|
Problemli kreditlər yeni tarixi rekord həddə çatıb
Ölkədə vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 1 597,3 milyon manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib. Mərkəzi Bankın xəbərinə görə, bu, sentyabrın 1-i ilə müqayisədə 0,3 faiz və yaxud 4,4 milyon manat çoxdur. Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,9 faiz, illik müqayisədə isə 18 faiz artıb. Sentyabrın sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5 faiz olub. Bu nisbət avqustun sonunda da 9,5 faiz, 2015-ci ilin sonunda 6,9 faiz, ötən ilin sentyabr ayının sonunda isə 7,1 faoz olub.
 
Ekspert Əkrəm Həsənov bildirir ki, problemli kreditlərin həcminin bir neçə səbəbdən artır: “Əhalinin gəlirləri azalır, sahibkarlar müflis olur. Ölkədə ümumi iqtisadi durum pisləşdikcə, əhali biznes kreditlərini də qaytara bilmir. Həmçinin, devalvasiya da həlledici rol oynayır. Onun nəticəsində kredit qalıqları artıb və borclular ödəniş qabiliyyətini itirib. Banklar bunun təsirini azalda bilərdi, amma güzəştə getmədilər və nəticədə vəziyyətlərini ağırlaşdırdılar. Problemli kreditlərin həcmi artdıqca banklara etibar da azalır. Axı banklar öz pullarını deyil, əmanətçilərin pulunu kredit verir və nəticədə batırır. Buna görə də əmanətçilər əmanətlərini geri çəkir”. 
 
əkrəm həsənov ile ilgili görsel sonucu
 
Ekspert Vüqar Bayramov isə qeyd edib ki, problemli kreditlər artmaqda davam edəcək: “Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb. 2016-cı ilə başlayanda bu göstərici 1 milyard 314 milyon manat idi. Deməli, bu ilin ötən ayları ərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb. Problemi kreditlərin ümumi kredit portfelində payı artıq 10 faizə yaxınlaşır. Bu isə o deməkdir ki, hər təqdim edilən 100 manatlıq kreditin 10 manatı geri qayıtmır. Bu isə bank sektoru üçün kifayət qədər ciddi rəqəmdir. Qeyd edim ki, sözügedən dövrdə, ümumi kredit portfelini həcmi 16 milyard 785 milyon manat olub. Amma problem heç də və yalnız problemi kreditlərin həcminin artımında deyil. Məsələ ondadır ki, bu ilin əvvəlində Mərkəzi Bankın 5 min dollaradək götürülmüş kreditlərə kompensasiya verməsi üçün cəmi 250 milyon manat tələb edilirdi. Mərkəzi Bank kompensasiya vermədi amma banklar 250 milyon manatdan daha çox itirdilər. Monitorinqlər göstərir ki, yubanmalara əsasən istehlak kreditləri, yəni kompensasiya təklif edilən kredit xətləri üzrə qeydə alınır. Digər tərəfdən, monitorinqlər göstərir ki, problemli kreditlər “ümidsiz kreditlər” kimi geri qaytarılması mümkün olmayan kreditlərdir. Güman olunur ki, məhz məzənnə fərqinə görə növbəti dövrdə problemli kreditlərin həcmində daha çox artımlar müşahidə ediləcək. Deməli, kompensasiya verməməklə “maliyyə intizamını” qorumağa çalışdığını bəyan edən Mərkəzi Bank əslində problemli kreditlərin həcminin artmasına şərait yaratmaqla bank sektorunda bu “intizamı” pozmuş oldu".
 
vüqar bayramov ile ilgili görsel sonucu
 
Qeyd edək ki, ekspertlər ödənilə bilməyən kreditlərin məbləğinin daha da artacağını proqnozlaşdırırlar. Bildirilir ki, Mərkəzi Bank cəmiyyətdəki xofu aradan qaldırmaq üçün ödənilməyən, vaxtı keçmiş kreditlərin məbləğini azaldır. Ekspertlərin fikrincə, statistikanın azaldılması ictimaiyyətin hansısa formada kredit ödənişindən imtinasının qarşısını almaq məqsədi güdür. Həmçinin bildirilir ki, tədbirlər görülməsə, məhz kredit ödənişi ilə bağlı bank sektorunu çox ciddi problemlər gözləyir. 
 
Ekspertlərin sözlərinə görə, problemli kreditlərin artması bütünlüklə bank sistemi üçün problemdir. Problemi yaradan başlıca səbəb xarici valyutada götürülmüş, bu günə qədər qaytarılmayan kreditlərdir. Qeyd edilir ki, devalvasiya nəticəsində vətəndaşın aldığı borc iki dəfə artıb və vətəndaş bunu ödəmək iqtidarında deyil. Bildirilir ki, bu sahədə çox ciddi problemlər var. Problem çözülməsə isə vəziyyət daha da pisləşəcək. Bildirilir ki, aidiyyəti qurumların bu istiqamətdə addım atmaması bank sektoruna ciddi çətinlik törətməkdədir. Yəni borcluların bank kreditlərini ödəməməsi getdikcə adiləşir. Ekspertlərin fikrincə, kompensasiya mexanizmi zamanında tətbiq olunmalı idi.
Cia.az