Biz istəsək də, istəməsək də, yaxın bir ayda gündəmimizdə Amerika prezidenti Donald Tramp var. Onun sürpriz qələbəsi və onun arxasındakı səbəblər müzakirə mövzusudur. Əsas müzakirə isə heç şübhəsiz ki, Trampın qələbəsinin arxasındakı sosial şəbəkə gücüdür. Çünki bu günə qədərki analitik yazılarda Trampın qələbəsini bir qayda olaraq Twitter hesabından aktiv istifadə etməsi ilə bağlayanlar var.
Analitiklər deyir ki, Tramp tvitter hesabında o qədər aktiv oldu və istifadəçiləri ilə o qədər qızğın dartışmalara girdi ki, onun emosiyası seçicilərini də əhatə etdi. Bir çox hallarda siyasətçilərin sosial şəbəkə hesabını özləri yox, işçiləri idarə edir və bu halda da çox zaman bəyanatlar, seçki platforması kimi “quru” məqamlar yer alırdı ki, bu da izləyicilərdə maraq doğurmur.
Bütün hallarda sosial şəbəkənin rolu bir daha özünü göstərdi və dünyanı idarə edəcək super gücün əsas silahından biri oldu. Öncə onun özəllikləri və detalları barədə. Facebok-a nisbətən Twitter-də tvit atmaq, fikri yığcam ifadə etmək çətindir. Çünki Twitter maksimum 140 işarədən ibarət tvit yazmağa imkan verir. Lakin siyasətçilər bu çətinliyin öhdəsindən gələrək qısa şəkildə öz fikirlərini ifadə etməyə çalışır.
Twitter, media həvəskarı olan dövlət başçılarının və hökumət rəsmilərinin əsl siyasi forumuna çevrilib. İndi bu şəbəkənin 10 yaşı var. BBC sosial mediaya çox bağlı olan dünya liderlərinə nəzər yetirib və bununla bağlı maraqlı araşdırma aparıb. “Yeni Müsavat” BBC-yə istinadən yazır ki, Roma papası Francis şənbə günü Instagram-da debüt edərək bu şəbəkənin zirvə “10-luğunda” olan pop ulduzları Taylor Swift, Beyonce, futbolçu Cristiano Ronaldo kimi məşhurların cərgəsinə qoşulub.

Vatikan təsdiq edib ki, 79 yaşlı müqəddəs Ata foto paylaşılan sosial şəbəkədə Franciscus ünvanı ilə fəaliyyət göstərəcək. Onun Instagram-a başlaması Katolik Kilsəsinə başçılığının üçillik yubileyi ilə üst-üstə düşüb.
Bu, məşhurların çox olduğu şəbəkədə Francis-in mesajlarının daha geniş yayılmasına çalışan Vatikanın sosial media strategiyasında atdığı ən son addımdır.
Papa bu niyyətdə olan yeganə şəxs deyil. Sosial şəbəkələr dünya liderlərinin gənc auditoriyalarla əlaqələr qurmasında yaxşı oturuşmuş foruma çevrilib.
ABŞ və Kuba yarım əsrlik Soyuq müharibə düşmənçiliyindən sonra ABŞ prezidenti Barack Obamanın və onun kubalı həmkarı Raul Castro-nun əl-ələ görüşməsi xəbərinin yayılması üçün Tvitter-dən istifadə edib.

Bu təsadüfi deyil. ABŞ lideri “140 hərfdən ibarət diplomatiya”nın kralı sayılır. Tvitləməyə 2007-ci ildən başlamış Obama ən çox davamçısı olan siyasətçilərin reytinqində birincidir. Onun@BarackObama hesabı bütün tvittersferdə dördüncü ən populyar ünvandır. O yalnız pop müğənniləi Katy Perry-dən, Justin Bieber-dən və Taylor Swift-dən geridə qalır. Onun 71 milyondan çox izləyicisi var.

