqa işləri-gücləri yoxdur ki, bizim kiçik banklarla şəxsi qərəzlik edəcəklər? Əlbəttə yox. Bu agentliklər bütün dünyanın banklarına və şirkətlərinə reytinqlər qurur. Sadəcə, birincisi, aydındır ki, həmin reytinq agentlikləri məlumatları banklardan alırlar. Yəni maliyyə hesabatlarını banklardan istəyirlər, alırlar. Banklar maliyyə hesabatlarını artıq onlara vermək istəmirlər. Yəni vəziyyətləri pisdir, ona görə hesabatlarını reytinq agentliklərinə vermək istəmirlər. Digər səbəb budur ki, hesabatları agentliklərə verirlər və haqqında pis fikir formalaşır. Bundan qaçmaq istəyirlər, ona görə məlumatı vermək istəmirlər. Həmin reytinq agentlikləri ilə bu səbəbdən əməkdaşlıq etmək istəmirlər. Prinsipcə, bundan əvvəl niyə əməkdaşlıq edirdilər? Bundan əvvəl bizim banklar ona görə əməkdaşlıq edirdilər ki, beynəlxalq qurumlardan kreditlər ala bilsinlər. Çünki beynəlxalq qurumlar bizim banklara həmin reytinq agentliklərinin reytinqi olmadan kredit vermirdilər və indi də vermirlər.
Bu, o deməkdir ki, həmin əməkdaşlıqdan imtina edən banklarımız artıq onsuz da xaricdən kredit ala bilmirlər. Reytinqləri pisdirsə, onsuz da onlara heç kəs kredit vermir. Hələ üstəlik, o reytinqin pis olması Azərbaycanda da onların haqqında qeyri-qənaətbəxş fikir formalaşdırır. Buna görə də onlar artıq başa düşüblər ki, vəziyyətləri onsuz da yaxşılaşmayacaq. Onsuz da xaricdən daha borc ala bilməyəcəklər. Deyirlər, onda bizə bu reytinq lazım deyil. Bu reytinq haqqında məlumat çıxan kimi ölkədə banklar haqqında mənfi fikir formalaşır. Ona görə bankların bu addımı atacağı gözlənilən idi”.
Cia.az
