|
Nikaraquada prezident seçkisi: ilkin rəsmi nəticələr
Nikaraquada prezident seçkisinin ilkin rəsmi nəticələri açıqlanıb.
 
Nikaraqua Mərkəzi Amerika ölkəsidir. Burada prezident seçkisi noyabrın 6-da keçirilib.
 
Novator.az-ın məlumatına görə, Ali Seçki Şurası hazırkı dövlət başçısı Daniel Orteqanın səslərin 71,3%-ni topladığını bəyan edib.
 
Daniel Orteqa həm də Sandinist Cəbhəsinin başçısıdır, onun prezidentliyə namizədliyi bu cəbhədən irəli sürülüb. Daniel Orteqa prezident postunu 2006-cı ildən tutur. O, 1985-1990-cı illərdə də Nikaraquaya rəhbərlik edib.
 
Ali Seçki Şurasının hesablamasına görə, 6 noyabr seçkisində ikinci yeri 16,4% səslə Maksimino Rodriges tutur. Maksimino Rodriges vətəndaş müharibəsində sandinistlərə qarşı çıxan döyüşçü kimi tanınır.
 
Ali Seçki Şurası bildirir ki, bülletenlərin hələ 21,3%-i hesablanıb və ilkin nəticələr də buna əsaslanır.
 
Nikaraquada noyabrın 6-da keçirilən seçkidə ölkə əhalisi prezidentlə yanaşı vitse-prezident, Milli və Mərkəzi Amerika parlamentinin deputatlarını da seçib.
 
6 noyabr seçkisində ümumilikdə dövlət başçısı postuna 6 namizəd olub.
cia.az