|
Bu təxribat kimə lazımdır?

Nizami Gəncəvinin Dərbənddəki heykəlinin, habelə azərbaycanlıların digər müqəddəs mənəvi-dini irs nümunələrinin təhqir olunması Rusiyadakı azərbaycanlı icmasını hərəkətə gətirib.

CİA.Az “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, son günlər Dağıstanda baş verənlər, soydaşlarımızın sıxışdırılması, gərginliyi aradan qaldırmaq üçün bölgəyə əlavə qüvvələrin gətirilməsi maraq doğurur. Politoloq Vəfa Quluzadə hesab edir ki, Dağıstanda baş verənlər təsadüfi xarakter daşımır və rəsmi Bakıya bir mesajdır. Baş verənlərin səbəbi isə odur ki, Azərbaycan Rusiyanın ondan istədiklərini yerinə yetirmir: “Nə Avrasiya Ittifaqı, nə də Gömrük Ittifaqı Azərbaycanın milli maraqlarına uyğun deyil. Kremldə belə bir ümid var idi ki, Azərbaycan Ermənistanla birgə əvvəl-axır Gömrük Ittifaqına daxil olacaq. Ona görə gah atəşkəs xəttində təxribatlar olur, gah şimal tərəfdə çaxnaşmalar salınır. Ona görə bütün bunlar hamısı gözləniləndir”.

Bu baxımdan Dağıstanda baş verənləri Rusiyanın Azərbaycana qarşı təzyiqi kimi dəyərləndirən V.Quluzadə bildirdi ki, Azərbaycan Rusiyaya böhranlı durumda hər cür köməklik etməyə hazırdır. Amma Rusiyaya bu kifayət etmir. “Putin öz strategiyasından hələ əl çəkməyib. Putin Ukraynanı və keçmiş sovet ölkələrini ram etməkdə israrlıdır. Ona görə bu siyasət dəyişməyincə, bu cür təxribatlar davam edəcək. Nizami Gəncəvinin heykəlinə qarşı təxribat kimə lazım idi? Məncə, bu siyasi bir sifarişdir”, deyə V.Quluzadə vurğuladı.