Bu sosial şəbəkədən siyasət meydanı və ictimai liderlərin öz xəbər və baxışlarını yaymaq üçün faydalandıqları əsas kanal kimi başqa şəbəkələrdən daha çox istifadə edilməsinə bir az şübhə var. Hərçənd onlardan bir çoxu tvitləməni özləri aparırlar. “Sosial media və ən əsası Tvitter indi sadəcə, köməkçi vasitə yox, hökumətlərin kommunikasiyası üçün mühüm alətdir” - Burson Marsteller qlobal kommunikasiya firmasının 2015-ci il üçün hesabatında deyilir.

Bunun adı tviplomatiya
Bu “virtual diplomatik şəbəkə” elə bir şəkil alıb ki, siyasətçilərin ünsiyyəti üçün daha səmərəli şərait yaradır. Bu şəbəkə həm də vətəndaşlarla ünsiyyətdə misilsiz imkanlar verir. “Tviplomatiya” hesabatı 166 ölkədə dövlət və hökumət başçılarına, habelə nazir və rəsmilərə aid 700-dək hesaba baxıb.
Bəlli olub ki, Obamadan sonra ən populyar siyasi lider Hindistanın baş naziri Narendra Modidir. Onun hesabı 2014-cü il seçkilərindən sonra “kəllə-çarxa vurub”. Onun 18 milyondan artıq davamçısı var. “Mən insanlarla ünsiyyətdə texnologiya və sosial medianın gücünə qəti şəkildə inanıram” - Modi özünün inaqurasiya nitqində deyib.
Modi seçki qələbəsindən sonra belə bir tvit yazıb: “Hindistan qalib gəldi! Yaxşı günlər irəlidədir”

