ABŞ seçkilərində Donald Trampın qələbəyə yaxınlaşması Kanadanın miqrasiya saytını çökdürüb.
Musavat.com-un məlumatına görə, məşhur şəxslər də daxil olmaqla bir çoxları Tramp ABŞ prezidenti olacağı halda Kanadaya köçəcəyini açıqlamışdı. Respublikaçılar Partiyasının lideri qələbəyə yaxınlaşdıqca, ölkədən getmək istəyənlər Kanadaya getməyin yollarını araşdırmaq üçün miqrasiya saytına üz tutublar. Saytın həddindən çox yüklənməsi onun sıradan çıxmasına səbəb olub.
Digər tərəfdən, Demokratlar Partiyasının namizədi Hillari Klintonun tərəftarları tez-tez yenilənən səs saylarına baxıb göz yaşlarını saxlaya bilmirlər. Səslər sayılmağa başlayanda Klintonun irəlidə olduğunu görən tərəftarlar seçkilərin nəticələrini coşqulu olaraq qeyd etmək üçün Manhettendəki “Javits Center”ə toplaşıblar və çılğın qələbə sevinci yaşayıblar. Lakin sonradan nəticələr Trampın xeyirinə dəyişib və Klinton tərəftarları səssiz halda əl-ələ tutub dua etməyə başlayıblar.
Nyu-York şəhərinin müxtəlif meydanlarına toplanan insanlar da həyəcanla son nəticəni gözləyirlər. Nyu-Yorkda təklükəsizlik tədbirləri yüksək səviyyəyə gətirilib. Nəticələr açıqlandıqdan sonra Klinton və Trampın çıxış edəcəyi otelin konfrans zalı terrora qarşı təhlükələrdən yüksək səviyyədə qorunur.
cia.az
