Yanvarın 5-də Mərkəzi Seçki Komissiyası (MSK) 70 saylı Masallı şəhər seçki dairəsində Musaküçə bələdiyyəsi üzrə 34 və 35 saylı məntəqələrdə keçirilən seçkinin nəticələrini ləğv edib. Rayonda bu məsələ əsas müzakirə mövzularından birinə çevrilib.
Bildirilir ki, nəticələrin ləğvində YAP-ın Masallı Təşkilatının sədri Seyfəddin Əliyevin rolu böyükdür. Aşkar seçki saxtakarlıqlarında iştirak edən bu şəxs qanunları saya salmır. Nəticə isə göz önündədir.
Masallı Ziyalılar Birliyinin sədri Məmmədağa Eynullayev “Yeni Müsavat”a deyib ki, son olaraq nəticələrin ləğvinə səbəb olan addımlar seçkilərdən əvvəl atılıb: “Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində iştirak etmək üçün yaşadığım Musaküçə kəndindən namizədliyimi verdim. Bundan sonra bizə qarşı kampaniya başladı. Seçki Dairəsi vasitəsi ilə icra hakimiyyəti mənim namizədliyimin ləğvi üçün çox səy göstərdi. Namizəd Fərrux Tağıyevin yaxınlarına da təzyiqlər oldu. Onun oğluna təzyiq edib atasına verdiyi imzanı geri götürməsinə nail olmuşdular. Atasının əleyhinə oğlundan izahat da aldılar. Bütün bunlar oldu. YAP sədri Seyfəddin Əliyev, orqan aparatı bu işlərlə məşğul oldu. İcra Hakimiyyəti 70 saylı DSK-ya alternativ oldu. Bu adamlar əvvəldən müəyyən edirlər ki, bələdiyyə sədri və üzvləri kimlər olmalıdır, qabaqcadan siyahılar tuturlar. Hansı kənddə kim olacaq əvvəldən bilinirdi”.
M.Eynullayev bildirib ki, müstəqil namizədlərə imza vermiş şəxslərə qarşı şantaja yol verilib: “İşləyən adamları hədələyib bizə verdiyi imzaları geri götürmələrinə məcbur edirdilər. Aktımız var ki, icra nümayəndəsi icra başçısının tapşırığı ilə belə saxtakarlıq etdiyini deyir. YAP Masallı təşkilatın sədri bu işlərdə ən aktiv iştirak edənlərdəndir. O, qanuna zidd olaraq Masallı İcra Hakimiyyətində şöbə müdiri vəzifəsini daşıyır. Ona rəhbərliyi icra başçısı edirdi. MSK-ya göndərdiyim məktubun vaxtında çatmaması üçün min bir maneə yaratdılar. Seyfəddin Əliyev orada canfəşanlıq edənlərdən olub. YAP-ın təşkilat sədri dövlət qulluqçusu ola bilməz. ”Siyasi partiyalar haqda" Qanunla bu yasaqdır. Amma nə olsun? Bu adam oturub icra hakimiyyətində, şöbə müdiridir".
M.Eynullayev baş verənlərlə bağlı məhkəməyə müraciət etdiyini də bildirib. Qeyd edib ki, rayonda törədilən qanunsuzluqlar haqda məlumatları müxtəlif yollarla prezidentə çatdırırlar: “Buna görə də bizi təqib edirlər. Bizə qarşı təqib-təzyiq kampaniyası aparılır”.
Yada salaq ki, M.Eynullayev, F.Tağıyev və başqalarının şikayətlərinə MSK 20 noyabr 2014-cü ildə baxıb və qərar verib. Qərarda yazılıb: “Göstərilən xüsusatlarla yanaşı, Mərkəzi Seçki Komissiyası hesab edir ki, Musaküçə bələdiyyəsi üzvlüyünə namizəd F.M.Tağıyev və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti təmin edilməli, Masallı Rayon İcra Hakimiyyəti strukturları tərəfindən seçkilərə müdaxilə kimi yozula biləcək hərəkətlərə yol verilməməsinin zəruriliyi onların diqqətinə çatdırılmalıdır”.
