|
Ağac kəsənlərlə bağlı cəzalar ağırlaşdırıldı, deputatlar yenə narazı qaldı
Noyabrın 11-də Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. İlk olaraq Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bir sıra qanunlara edilən əlavə və dəyişikliklərlə bağlı məlumat verdi. Dəyişikliklər texniki xarakter daşıdığından müzakirəsiz qəbul olundu. 
 
İclasın gündəliyinə daxil edilən 26 məsələdən biri - Meşə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi isə geniş müzakirəyə səbəb oldu. Qeyd edək ki, sözügeədən layihəyə əsasən, yaşıllıqların məhv edilməsinə görə cəzalar sərtləşdirilir. Təklif edilən dəyişikliyə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan ərazilərdə ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manata qədər miqdarda cərimə və ya iki ilədək müddətdə islah işləri və ya üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
Hazırkı qanunvericilikdə isə yuxarıda qeyd olunan əməllərə görə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətdə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
 
Deputat Elmira Axundova bildirdi ki, təbiətə qarşı cəmiyyətimizdə laqeydlik hiss olunur: “Qüvvədə olan müddəalar onsuz da sərtdir, indi daha da sərtləşdiririk. Amma buna baxmayaraq, yaşıllıqlar məhv edilməyə davam edilir. Bu məsələ ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Bu barədə nazirə də dedim. O da deyir ki, bu barədə məhkəmədə işlər var, qərarlar da qəbul olunur, amma icrası mümkün olmur. Meşə, ağac-kol bitkiləri və digər yaşıllıqların qorunması ilə bağlı müxtəlif qanunvericilik aktlarına təklif edilən dəyişiklikləri yüksək qiymətləndirirəm. Bu, dövlətimizin bitkilər aləminə olan həssas münasibətinin və yüksək qayğısının əyani göstəricisidir. Nəzərə alsaq ki, Abşeronun quraq torpaqlarında ağac və bitkilərin yetişdirilməsi necə böyük zəhmət və çətinlik hesabına başa gəlir, onda bu dəyişikliklər daha da aktuallıq qazanır”.
 
E.Axundova dedi ki, hüquqi tədbirlərlə yanaşı, cəmiyyətin özünün ətraf aləmə münasibəti dəyişməlidir:“Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə nəzər yetirdikdə görürük ki, meşələrin, ağacların qanunsuz kəsilməsinə görə qüvvədə olan müddəalar onsuz da sərtdir. Amma bununla belə, yaşıllıqların məhv edilməsi prosesi davam edir. Özü də bir çox hallarda Bakının mərkəzində, sakinlərin gözü qarşısında. Ona görə də biz cəzaları nə qədər sərtləşdirsək də, ciddi faydası olmayacaq, ilk növbədə düşüncə tərzimizi dəyişməliyik. Misal üçün, mən hörmətli nazirimiz Hüseynqulu Bağırovla danışanda cənab nazir bildirdi ki, məhkəmədə bu cür şəxslərə qarşı yüzlərlə iddia qaldırılır, hətta nazirlik məhkəmədə qalib gəldikdə belə təyin olunan cərimələri hərdən ala bilmirlər və icra prosesi illərlə uzanır. Odur ki, təkcə cəza sərtləşdirməklə problemi həll etmək mümkün deyil”. Deputat qeyd etdi ki, bu məsələdə ən böyük iş dövlət hakimiyyəti orqanlarının üzərinə düşür: “Həm yaşıllaşdırma işlərinin aparılması, ağac və kol bitkilərinin əkilməsi, həm də onların qorunmasında müvafiq qurumlar daha məsuliyyətli olmalıdırlar. Tikinti şirkətləri bina tikməzdən əvvəl ərazidə və onun yaxınlığında olan ağacları kəsirlər, hətta ciddi cəzalar ödəmək müqabilində. Təkcə özəl şirkətlər yox, elə dövlət orqanları özləri də bunu edirlər. Məsələn, bir müddət əvvəl Bakının Sumqayıt tərəfdən girəcəyində, avtovağzala yaxın hissədə yol genişləndirilərkən də eyni mənzərəni görmək mümkün idi. Bənzər hallar çoxdur. Başa düşürük, bəlkə də bu ağaclar abadlıq və genişləndirmə işlərinə maneçilik törədir. Lakin Avropa ölkələrində yüksək texnologiyalar var ki, ağacları qırmadan kökü ilə birgə başqa yerə köçürürlər. Olmazmı ki, bizdə də müvafiq qurumlar bu texnikadan alsın və tikinti, abadlıq və quruculuq işləri apararkən müəyyən haqq ödəmək müqabilində ağaclar başqa yerə köçürülsün. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də mütləq bu prosesə rəhbərlik və nəzarət etməlidir”.
 
