|
Amerika türklərlə kürdləri “İŞİD mirası” ilə barışdırmaq istəyir
Suriyada kürdlərin qurduğu Suriya Demokratik Qüvvələri adlı hərbi alyans İŞİD-in “paytaxtı” Raqqa əməliyyatını başlatdığını elan edib. Bazar günü SDQ və YPG sözçüləri media qarşısına keçərək əməliyyatla bağlı açıqlama veriblər. 

Məlum olub ki, əməliyyata yalnız SDQ üzvü silahlı qruplar qatılacaq, ABŞ ordusu isə həm hərbi təlimatçılar, həm də koalisiya aviasiyası ilə əməliyyata dəstək verəcək. “Fəratın Qəzəbi” əməliyyatının  komanda mərkəzi qurulub. SDQ təmsilçiləri Raqqada yaşayan mülki əhaliyə müraciət edərək təhlükəli bölgələrdən kənar durmağa çağırıblar. 
“Əl-Cəzirə” telekanalına açıqlama verən amerikalı hərbi mənbələr əməliyyatın başlamasından məmnun olduqlarını bildiriblər. Amerikalı hərbçilər bildiriblər ki, əməliyyat İraqda İŞİD-ə qarşı əməliyyatla paralel aparılacaq, İŞİD-in İraq və Suriyadakı bağlarının qırılması, nəticədə Raqqanın azad edilməsini planlayır. Eyni zamanda qeyd edib ki, əməliyyata müttəfiq və koalisiya üzvü ölkələr dəstək verir. Bundan başqa, əsas hədəf İŞİD-in terror sahələrini məhdudlaşdırmaq, onu möhkəmləndiyi bölgələrdən təmizləməkdir. 
 
Qeyd edək ki, daha əvvəl Türkiyə baş naziri bəyan etmişdi ki, Raqqa əməliyyatını Azad Suriya Ordusu adlı müxalif hərbi birləşmə ilə birlikdə həyata keçirəcəklər. Ancaq görünür ki, Amerika kürdlərlə əməkdaşlıqda maraqlı olub. Ya da ən azından indiki mərhələdə əməliyyata kürdlərlə başlamağı uyğun bilib. Amerikalı rəsmilər də bildiriblər ki, əməliyyatın Suriyanın yerli milli azlıqların birləşdiyi SDQ tərəfindən həyata keçirilməsi üstünlükdür.

Image result for Rakka Türkiye ordusu DAEŞ
 
Raqqa əməliyyatına Türkiyənin də qatılması planlanır. Ancaq amerikalı hərbi mənbələr Türkiyənin yalnız İŞİD-in İraq və Suriyadakı qüvvələri arasındakı bağlar qoparıldıqdan sonra, ikinci mərhələdə əməliyyata qatılması nəzərdə tutulub. Çünki ilkin mərhələdə Raqqanın mühasirəyə alınması prosesi gedir. 
 
Xatırladaq ki, Türkiyə hökuməti Raqqa əməliyyatında Ankaranın kürdlərlə (PYD/YPG) iştirakını mümkünsüz adlandırıb. Ankara daha əvvəl də Suriya kürdlərinin təşkilatı PYD-ni və onun hərbi qanadı YPG-ni terror təşkilatı, PKK-nın Suriya qolu adlandırıb. Ankara avqustun 24-də Suriya ərazisinə ordu yeritməklə kürdləri Suriyanın şimalından - Türkiyə sərhədindən uzaqlaşdırmaq məqsədi güdürdü. Belə bir durumda Ankaranın Raqqa əməliyyatına kürdlərlə qatılmasının anlamı qalmır. Çünki hazırda, faktiki olaraq, kürdlərlə Türkiyənin dəstəklədiyi qüvvələr arasında Suriyanın şimalında savaş mövcuddur. 
Yeri gəlmişkən, bazar günü ABŞ Baş Qərargah rəisi, ordu generalı Jozef Danford Ankaraya səfərə gəlib. Türkiyə Ordusu Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla görüşən amerikalı general “regional təhlükəsizlik, İraq və Suriyadakı son vəziyyəti” müzakirə edib. Rəsmi açıqlamada iki generalın “İraq və Suriyanın ərazi bütövlüyünün qorunması və terrorizmə qarşı mübarizə ilə bağlı” danışıqlar apardığı bildirilir.
 
Image result for Rakka Türk ordusu
 
Türkiyə Ordusu Baş Qərargahının yaydığı açıqlamada Danfordun Raqqa əməliyyatının yalnız SDQ ilə aparılmasının mümkün olmayacağı, digər qüvvələrin də qatılması üçün danışıqlar aparıldığı haqda məlumat verdiyi qeyd olunur. Amerikalı general Raqqa əməliyyatına “sünni ərəb silahlılarının” da qatılması ilə bağlı çalışmaların davam etdiyini deyib. Eyni zamanda rəsmi açıqlamada iki ölkənin hərbi komandanlığı arasında sürətli rabitəni təmin etmək məqsədilə ABŞ Baş Qərargahının xüsusi nümayəndəsinin Ankarada yerləşməsi ilə bağlı razılıq əldə olunub. 
 
Bu səfərdən və verilən açıqlamadan belə məlum olur ki, ABŞ hökuməti Türkiyə ordusunun və Ankaranın dəstəklədiyi suriyalı silahlıların Raqqa əməliyyatına qatılmasına çalışır. General Danfordun Ankara səfəri də bu məqsədlidir. Amerikalılar türklərin və Ankaranın təsiri altındakı silahlıların əməliyyata qatılması ilə Raqqanın təmizlənməsini təmin etməklə yanaşı, eyni zamanda Suriyanın şimalında kürdlərlə Ankara arasında anlaşmaya, ən azından ərazi üzərində anlaşma əldə etmələrinə çalışır. Çünki hazırda hər iki tərəfin iddia etdiyi ərazilər var və bunlar ciddi münaqişə mənbəyidir. Ancaq Türkiyə hələlik kürdlərlə anlaşmaq istəmir və görünən odur ki, Suriyanın şimalında daha böyük üstünlük tələb edir. Vaşinqton isə hər iki müttəfiqini təmin edən ortaq variant tapmalıdır. Hələliksə yeganə variant İŞİD-in əlində olan ərazilərin təmizlənərək iki tərəf arasında bölünməsidir. 
 
Image result for Rakka Türkiye ordusu DAEŞ
 
Qeyd edək ki, Raqqa Fərat çayı üzərində Suriyanın şimal-şərqində ən böyük yaşayış məntəqəsidir. Dəməşqlə Raqqa arasında böyük səhralıq ərazi var. Ancaq bu bölgədə neftin olması (Suriyanın əsas neft ehtiyatı bu bölgədədir - K.R.) və Suriya-İraq sərhədi üzərində yerləşməsi onun əhəmiyyətini artırır. 
 
Raqqa şəhəri 2013-cü ildə Suriyada müxalif silahlıların əlində keçən ilk böyük şəhərdir. 2014-cü il yanvarın 3-də radikal qruplar arasında başlayan savaş nəticəsində yanvarın 14-də Raqqa İŞİD-in əlinə keçib. Bu dövrdən sonra Raqqa İŞİD-in Suriyadakı “paytaxtı” və əsas ordu qərargahı oldu. Xüsusən də xaricdən gələnlər Raqqaya yerləşdirilib və döyüş əməliyyatlarına burdan göndərilib. İŞİD-in işğalına qədər 800 min əhalinin yaşadığı (savaşdan qaçanlarla birlikdə - K.R.) Raqqada Tabqa elektrik stansiyası, eyni adlı hərbi aerodrom yerləşir. 
 
Cia.az