“Hyatt Regens” oteli önündə iki ayrı-ayrı izdaham kütləsi toplanmışdı. Bir tərəfdə təqaüdçülər bankomat qarşısında yığılmışdı, digər tərəfdə jurnalist tayfası. Hər iki izdiham kütləsini eyni etiraz, narazılıq hissi birləşdirirdi - bankomatlarda pul kütləsi yoxdu, jurnalistlərin bəzilərini,- o cümlədən bizi, - içəri buraxmırdılar.
Otel ətrafında güclü təhlükəsizlik tədbirləri həyata keçirilirdi - hərbi geyimli şəxslər, itləri irəli buraxıb yan-yörəni qarış-qarış yoxlayırdılar. İtlər, özüm şahidəm, hərdən itaətdən çıxır, həddini aşır, qonaqları da qoxulayıb iyləyirdilər. Biz də, bu xoşagəlməz sınağa, yoxlamaya məruz qaldıq. Bir də gördüm, köpəklər üst-başımı, çantamı iyləyib ətrafımda gəzişirlər. Pəncələriylə üstümə dırmaşırdılar az qala.
QHT şurasının mətbuat xidməti rəhbəri Elməddin Behbud bunu gördükdə əvvəl çaşdı. Diksindi. Gözlərindən oxudum-“səbirli ol, qorxma, barəndə məruzə etmişəm, bəlkə səni az sonra içəridəki konfransa dəvət etdilər”.
Lakin bir təhlükə ocağı tam nəzarətsiz idi, qapıdakı akasiya ağaclarından, bir də görürdün, şşarrappp, bir meymun alması ayrılıb yerə çırpılırdı, ətrafa səs salırdı. Bu vaxt həm itlər diksinirdi, həm də, bizim kimi, qapı ağzına yığılmış jurnalist babalar. Təhlükəsizliyimizi təmin edən mülkü geyimlilərə baxıb bir detalı tutdum - pencəklərinin aşağıdakı son düymələri açıqdı. Səbəb aydındı -tapancaya əl atdıqda maneəyə rast gəlməsinlər. Hər cür terrorçuya, şübhəli kəslərə, zəmanəmizin müasir ben Ladenlərinə anında cavab verə bilsinlər.
Ətrafıma fikir verib gördüm ki, yan-yörəmdə üçüncü aşağı düyməsi açıq bir xeyli naməlum şəxs gəzişir. Bəzilərini bu formatda ilk dəfə görürdüm. Yüz illlik tanışlarımın əslində kim olduğunu ancaq indi aşkarlayırdım.
Bakıdakı diplomatik korpus nümayəndələri bir-bir gəlib qeydiyyata düşür, maneəsiz içəri daxil olurdular. ABŞ səfirliyi nümayəndəsini, elə bil rusiyalı həmkarı güdüb təqib edirdi. Amerikalı diplomat qapıda görününcə, ardıca anında bir rusiyalı mütəxəssis peyda oldu.
Aramızdan balıq kimi sivişib keçdi.
“Azərbaycan qeyri-hökumət təşkilatları forumu”nu təmsil edən Rauf Zeyni, bütün bu xırdalıqlara fikir verdiyimi görüb tez mənə yaxınlaşdı. “İlk imkan ələ düşüncə, sizi içəri dəvət edəcəyəm” deyib əsəblərimi xeyli sakitləşdirdi.
Dedilər, gözlə, mən də sakitcə gözləyirəm. Yüngül geyimli, qısa ətəkli, göygöz bir xanım, sənəd-zad göstərmədən, etinasızcasına böyrümüzdən keçəndə dərdimiz yenə təzələnir.
Hammız eyni anda köksümüzü ötürüb, dərindən bir “ah!” çəkirik.
Lakin “Haqqın.az” saytının nümayəndəsi içəri maneəsiz daxil olduqda, təzədən əsəbləşirəm. Tərs-tərs baxıram yenə Rauf Zeyni tərəfə.
Prosesi axıracan güdüb qərara gəlirəm ki, bizim qeyri-hökumət təşkilatları əslində hökumət təşkilatlarıdır. Yoxsa, uşaq olmayın, bu zümrə nümayəndələrini içəri, bax, bu cür maneəsiz buraxmazdılar. Qapıda durub bir an bunun dəqiq monitorinqini aparır, jurnalist həyatının pərdəarxasına dəqiq bələd oluram.
Saat artıq 11:00-ı keçir, bizi isə hələ də içəri buraxmayırlar. Bankomatlarda pul yoxdu.