Deputat Fərəc Quliyev isə yaşıllıqların məhvinə görə daha sərt addımlara çağırdı: “Biz burda danışırıq, amma təkcə Yasamal rayonunda bir gecədə 40 ağacı kəsiblər. Biz qanunları dəyişirik, amma şəhərin mərkəzində yaşıllığı qırıb yerində bina tikirlər. Şəhər, məhəllə salınırsa, kənara salın. Yeni binaların tikilməsi ilə bağlı ciddi güzəştlər var. Belə adamlar cəzalandırılmalıdır və bizim qanunlar kağız üzərində qalmamalıdır”. F.Quliyev parlamentdə səslənən fikirləri ümumiləşdirib müvafiq qurumlara göndərməyi təklif edib. “Bəlkə nazirlər burda səslənən təklifləri nəzərə alacaq”-deyə, bildirib. Deputat digər problemdən də bəhs edib: “Məsələn, yeni tikilən binalara qaz verir, qanunda göstərilir ki, sayğac ilk dəfə pulsuz qoyulmalıdır. Amma gəlib 500 manata sayğac qoyurlar. Təklif edirəm ki, burada səslənən fikirləri müvafiq qurumlara çatdıraq ki, müvafiq qurumlar bir az məsuliyyətli olsun”.
 
Spiker Oqtay Əsədov isə dedi ki, elə mövcud vəziyyətə görə cərimələr daha da sərtləşdirilir: “O ki qaldı burdakı çıxışlara, burda səslənən fikirlər stenoqramda əksini tapır və bütün ünvanlara çatır”.
 
Komitə sədri Əli Hüseynli bildirdi ki, zamanında yaşıllıqların qırılması ilə bağlı faktlar az idi, ancaq indi məsələni aktual edən qanunsuzluqların artmasıdır: “Qanunsuz hallar baş verirsə, ona qarşı sərt tədbirlər görülməlidir”. 
 
Deputat Qüdrət Həsənquliyev dedi ki, Bakı şəhərində ağac yetişdirməyin nə qədər çətin olduğunu hər kəs yaxşı bilir: “Biz bilirik ki, Bakı şəhərində oksigen çatışmazlığı var, bu da yaşıllıqların az olması ilə əlaqədardır. Biz övladlarımızın sağlamlığımız naminə yaşıllıqları qorumalı, artırmalıyıq”. Deputat sanksiyaları sərtləşdirməyi təklif etdi. O, vəzifəli şəxslərin min manat cərimə olunması ilə bağlı dəyişiklikdən danışarkən dedi ki, bu, kifayət qədər az məbləğdir. O şəxs ağacı kəsəndən sonra həmin məbləği ödəyəcək. İlk növbədə vəzifəsini yerinə yetirə bilməyən məmur işdən azad olunmalıdır: “Qanunda alternativ sanksiya çıxarılmalıdır. Çünki biz alternativ sanksiya nəzərdə tutulanda məhkəmə daha yüngül cəzanı verir. Vəzifəli şəxs qanunu pozursa, birinci cəza onun vəzifədən azad olunması olmalıdır”.
 
Qanun layihəsi yekdilliklə ilə qəbul edildi.    

“Lisenziyalatr və icazələr haqqında” qanun layihəsinə edilən dəyişikliyin müzakirəsi zamanı çıxış edən deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, məsələyə həssas yanaşma tələb olunur:“Televiziya sahəsi çox mühüm və strateji sahədir. Ona görə də həyata keçirilən bu dəyişiklik də mühümdür. Əvvəlki qanundan fərqli olaraq artıq burada televiziya və radio yayımın ümumi hissəsindən fərqli olaraq dövlət təhlükəsizliyinin tərkib hissəsi olur. Bugünkü dövrdə dəyişiklik çox düzgün və ədalətlidir. Bundan sonra televiziyalar və radiolar dövlət təhlükəsizliyi siyasətinin tərkib hissəsi olur. Əgər əvvəllər televiziya və radio açmaq istəyən İqtisadiyyat Nazirliyinə müraciət edərək və MTRŞ-nin rəyini alaraq bu işi həyata keçirirdilərsə, artıq bundan sonra bu prosedurlarda MTRŞ-nin səlahiyyətləri genişlənir və bütövləşir”.
 
Qeyd edək ki, dəyişikliyə görə, Azərbaycanda teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü sayılır.
 
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra spiker O.Əsədov cari məsələlərin müzakirəsinə vaxt ayırdı. Qeyd etdi ki, iclasın əvvəlində texniki problemlər səbəbindən çıxışlara yazılmaq mümkün olmayıb.  
 
Deputat Tahir Kərimli büdcə ilə bağlı təklif verdi: “2017-ci ilin dövlət büdcəsində 641 milyon manat kəsir müəyyən olunub. Bu məni olduqca narahat edir. Keçən il büdcə kəsiri 1,7 milyard manat idi. Büdcə kəsirinin çox olmasından qorxmaq lazım deyil. Heç olmasa gəlirlərə nisbətən 10-15 faizdə götürmək lazımdır.  Şəhid, əlil ailələrinə, digər sahələrə ayrılan xərcləri ödəməyin bir yolu var: büdcə kəsirini çoxaltmaq”.
 
