|
Yağıntılı hava çaylarda suyun səviyyəsinə təsir edib
Respublikanın rayonlarında yağıntılı hava şəraiti çaylarda sululuq səviyyəsinə təsir edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-220, Kiçik Qafqazın çaylarında 230-400, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-240 faizini təşkil edir.
 
Tranzit çaylardakı son vəziyyətə gəlincə, noyabrın 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 205 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 137 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.
 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 118 m3/s olmaqla, ongünlük normanın 140 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 198 m3/s təşkil edərək ongünlük normanın 235 faizinə bərabər olub.
 
Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, noyabrın 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqəsində 5, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma qeydə alınıb.
 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 523 sm (2015-ci il noyabrın 07-də 454 sm), Salyanda 397 sm (2015-ci il noyabrın 07-də 316 sm), Bankədə 275 sm (2015-ci il noyabrın 07-də 234 sm), Araz çayının Novruzlu məntəqəsində isə 234 sm (2015-ci il noyabrın 07-də 174 sm) təşkil edir.
Cia.az