Modi Türkiyə prezidenti Recep Tayyip Erdoğanı geridə qoyub. Türkiyə lideri üçüncü yerdədir, lakin hindistanlı həmkarının davamçılarının sayı onunkundan 2 dəfə çoxdur. “Hindistan Baş Nazirinin meteor yüksəlişi, Türkiyə Prezidenti və Səudiyyə Kralının geniş auditoriyaya malik olması göstərir ki, Twitter-in güclü təması olan ölkələrin böyük əhaliyə malik olması sadiq davamçılar ordusunun yaradılmasına kömək edir” - “Tviplomatiya” hesabatında deyilir.
Səudiyyə Ərəbistanı şahzadəsi Salman 2015-ci ilin yanvarında@KingSalman-a çevriləndən sonra davamçılarının sayı kəskin artıb. Son bir ildə, Rusiya ilə hərbi qarşıdurma zamanı Ukrayna prezidenti Poroşenkonun davamçılarının sayı sürətlə artıb. Amma Avropa miqyasında o xeyli geridə qalır. Burada birinclik Birləşmiş Krallıq baş nazirinin @Number10gov hesabına məxsusdur.
Latın Amerikasının “yüksək liqasına” 5 milyon pərəstişkarı olan Meksika prezidenti Enrique Pena Nieto, onun kolumbiyalı həmkarı Juan Manuel Santos, Braziliya lideri Dilma Rousseff və keçmiş Argentina prezidenti Cristina Fernandez daxildirlər. Bu cədvəldə Venesuela prezidenti Nicolas Maduro və Argentinanın yeni prezidenti Mauricio Macri beşinci yerdədirlər. Onlar təxminən bərabər sayda davamçıya malikdirlər. Lakin gündə 64 tvit yazan Maduro 2015-ci ildə ən məhsuldar siyasi lider olub.
Postunu özü yazan və mətbuat müşavirinə yazdıran liderlər...
Ümumən liderlərin Twitteri ilə mətbuat müşavirlərinin hər kəlməni ölçüb-biçən ordusu məşğul olur. Bu mənada Estoniya prezidenti Tomas Hendrik İlves istisna təşkil edir. Bir də Norveçin baş naziri Erna Solbergin buraxdığı səhvlərdən görünür ki, postlarını özü yazır. Lakin Argentina prezidenti Cristina Kirçnerin təqibçiləri deyə bilərlər ki, hərf səhvlərindən də ağır cinayətlər mövcuddur. Çinə səfəri zamanı Argentina lideri çinlilərin “r” hərfını tələffüz etməkdə çətinlik çəkdikləri barədə zarafat etmiş və dərhal da iqrçilikdə ittiham olunmuşdu. G7 ölkələrinin liderləri arasında Almaniya kansleri Angela Merkel Twittersiz lider kimi istisna təşkil edir. Bəlkə Almaniya kansleri düşünür ki, Twitterin 140 sözlük yazı məkanı alman dilinin mürəkkəb isimləri üçün darlıq edə bilər. Onu da demək lazımdır ki, dünyanın heç bir lideri Twitter çempionu deyil. İzləyicilərin sayına görə Twitterdə ilk iki yeri pop ulduzları bölüşdürürlər.
Hesabı sındırılan və pərt vəziyyətə düşən baş nazir
Bir neçə il öncə Kremlin “kompüterlərdən ən yaxşı başı çıxan” baş naziri çətin vəziyyətdə qalıb. Hakerlər onun twitter hesabına daxil olaraq, izləyicilərə məzəli mesajlar göndəriblər. Məlumatı “Deutsche Welle” yayıb.
Dmitri Medvedevin rəsmi twitter hesabında onu hörmətdən salan ilk mesaj Moskva vaxtı ilə səhər saat 10-dan sonra göndərilib. Mesaj minlərlə adam arasında yayılıb: “Mən istefa verirəm. Hökumətin hərəkətlərindən biabır olmuşam. Bağışlayın”.
Başqa mesajda nazirin mənzərə fotoşəkilləri çəkməyə həvəsini göstərən “Mən sərbəst fotoqraf olacam” sözləri yazılıb. “Krım bizim deyil. Xahiş edirəm, bu mesajı twitter-də yayın” mesajı ilə də hakerlər martda Rusiyanın Krımın ilhaqı vaxtı baş nazirin dediyi “Krım naş” (“Krım bizimdir”) sözlərini ələ salıblar.
Hesab bərpa olunandan az əvvəl yazılan mesajda Rusiya prezidenti Vladimir Putinə müraciətlə - “Vova! Mən bunu sənə çoxdan demək istəyirdim. Sən səhv edirsən” yazılıb. “Vova” Vladimir adının əzizləmə və kiçiltmə formasıdır.
Medvedev 2008-2012-ci illərdə prezidentliyi dövründə və bundan sonra da tənqidlə üzləşib. O, Rusiya siyasətinin “oyuncağı” olmaqda ittiham olunur. Tənqidçilər bildirirlər ki, prezident olanda onun məqsədi açıq-aşkar yerini Putinə vermək olub.
Azərbaycan siyasətçiləri nə yazır, necə yazır...
Bəs bu şəbəkədə ən çox izləyiciləri olan Azərbaycan siyasətçiləri Twitterdən necə istifadə edir?
İlham Əliyev

Prezident Əliyevin Twitterdə iki hesabı var: 2010-cu ilin may ayında açılan @presidentaz hesabında tvitlər ingilis dilində, iki ay sonra açılan @azpresident hesabında isə eyni məzmunlu tvitlər azərbaycanca yazılır.
Daha çox adam Azərbaycan dilli hesabı izləyir. CrowdRiff proqramına əsasən indiyədək bu hesabdan yazılan ən populyar tvit 2013-cü ildə yazılıb. “Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaq” - prezidentin bu sözlərini 600-dən çox istifadəçi paylaşıb.
Qənirə Paşayeva

