Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək. Bu barədə məsələ Milli Məclisin hazırda keçirilən plenar iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Həmçinin təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək. Belə ki, dəyişiklikdə imtahan prosesinin videoçəkilişinin aparılması nəzərdə tutulur.
Komitə sədri Əli Hüseynli bildirib ki, imtahan prosedurunun videokameralarla təchiz olunması nəzərdə tutulur: “Təklif olunan əlavə imkan verir ki, vətəndaşlar özləri seçim etsinlər, hansı idarəetmə üzrə hüquq əldə etmək istəyirlər. Beləliklə, avtomatik idarəetmə hüququ əldə etmək istəyənlərə və mexaniki idarəetmə ilə bağlı hüquq vətəndaşların öz seçimi əsasında onlara veriləcək”.
Xatırladaq ki, bu vaxta qədər avtomotik və mexaniki idarəetmə ilə bağlı ümumi imtahan verilirdi və sürücülük vəsiqəsi alınırdı.
Ə.Hüseynli əlavə edib ki, Azərbaycan ərazisində xarici ölkələrə məxsus sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar tətbiq olunur, xarici sürücülük vəsiqələrinin bir ay müddətinə istifadəsinə icazə və əcnəbilərə sürücülüklə bağlı yeni hüquqlar verilir.
Deputat Çingiz Qənizadə mexaniki və avtomatik idarəetmə ilə bağlı dəyişikliyin “olduqca mütərəqqi” olduğunu vurğulayıb. “Çünki indiyə qədər avtomatik vasitələrlə sürücülük imtahanına hazırlaşan şəxslər sonradan mexaniki vasitələri idarə edirdi və problemlər yaranırdı”.
Ç.Qənizadə digər bir məsələdən də bəhs edib: “Vaxtilə Nəqliyyat Nazirliyinin çox böyük səlahiyyətləri var idi. Hətta qoçuları da televiziya ilə izləyirdik. Bu gün yol hərəkətini tənzimləyən, nəzarət edən böyük bir qurum var və yenə də Nəqliyyat Nazirliyinin tabeliyindədir. Niyə bu qurum Dövlət Yol Polisinin nəzarətinə evrilmir? Hansı ki, işıqforlar işləməyəndə yol polisi operativ şəkildə vəziyyətə müdaxilə edir”.
O.Əsədov təklif edib ki, Ç.Qənizadə təmsil olunduğu komitədə məsələni müzakirə edib təkliflər versin.
Bundan sonra dəyişikliklər səsə qoyularaq qəbul olunub.
cia.az
