|
Pərdə və jalüzlərdən istifadəyə verilmiş icazənin müddəti başa çatır
Noyabrın 15-də sürücülərə pərdə və jalüzlərdən istifadəyə verilmiş icazənin müddəti başa çatır. Noyabrın 16-dan (15 noyabr 23:59-dan sonra) etibarən avtomobilinin pəncərələrində jalüz olan sürücülər 150 manat cərimə olunacaq. Qeyd edək ki, mövsümi xarakter daşıyan jalüzlərin taxılmasına yalnız mayın 1-dən noyabrın 15-dək icazə verilir. 

Sürücünün sağındakı və solundakı şüşələrə jalüz çəkilməsinə isə ümumiyyətlə icazə yoxdur. Sürücü üçün görünüşü təmin edən şüşələrin işıq buraxma qabiliyyəti bu hədlərdən aşağı olmamalıdır: küləyə qarşı şüşə üçün 75 faiz, sürücünün sağındakı və solundakı şüşələr üçün 70 faiz, digər yan şüşələr üçün 60 faizdir. Arxa şüşənin işıq buraxma qabiliyyəti normallaşdırılmır. Bir çox sürücülər jalüzlərin vurulub çıxarılması məsələsinə etiraz edirlər. Onlar jalüzlərin noyabrın 15-dən sonra çıxarılmasının əslində heç bir məntiqi olmadığını bildirirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə 15 noyabrdan sonra nəqliyyat vasitələrinin arxa şüşələrində jalüzdən istifadə edən sürücülərin cərimələnəcəyini dedi: “Arxa qapının şüşələrinə yay mövsümü ilə əlaqədar mayın 1-dən noyabrın 15-dək icazə verilən jalüzlər söküləcək. Noyabrın 16-dan etibarən jalüzlərdən istifadə halları aşkar olunarsa, həmin sürücülər İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 150 manat miqdarında cərimə olunacaq. Qanunvericilikdə nə nəzərdə tutulubsa, bizim əməkdaşlarımız da ona uyğun addım atırlar. Yəni qanunvericilikdən kənara çıxa bilməzlər. Sözsüz ki, jalüzlərin arxa qapılara vurulması arxa oturacaqda oturan sərnişinlərin gündən qorunması, günəş şüalarının onu yandırmaması məqsədi ilə atılırdısa, qış mövsümündə isə günəş şüalarının təsiri nəzərə alınaraq sökülür. Bu, mövsümi xarakter daşıdığından hər il may ayının 1-dən noyabrın 15-dək jalüzlərin istifadəsinə icazə verilir. Noyabrın 15-dən sonrakı tarixdə may ayının 1-nə kimi isə icazə verilmir. Qanunvericiliyin tələbi budur. Sürücülərdən də həmin qanunvericiliyin tələbinə əməl etmələri tövsiyə olunur”.
 
Ekspert Ərşad Hüseynov isə bu qaydanın yersiz bir qayda olduğunu dedi: “Qaydada yazılıb ki, amorf istehsalı olan jalüzlərin tətbiqinə bu gün icazə verilir, amma noyabrın 15-i gecə saat 12-dən sonra qadağandır. Bu anormal bir qaydadır. Burada heç bir məntiq yoxdur. Təəssüf ki, qanunvericilikdə bu cür məntiqsiz yanaşmalar var.  Azərbaycan 2002-ci ildə Birləşmiş Millətlər Təşkilatının yerüstü nəqliyyat vasitələrinə dair hazırladığı təhlükəsizlik tələbləri deyilən ümumi bir beynəlxalq müqaviləyə qoşulub. Müqaviləyə qoşularkən öz üzərinə öhdəlik götürüb ki, avtomobillərlə bağlı olan bütün beynəlxalq  standartların hamısını qəbul edib tanıyacaq. Yəni ölkənin ərazisində olan nəqliyyat vasitələri həmin tələblərə uyğun olacaq. 
 
Tələblərdən biri də avtomobillərin təhlükəsizlik şüşələri ilə bağlıdır. Avropa Komissiyasının 43 saylı qaydalarında qeyd olunub ki, avtomobilin, şüşənin arxasında əyləşən sürücünün kürəyindən arxada qalan şüşələr üçün heç bir şəffaflıq tələbi yoxdur. Yəni sürücü kreslosunda əyləşib, o kreslodan geridə qalan yan şüşələrə plyonka və ya jalüz vurulsa, ona heç bir əhəmiyyət verilmir. Çünki bunun sürücünün təhlükəsizliyi üçün heç bir önəmi yoxdur. Sovet dövründə belə bir yanaşma olub ki, mən maşının içini görməliyəm ki, onun içində kim var, quldur ya hansısa axtarışda olan cinayətkar var, yoxsa yox. 
 
Sovet dövründə hətta maşının arxa şüşələrini də deyirdilər ki, şəffaf olsun. Amma Avropada və dünyanın hər yerində qəbul ediblər ki, yalnız sürücüyə lazım olan şüşələr şəffaf olmalıdır. Qalan şüşələri isə sürücü özü bilər. Bizim də qanunvericilik çox maraqlıdır, bunu ləğv etmək əvəzinə yapışılıb ki, noyabrın 15-dən mayın 1-nə kimi jalüz olmasın. Halbuki o standart Azərbaycanda qüvvədədir. O standartı tətbiq etmək lazımdır  və sürücülər də bilməlidir ki, əslində bu necə olmalıdır. Şəffaf olmalı şüşələr sürücünün önündəki, sağ və sol tərəflərindəki şüşələrdir. Digər şüşələrin şəffaf olmasına ehtiyac yoxdur”.
 
Deputat Fazil Mustafa bildirdi ki, bu cür məsələlər sürücünün xeyrinə həll olunmalıdır: “Sürücülər sabahdan bu qaydalara əməl etməyi özlərinə borc bilməlidirlər. Çünki qanunvericilikdə bu nəzərdə tutulub. Bunun müzakirəsi mümkündür. Məsələ qaldırmaq olar ki, bu cür məhdudiyyətlərin olması nə dərəcədə doğrudur. Müzakirəyə çıxarmağa dəyən bir mövzudur. Fikrimcə, bu məsələlər sürücünün xeyrinə həll olunmalıdır. Bu jalüzlər daha çox gündən qorunmaq üçün nəzərdə tutulur. Gündən qorunmaqla bağlı digər, fərqli məsələlər də varsa, xüsusilə də maşının içərisinin görünməsi hansısa narahatçılıq yaradırsa, bu məsələni gündəmə gətirmək olar. Amma bu, təhlükəsizliyə mane olmayacaq materiallarla mümkündür”.
cia.az