|
Bakıda retro avtomobillərin yürüşü və sərgisi

Avtomobil də şərab kimidir, qaldıqca daha çox dəyərə minir və daha çox diqqət cəlb edir. 20-30 il əvvəl onları hər gün küçələrdə görmək olardı, indi daha çox sərgilərdə nümayiş olunurlar. Söhbət bu gün Dövlət Bayrağı Meydanını bəzəyən retro avtomobillərdən gedir.

Virtualaz.org xəbər verir ki, “Volqa”, “Pobeda”, “ZAZ”, “Moskviç” kimi köhnə sovet maşınları ilə yanaşı klassik “Mercedes”, “Chevrolet”, “Volkswagen”, “Truif” və digər marka və modelləri görmək üçün Bakının bütün avtomobil həvəskarları Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan sərgiyə toplaşmışdı.

 

Kolleksiyaçılar az qala tozunu üfürüb parıldatdıqları avtomobillərini fəxrlə nümayiş etdirirdilər. Heydər Əliyev Mərkəzindən başlayıb Bayraq Meydanına qədər davam edən paradda 75 avtomobil nümayiş olunurdu. Onların içərisində Azərbaycan Avtomobil Federasiyasına və Heydər Əliyev Mərkəzinə məxsus 30 avtomobilə yanaşı, kolleksiyaçıların fərdi 45 avtomobili də var idi.

Azərbaycan Avtomobil Federasiyasının baş katibi Anar Şükürovun sözlərinə görə, yürüşdə iştirak edən ən köhnə avtomobilin 67 yaşı var. Bu 1949-cu ildə istehsal olunan “Plimut” avtomobilidir. Səginin ən təzə avtomobili isə 1980-ci il istehsalıdır.

“Sərgidə bütün markalardan olan avtomobillər təmsil olunur. Məsələn, “Mercedes”, “Chevrolet”, “Volkswagen”, “Byuik”, “Triumf” kimi avtomaşınlarla yanaşı “Volqa”, “Lada”, “Qaz” və sair kimi sovet avtomobillərinə də rast gəlmək mümkündür.

Sərgi ilə bağlı vətəndaşlara telefon və e-mail vasitəsilə noyabrın 8-dək qeydiyyatdan keçmək imkanı verilsə də, bu gün səhərə qədər qeydiyyatla bağlı zənglər ara verməyib. İştirak etmək istəyənlərin sayı çox olsa da, tədbirin planlanması və təşkilati məsələlərlə əlaqədar onlar digər nümayişlərə saxlanılıb”, - deyə AAF rəsmisi bildirdi.

Sərginin ən bahalı avtomobil isə “Mercedes Galline”dir. Nadir tapılan bu avtomobildən dünyada cəmi 500 ədəd istehsal edilib. Bazar qiymətini dəqiq demək mümkün deyil. Yalnız o məlumdur ki, hərraclarda satılan bu avtomobillərin qiyməti 7 rəqəmlidir, yəni milyonu ötüb. Avtomobil Heydər Əliyev Mərkəzində saxlanılır.

Sərgidə onu da öyrəndik ki, Azərbaycanda olan ən qədim avtomobil burada nümayiş olunmur. Əslində 124 yaşı olan bu avtomobilə avtomobil də demək olmaz. Çünki 1892-ci ildə istehsal olunan bu maşın daha çox mühərrikli faytona bənzəyir. Maksimal sürəti 3-5 kilometr/saat olan bu maşınla piyada gəzən insan ötüşə bilər. Elə bu səbəbdən də onu sərgiyə gətirməmişdilər.

Sərgi işrtirakçıları demək olar ki, bütün avtomobillərə maraq göstərirdilər. Bunu bütün avtomobillərin qarşısında toplanaraq “selfi” çəkdirənlərdən anlamaq olardı. Gələnlərin arasında həm sovet avtomobilləri, həm də xarici avtomobillərlə maraqlananlar var idi.

Sərginin diqqət çəkən avtomobillərindən biri də göy-sarı rəngli “milis” avtomobili idi. Bu 1961-ci ildə istehsal olunan “Qaz 21”-dir. Nümayişçinin sözlərinə görə, sovet dövründə “Volqa” markalı avtomobillər polis avtomobili kimi istifadə olunurdu. Bu isə həmin avtomobillərin mühərrikinin digər avtomobillərdən daha güclü olması ilə əlaqədar idi. Ona görə də onlara xalq arasında “doqonyalka” deyilirdi. Milis onlardan qanunu pozan sürücülərə və xarici casuslara çatmaq üçün istifadə edirdi. Üzərində xüsusi texniki avadanlıq quraşdırılan bu avtomobil də digərləri kimi saz vəziyyətdə idi.

Diqqət çəkən avtomobillərdən biri də 1969-cu ildə istehsal olunmuş “Chevrolet corvette” avtomobilidir. “V8” mühərrikli bu avtomobilə yaxınlaşıb foto çəkdirmək, içərisində heç olmasa bir neçə dəqiqəlik əyləşib keçmişə qayıtmaq istəyənlər növbəyə düzülmüşdülər.

“Vaz” markalı avtomobillərə hələ küçələrdə rast gəlsək də, burada “Vaz” avtomobilinin az tapılan növlərini də gördük. Məsələn, bunlardan biri 1971-ci ildə istehsal edilən “Vaz 2101” “İtalyanka” modeli idi.

Sərgiyə gələnlərin ən çox foto çəkdirdiyi avtomobillərədən biri də 1952-ci il istehsallı “Pobeda” avtomobilidir. Avtomobilin sahibi Asəf Abdullayevin sözlərinə görə, atasından yadigar qaldığına görə, onu göz bəbəyi kimi qoruyur: “Atamdan qaldığına görə satmamışam, ata yadigarı kimi qoruyuram. Dəyəri çox bahadır. Qiyməti 100 min manatdan çox yuxarıdır, amma satmaq niyyətim yoxdur. İçərisində elə də dəyişiklik etməmişəm, sadəcə üzərinə bir az əl gəzdirmişəm və saz vəziyyətdədir. Orginal zavod maşınıdır. Gündəliyə sürmürəm, yalnız ailəmlə birlikdə toya-məclisə gedəndə özümüz istifadə edirik”.

Avtomobillə çox maraqlandığımızı görən kolleksiyaçı söz verdi: "Heç kimə etibar etmirəm, amma söz verirəm ki, sizin toyunuzda gətirirərəm".

Həqiqətən də, kolleksiyaçı üçün bir qanun var: əldə etdiyini nəyin bahasına olursa olsun, satmaz. Buna retro sərgidə avtomobil sahibləri ilə söhbətimiz zamanı bir daha əmin olduq.

Bu gün dəmir parçası kimi baxdığımız bu avtomobillər əslində tarixin bir parçasıdır, canlı əfsanələrdir. Keçmişi olub yaddaşı olmayan dörd təkərin bizə söyləməyə çox sözü var. Nə qədər rəng çəkilib təzələnsə də, yenə də insanı xəyalən keçmişə aparır.