Spiker isə cavabında bildirdi ki, bu məsələyə büdcə müzakirələrində baxıla bilər.
Deputat Fazil Mustafa bəzi qurumların yüklərinin ASAN Xidmətin üzərinə qoyulmasına etiraz etdi: “Kiminsə banka borcu olmasının ASAN Xidmətə nə aidiyyəti var? Niyə bu cür qurumu nüfuzdan salırlar? Bu məsələni ASAN Xidmətin üzərinə yükləmək bu xidmətin nüfuzunu bilərəkdən aşağı salmağa xidmət edir. Yoxsa kiminsə kredit borcu olmasına görə ona şəxsiyyət vəsiqəsi verməmək nə deməkdir? Bu, nonsensdir. Hətta cinayətkara da şəxsiyyət vəsiqəsi verilir”.
 
Deputat Zahid Oruc isə ABŞ-dakı seçkilərdən bəhs etdi: “Mənim aləmimdə ABŞ-da keçirilən seçkilər Amerika cəmiyyətində irqi, dini və milli böhranı ortaya çıxarıb. İkincisi, seçkilər ABŞ vətəndaşlarının pulunu Əfqanıstan və Yaxın Şərqdə, digər məkanlarda inqilablara xərcləyənlərin məğlubiyyətini ortaya çıxarıb. Bundan əlavə, Ağ Ev ətrafında əksəriyyəti Klintonun çevrəsində qərarlaşmış lobbi qruplarının, maliyyə mərkəzlərinin, ticarət şəbəkələrinin və onların qurduqları korrupsiya sistemi dağılmış olub”. Deputat bildirdi ki, bu seçkilərdə İŞİD-i dəstəkləyən qüvvələr məğlub oldu. Z.Oruc daha sonra əlavə etdi: “Bu, Türkiyə-Ermənistan sərhədini açmaq adı ilə Azərbaycan millətinin Dağlıq Qarabağ kimi dərdinin üstündən xətt çəkmək istəyən böyük siyasəti reallaşdırmağa çalışanların məğlubiyyəti oldu”. Çıxışının sonunda Z.Oruc spikerə xitabən “hörmətli Oqtay müəllim, bu mənim fikrimdir, bir deputat kimi siyasi mövqeyimdir. Xahiş edirəm bunu hörmətlə qarşılayın”, - deyə bildirdi.  O.Əsədov isə cavabında “ay Zahid Oruc, mən sənə bir söz dedim? Söz istədin, mən də çıxışa şərait yaratdım” söylədi. Z.Orucun təşəkkürünün qarşılığında sədr “mən də sənə təşəkkür edirəm” deyə cavab verdi.
 
Deputat Qənirə Paşayeva 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış etdi. Bildirdi ki, bu adamların sayı azdır: “Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onlar üçün çox çətindir bu vəsaiti ödəmək. Bir neçə gün əvvəl bir neçə görmə qabiliyyəti olmayan, ali məktəblərdə oxuyan 1-ci qrup əlil gənclərimizlə görüşdük. Təhsil haqqını ödəməkdə çətinlik çəkirlər və çox ağır vəziyyətdə qalıblar. Onlara kömək üçün bir neçə qurumlara xahiş müraciət etdik.  Ona görə də universitetlərdə onların təhsil haqlarından azad edilməsi məsələsinə baxılması çox vacibdir. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı”. Xanım deputat əlillərin işlə təminatındakı  problemlərdən də danışdı və qanunvericiliyi yerinə yetirməyərək əlilləri işə götürməyən müəssisə, qurum və şirkətlərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsi məsələsini qaldırdı. 
 
Q. Paşayeva həmçinin görmə imkanları məhdud gənclərin işlə təminatındakı problemlərdən bəhs etdi və onların qısa zamanda həllinin vacibliyini xüsusi vurğuladı. Bildirdi ki, onlar arasında elə gənclər var ki, ali məktəblərə tam sağlam gənclərdən daha çox bal toplayaraq daxil olublar, bütün çətinliklərə baxmayaraq universitetlərdə yaxşı oxuyublar, amma buna baxmayaraq, özlərinə iş tapa bilmirlər: “Ali təhsil almış bu cür gənclərə, onların işlə təminatı məsələsinə xüsusi diqqət olmalıdır”. 

Xanım deputat təhsil naziri Mikayıl Cabbarova  bu istiqamətdə bir neçə gəncin işlə təmin olunması ilə bağlı xahiş müraciəti göndərdiyini də dedi: “Müəllim ixtisası üzrə universitetləri bitirmiş bir neçə görmə imkanı məhdud olan gənc bununla bağlı mənə müraciət etmişdi və həmin gənclərlə görüşüb, geniş söhbət etdik. Onlar arasında universitetlərə tam sağlam gənclərdən də yuxarı ballarla daxil olan və oxuyan istedadlı gənclər var. Onların müəllim kimi işlə təminatı çox vacib məsələdir və ümid edirik ki, təhsil nazirimiz bu qrup gənc mütəxəssislərin işlə təmini məsələsinə xüsusi diqqət ayıracaq və onlar işlə təmin olunacaq”.