|
Trampın ilk səfər etdiyi müsəlman ölkə Türkiyə ola bilər
Donald Trampın ABŞ prezidenti kimi müsəlman ölkələri sırasında ilk xarici səfərini hansı ölkəyə edəcəyi barədə müxtəlif rəylər, proqnozlar verilir. Eyni zamanda ABŞ-Türkiyə münasibətlərinin Donald Trampın prezidentliyi dövründə necə olacağı, Barak Obama dövründən nə ilə fərqlənəcəyi də maraq doğurur. 

D.Trampın ilk 100 günü ərzində görəcəyi işləri sırasında isə qeyd olunub ki, Ağ Evin əməkdaşlarının başqa dövlətlərin maraqları üçün lobbiçilik fəaliyyəti ilə məşğul olmalarına ömürlük qadağa qoyulmalıdır. Ağ Evin və Konqresin istefaya çıxan əməkdaşlarının beş il ərzində lobbiçilik fəaliyyəti ilə məşğul olmasına, Ağ Evin əməkdaşlarının başqa dövlətlərin maraqları üçün lobbiçilik fəaliyyəti ilə məşğul olmalarına ömürlük qadağa qoyulmalıdır. 
 
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Donald Trampın ilk səfər edəcəyi müsəlman ölkəsinin Türkiyə olacağı ehtimalı var: “Seçiləndən sonra Trampın verdiyi açıqlamalar, Ərdoğanla telefon danışığı göstərir ki, o, Türkiyəyə önəm verir. Yaxın Şərq siyasətində ABŞ maraqlarının reallaşdırılması üçün Türkiyəni əsas dövlətlərdən biri sayır. Son zamanlar ABŞ-la Türkiyə arasında münasibətlər soyuduğundan NATO üzvü bir ölkə kimi, həm də Yaxın Şərqin və müsəlman dünyasının bir çox sahələr üzrə lider ölkəsi kimi Tramp ilk səfərini Türkiyəyə edə bilər. Əgər Amerika strateqləri, eləcə də Trampın ətrafındakı müşavirləri düzgün təhlil aparıb bölgədə ABŞ maraqlarının təmin edilməsi üçün kiminlə ittifaqa gəlməyin mümkünlüyünü dəqiq müəyyənləşdirsələr, məncə, bu məsələdə Türkiyə ön plana çıxar. Türkiyənin geostrateji əhəmiyyəti durmadan artır. Bu nöqteyi-nəzərdən Tramp Türkiyəyə gəlsə o, həm bölgədə vəziyyətin sabitləşməsi baxımından, həm də bütün müsəlman dünyasında ABŞ-ın reytinqinin qalxması baxımından mühüm əhəmiyyətə malik ola bilər”.
 
Ekspert qeyd etdi ki, həm Obama, həm də Hillari Klinton Türkiyəyə soyuq münasibət bəsləyir: “Xüsusilə Klinton Türkiyəyə sərt, kürdlərə isə isti mövqeyi ilə seçilirdi, Klintonun erməni lobbisi ilə də yaxın əlaqələri bəllidir. Trampa isə bunları aid etmək üçün hələ ki əsaslar yoxdur. Bu baxımdan da Trampın prezidentliyi dövründə Türkiyə ilə yaxınlaşma müşahidə ediləcəyi ehtimalı var. Tramp qeyd edir ki, konqresmenlər, senatorlar istefaya çıxdıqdan sona minimum 5 il, Ağ Evdə çalışmış məmurlar isə ömürlük lobbiçliklə məşğul ola bilməzlər. 
 
Bunlar əlbəttə ki, Türkiyənin yararınadır. Çünki Amerikada xeyli erməni milyonerlər var və onlar həm pullarından, həm də siyasi əlaqələrindən istifadə edərək indiyədək gah yəhudi lobbisi ilə, gah yunan lobbisi ilə iş qurublar, Amerikanın bir çox istefada olana siyasilərini ələ alıblar və ABŞ-da güclü bir lobbi şəbəkəsi qurublar. Bu şəbəkə daim Türkiyəyə qarşı iş aparır. İndi əgər Tramp dediyinə əməl eləsə, erməni lobbisi şəbəkəsini qurmaq mümkünsüz olacaq. Ümumiyyətlə, bu lobbiçilik fəaliyyəti dünyanın ən murdar peşələrindən biridir. Haqqı-ədaləti deyil, kim pul verirsə onu müdafiə eləmək kimi bir fəaliyyətin yayılması dünyanın demokratiya cəbbəxanası hesab edilən ABŞ-ın başucalığı deyil, onun ən ciddi nöqsanlarından biridir. Tramp vəd verib ki, bu yaranı sağaldacaq. Lobbiçilik fəaliyyət növünə qadağalar qoyacaq. Əgər bu, baş verəcəksə Türkiyənin xeyrinə çox şeylər dəyişəcək, ermənilərin isə əlindən çox ciddi bir silah çıxmış olacaq. Bu, bizim üçün də əlverişli olan siyasi mühit yaranması demək olacaq. Trampın ermənilərə bağlılığı olmayıb. Seçki kampaniyası dövründə də ermənilər Klintona işləyirdilər. 
 
Ermənilər əmin idilər ki, xanım Klinton seçiləcək. Ona görə də Klintonun seçki kampaniyasına ciddi maliyyə yardımı göstərirdilər və seçki kampaniyasının fəalları idilər. Kürd məsələsində də Tramp Klintondan fərqli olaraq Türkiyənin maraqları əleyhinə olan mövqedə deyil. PKK-nı onsuz da ABŞ terror təşkilatı elan edib, bu münasibət Trampın dövründə də qalacaq. Obama hökuməti PKK ilə birlikdə hərəkət edən Suriyadakı kürd silahlı qruplarını qınaq obyektinə çevirmir, əksinə, onları silahla təchiz edir. Məndə ümid var ki, Trampın simasında ABŞ Türkiyə ilə əlaqələri istiləşdirdikdən sonra bu məsələyə münasibətdə də Amerikanın siyasətində dəyişikliklər ola bilər”. 

Cia.az