|
ABŞ-ın yeni prezidentindən Qarabağ gözləntiləri - ümid, yoxsa təhlükə
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın dövlət katibi postuna seçdiyi namizədlərin adları açıqlanıb. “Reuters”in xəbərinə görə, Trampın bu vəzifəyə favorit namizədi Respublikaçılar Partiyasının sabiq spikeri Nyut Qinqriçdır. Ondan əlavə, dövlət katibi postuna daha iki namizəd var. Bunlar ABŞ-ın BMT-dəki sabiq səfiri Con Bolton və Senatın xarici əlaqələr üzrə komitəsinin sabiq rəhbəri Bob Korkerdir. Bolton ABŞ-ın baş prokuroru da ola bilər.
 
Nyut Qinqriç sağ-konservativ mövqeyi ilə seçilən namizəddir. O, daha əvvəl abortların, homoseksual nikahların və qeyri-qanuni miqrasiyanın əleyhinə çıxışlar edib. Bundan əlavə, o dəfələrlə ətraf mühitin qorunması və əhalinin sosial ehtiyacları üzrə proqramların maliyyələşdirilməsinin azaldılmasını təklif edib. O, həmçinin terrorizmlə güzəştsiz mübarizənin aparılmalı olduğunu bildirib.

Xarici siyasətə gəldikdə isə Qinqiriç geridə qalmış ölkələrə qarşı sərt qərarların tərəfdarıdır. O, Barak Obamanının qərarlarına olduqca neqativ yanaşır və daha əvvəl onu ABŞ tarixində ən radikal prezident adlandırıb.
 
Azərbaycan isə hətta onun bədxahlarının da etiraf etdiyi kimi, ABŞ-la sıx əlaqələrə malik olan ölkələr sırasındadır. Trampla da köhnədən işgüzar əlaqələri olan ölkələr sırasındadır. Bu mənada Bakı ilə Vaşinqton arasında problemlərin yaranacağı ehtimal olunmur. Azərbaycan rəsmilərinin son açıqlamaları da bu yanaşmanı təsdiqləyir. Diqqətçəkən məqam Azərbaycan hakimiyyəti Donald Trampdan əsas gözləntiləsi sırasında öncə ABŞ-ın Qarabağ məsələsində aktivlik göstərməsini gözlədiyimizi bildirməsidir .  
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir: “Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampı təbrik edib. Azərbaycan ABŞ-la enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq edir. Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək. Azərbaycanın ən böyük gözləntisinə gəlincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Azərbaycan prezidenti də təbrikində qeyd edib ki, Trampın prezident seçilməsi ilə ABŞ-ın Minsk Qrupunda fəaliyyətinə bir dinamizm gələcəyinə, ABŞ-ın bu sahədə fəallaşacağına inanırıq. İnanırıq ki, nəhayət, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq”. 
 
ABŞ-ın yeni prezidentinin xarici siyasətinin, o cümlədən Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinin necə olacağı haqda politoloqlar proqnoz verməkdədirlər. Politoloq Elxan Şahinoğlu bildirdi ki, Trampın seçki kampaniyası dövründə xarici siyasətlə bağlı verdiyi vədlərin hamısını yerinə yetirməsi inandırıcı deyil. Seçkiöncəsi kampaniyada insanların səsini qazanmaq üçün istənilən vəd verilə bilər. 
 