Deputat və AŞPA üzvü Qənirə Paşayeva, Twitter-də Azərbaycanın ikinci ən çox izlənilən siyasətçisidir. Onun @GaniraP hesabının 66 mindən çox təqibçisi var. Prezidentdən fərqli olaraq xanım Paşayeva demək olar hər gün tvitləyir - son bir ay ərzində onun hesabından 800-dən çox tvit yazılıb. 2011-ci ildə Twitter-ə qoşulandan bəri isə ümumi hesabla o, 26 mindən çox tvit yazıb. Onun paylaşmaları tez-tez AzTwi analitika saytında “Günün ən çox baxılan” şəkli və ya videosu rübünə düşür.
Daha çox sakinlərlə keçirdiyi görüşlərindən, etdiyi çıxışlarından tvitləyən siyasətçinin tvitlərinin məzmunu daha çox humanitar və maarifçi məsələlərə bağlıdır. Amma paylaşmalarında o, Azərbaycanla bağlı müxtəlif sahələrə toxunur - futboldan tutmuş, qan köçürməsinə ehtiyacı olan uşaqlaradək.
Novruz Məmmədov

Prezident Administrasiyasının sədr müavini Novruz Məmmədovun Twitterdəki fəaliyyəti Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı daha fəal olub. Cənab Məmmədov Twitter-ə 2011-ci ilin aprel ayında qoşulub. Bu vaxt ərzində o, beş dildə 900-a yaxın tvit yazıb. Azərbaycan dilində yazdıqlarının əksəriyyəti ingilis, rus, fransız və türk dillərinə tərcümə olunur.
N.Məmmədovun Twitterdəki fəaliyyəti son illər ərzində dəyişib: 2011-ci ilin aprel ayında Twitterə qoşulanda o, daha çox verdiyi müsahibələrə keçidlər paylaşırdı.
5 000-ə yaxın izləyiciyə malik hesabında Novruz Məmmədov son zamanlar daha çox müxtəlif media orqanlarına, siyasətçilərə və QHT-lərə irad tutmaqla məşğuldur. Ancaq o hərdən izləyicilərinə “Gəl-gəl a yaz günləri” kimi sentimental tvitlər də göndərir.
Bizim də tvitter hesabımız olsun...mu?
Twitter bizim qısa ismarıc kimi tanıdığımız SMS xidmətinə çox bənzəyir. O, mobil telefonda olduğu kimi 140 simvol ilə istədiyinizi yazmağa imkan verir. Ödənişsiz bir xidmət olaraq, Twitter istifadəçilərə imkan verir ki, anında dostlarınızla, tanışlarınızla, tanımadığınız və tanıdıqlarınızla əlaqə yaradasınız və hər hansı xəbəri paylaşa biləsiniz. Onun digər özəlliyi ondan ibarətdir ki, bütün məlumatlar elektron poçtunuza və yaxud mobil telefonunuza göndərilə bilir.
Twitter hesabı açmaq da çox asandır. Sadəcə, http://www.twitter.com ünvanına daxil olursan və səhifə ingilis dilində açılır. Səhifənin aşağısında dil seçimini də edə bilərsiniz. Avropanın aparıcı dilləri ilə yanaşı, ən çox istifadə etdiyimiz Rus və Türk dillərindən birini seçə və açılan pəncərədə adınızı və elektron poçtunuzu daxil edə, şifrənizi seçə və hesabınızı yarada bilərsiniz.
Hesabınızı yaradandan sonra siz istədiyiniz adamları real adlarıyla və ya istifadəçi adlarıyla araya bilərsiniz. Tapan zaman, onları izləyə və ya oxuya bilərsiniz. İstifadə etdiyiniz dildən asılı olaraq səhifənizdə izləmək və ya oxumaq istədiyiniz adamın profilinin sağ tərəfində gördüyünüz - İngilis dilində “Follow”, rus dilində “Çitay”, Türk dilində isə “Takip et” düyməsini basın. Twitter-in fəlsəfəsində dayanan ideya izlədiklərinizin və ya oxuduqlarınızın həmin an nə etdiyini bilməkdir.