Önündəki təqaüdçü kütləsi getdikcə sayca artır. İzdiham böyüyüb gəlib çatır bizə. Jurnalist tayfasının ac təqaüdçülərlə birləşmək təhlükəsi yaşanır bir an otel qapıları önündə. Vəziyyət də məhz, bax, bu nöqtədə, bu məqamda tam dəyişir.
Bakıya İçveçdən gəlmiş erməni yazıçısı Vahe Avetyan bu vaxt qəfil qapıda görünüb aramızdakı pıçapıçı, şək-şübhələri artırır. Qulaqlarıma inanmıram: “Səhər-səhər Avetyan əlində gül çələngi gedib “Xocalı qurbanları” heykəli önünə. Başını heykəl önündə əyib”.
Fotokameralar, flaşlar işə düşüb ətrafı nura boyayır. Vahe Avetyan kameralara üz tutub azca gülümsəyir. Qapı ağzında yubanmadan, ayaq saxlamadan cəld içəri daxil olur.
Saat 12:00-dır artıq. Bu vaxt kimsə arxadan qulağıma pıçıldayır: “Məclis bitənəcən eşiyə bircə sətir mesaj belə sızmayacaq şərti altında sizi içəri buraxmağa hazırıq”.
Başımın bircə təqdiredici hərəkətiylə razılığımı bildirirəm. Naməlum bir şəxsin arxasıca düşüb, ikinci mərtəbəyə qalxıram.
İçəridə artıq nə vaxtdır konfrans davam edir. İrimiqyaslı monitor ekranını “Azərbaycan-Ermənistan. Dağlıq Qarabağ münaqişəsi. Əsas maneələr və nizamlama prespektivləri. Azərbaycan və Ermənistandan baxış” sətirləri bəzəyir.
Press-relizə baxıb ötürdüyüm məruzələri beynimdə bərpa edirəm. Konfrans Rauf Zeyninin qısa nitqiylə başlayıb. Sonra politoloq Rizvan Hüseynov məruzə edib. Moderatorluq edib. Yuxulu məclisi bir xeyli canlandırıb.
Çıxışların bir qismini eşitməsəm də, barələrində çox sözlər eşitdim “”Hyatt Regensy” otelinin bu “Quba” zalında. Rusiya nümayəndəsinin, hörmətli Rauf Zeyni və digər təşkilatçılarla ayrıca səmimi görüşü diqqətimdən qaçmır. Politoloq Rasim Ağayevin çıxışını da eyni axarda görüb beynimdə bəzi qənaətlərə gəlirəm. Hiss edirəm sülhməramlı prosesə, xalq diplomatiyasına, deyəsən, bu dəfə Rusiya tərəfi də fəal qoşulub. Hər halda, məclisdə Amerika və Rusiya tərəflərinin rəqabəti göz önündəydi. Ətrafına hərdən tərs-tərs baxan Amerika nümayəndəsi böyrümdə əyləşmişdi. Hərəkətlərindən narahatlığını sezirdim.
Məclisdəki ermənilərin ikincisi Vaan Martirosyan da yaxşı danışdı bu konfrasda. Xalqlararası dialoqa böyük ehtiyac yarandığını xüsusi vurğuladı. Maraqlı bir detala diqqətimizi yönəltdi - “Hər iki tərəfdə 2000 min fəal iştirakçı olsa, proses qarşıalınmaz hala gələcək, biləsiz”.
***
İkinci fasilədən sonra moderator Rauf Zeyni media iştirakçıları üçün vacib məlumat açıqladı- “Syuzanna Caqinyan, konfransın bir başqa məruzəçisi hələ yoldadır. Hər an məclisimizdə peyda olmağı mümkündür. Gözləyək. Alınmasa, o konfransa skayp vasitəsiylə qoşulacaq”.
***
“Bakı erməniləriylə görüşləriniz, necə, baş tutdumu?” sualımı, ilk fürsətdə Vaan Martirosyana ünvanladım. Sualımın cavabı, çox da yubanmadı:
- Bakı erməniləriylə hələ İsveçrədən tanışam. Bakıda o görüşləri davam etdirdik.
- Bəs xalqlarımız arasında sülh nə vaxt bərpa olacaq?
Martirosyanın üzündən təbəssüm dalğası keçdi.
- Beş il. Beş il sonra görəcəksiz, aramızda sülh bərpa olacaq. Yerevana, Qarabağa maneəsiz gedib-gəlmə imkanı qazanacaqsız. İnanın... bu heç də xəyal deyil...
“Bu, heç də xəyal deyil” ifadəsi, lap yerinə düşdü sanki.
Düz sözümdür, istədim bu ifadəni hazırladığım reportajımın başlığına yerləşdirim.
musavat