Amma prezident seçiləndən sonra onu yerinə yetirmək çətindir. Daxili siyasətlə bağlı verilən vədlər bəlkə də yerinə yetirilə və uğur qazanıla bilər: “Tramp iş adamıdır, iki dəfə müflis olub və sonradan yenidən böyük kapital toplaya bilib. Bu bacarığı ona daxillə bağlı bir çox vədlərini həyata keçirməyə şərait yarada bilər. Amma xarici siyasətlə bağlı dediklərinin çoxunu həyata keçirə bilməyəcək. Məsələn, Meksika ilə sərhəd boyunca böyük hasarı özü də Meksikanın hesabına necə tikmək olar? Meksika buna gedərmi? Yaxud bütün müsəlmanları ABŞ-a buraxmamaqla bağlı Trampın seçkidən əvvəl dediklərini həyata keçirmək necə mümkün ola bilər? Yəni bir çox populist vədlər var ki, heç biri yerinə yetirilməyəcək. Digər tərəfdən, xarici siyasətdə əsas məsələ dövlət katibinin kim olmasıdır. Həm də ABŞ-da heç də hər şey prezidentdən asılı deyil. Oturuşmuş siyasi sistem var. Bu siyasi sistemə daxildir Dövlət Departamenti, Pentaqon, müşavirlər, beyin mərkəzlərinin hazırladığı çoxsaylı hesabatlar. Barak Obama da prezidentlikdən öncə çox şey vəd edirdi. Demişdi ki, hakimiyyətə gələn kimi Quantanamo həbsxanasını bağlayacağam. Barak Obama 8 il prezident oldu, lakin Quantanamo həbsxanası hələ də öz yerindədidir. Yaxud Obama Liviyaya müdaxilə etmək istəmirdi. Ancaq Dövlət Departamentinin mövqeyi ilə barışmalı oldu. Odur ki, dövlət katibinin kimliyindən də çox şey asılıdır. Ona görə də Tramp son dərəcə diqqətli olmaq məcburiyyətindədir xarici siyasətdə. Onun xarici siyasətdə təcrübəsi də yoxdur. Dünyada bir sıra dövlətlər var ki, bəlkə də Tramp onların yerini xəritədə göstərə bilməz. Hillari Klinton isə dövlət katibi olmuşdu və bütün dünyanı gəzmişdi, Azərbaycanda, Cənubi Qafqazda da olmuşdu. Amma inanmıram ki, Trampın Cənubi Qafqaz haqqında ümumi bir təsəvvürü olsun”.
O ki qaldı Azərbaycanla bağlı siyasətə, Qarabağ məsələsinə münasibətin necə olacağına, E.Şahinoğlu vurğuladı ki, hazırda ABŞ-la Azərbaycanın münasibətlərində bir soyuqluq hökm sürür. Obamanın zamanında Dağlıq Qarabağ məsələsinə yanaşma necə olubsa, Trampın dövründə də elə olacağı gözlənilir:“Qarabağ münaqişəsinin həlli üçün Barak Obama heç maraq göstərmədi, bir dəfə olsun həmsədr dövlətin başçısı kimi münaqişə tərəfləri olan ölkələrin prezidentlərini görüşdürmədi. Bu siyasətin dəyişəcəyi ən azından yaxın dövr üçün gözlənilmir. Trampın Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı bir aktivlik nümayiş etdirəcəyinə inamım yoxdur. Əksinə, mən təhlükədən qorxuram. Trampın seçkidən öncə Krımla bağlı çıxışları narahatlıq yaradır. Tramp verdiyi vədi yerinə yetirib Ukraynaya dəstəyi azaltsa və Krımın işğalına göz yumsa, bu, bizim üçün də təhlükəli presedent yaradar. Çünki Ukraynanın da tələbi budur ki, işğala son qoyulsun, Azərbaycanın da Qarabağla bağlı tələbi işğala son qoyulmasıdır. Tramp əgər Ukraynanın tələbini gözardı edəcəksə, Krımı Rusiyanın ərazisi kimi tanıyacaqsa, Dağlıq Qarabağ münaqişəsinin həllində də biz müəyyən təhlükəli addımlar gözləyə bilərik. Amma mən inanmıram ki, Tramp qoyulan siyasi sistemdən kənara çıxsın. Çünki kənara çıxmaq ABŞ-ın milli və təhlükəsizlik maraqlarına zidd olar ki, buna oturuşmuş siyasi sistem imkan verməz. 
 
Düşünürəm ki, Azərbaycanla münasibətlərdə bəzi soyuqluğa rəğmən Trampın dövründə ABŞ Azərbaycanla strateji tərəfdaşlığı davam etdirəcək. İqtisadi layihələrdə ABŞ-ın illərdir Azərbaycana dəstək siyasətini davam etdirəcək. Qarabağ məsələsində isə Barak Obamanın və əvvəlki prezidentlərin dövründə hansı siyasət müşahidə olunubsa Trampın dövründə də elə olacaq. Tramp bizim bölgə ilə bağlı başını çox ağrıtmayacaq. Çalışacaq xarici siyasətdə problemləri azaltsın ki, daxildəki bacardığı işlərlə məşğul olsun. Təəssüf ki, Dağlıq Qarabağ məsələsi ABŞ üçün son sıralarda gəlir".