|
Azərbaycan millisinin təyyarəsində nasazlıq yarandı, uçuş gecikdi
Azərbaycanın futbol millisini Şimali İrlandiyanın Belfast şəhərindən Bakıya gətirən təyyarədə nasazlıq yaranıb. 

Bu barədə məlumatı musavat.com-a millimizi Dünya çempionatı-2018-in seçmə mərhələsinin səfər oyununda müşayiət edən jurnalistlər veriblər. Azərbaycan millisinin 4:0 hesabı ilə məğlub olduğu oyundan sonra futbolçular və onları müşayiət edən şəxslər Belfastım Olderqrov hava limanına gəliblər. Lakin onları Bakıya qaytarmalı olan “Azərbaycan Hava Yolları”na məxsus “Boeing 787 Dreamliner” təyyarəsində nasazlıq yaranıb: təyyarə işə düşməyib. Nəticədə reys 5 saatdır ləngiyir. Hələlik uçuşun taleyi ilə bağlı yekun qərar verilməyib. Nasazlığı aradan qaldırmaq mümkün olmasa, Bakıdan Belfasta yeni təyyarə göndərilə bilər. Buna isə saatlar lazımdır. Nümayəndə heyətimiz Belfast hava limanında gözləməkdə davam edir. 
 
Qeyd edək ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsi Belfasta çatandan Şimali İrlandiyada müzakirələrə səbəb olmuşdu. “Sky Sports” məlumat yaymışdı ki, futbolçulara ayrılan bahalı təyyarə yerli sakinlərdə maraq yaradıb. “Azərbaycan millisinin bu təyyarə ilə Şimali İrlandiyaya gəlməsi ölkənin maddi gücündən xəbər verir”, - məlumatda bildirilirdi.
 
Xatırladaq ki, eyni təyyarədə millimizin bundan əvvəlki səfər oyunu ərəfəsində də problem yaranmışdı. Çexiya yığmaslı ilə qarşılaşan millimizin üzvlərini aparmalı olan təyyarə Bakıdan gecikmə ilə yola düşmüşdü. Havada olarkən isə təyyarədə texniki nasazlıq baş verib. Belə ki, təyyarənin təkərlərindən birinin tam qapanmaması uçuş sırasında həyəcan yaşadıb. Bu barədə sərnişinlərə də məlumat verilib və bildirilib ki, Bakıya dönüb, nasazlıq aradan qaldırıldıqdan sonra yenidən yola düşüləcək.
 
Ancaq sonradan təyyarə ekipajı artıq problemin aradan qaldırıldığını və uçuşun marşrut üzrə davam etdiriləcəyini bildirib.
cia.az