|
Azərbaycanlı siyasətçilər Dəmirtaşın həbsini təqdir etdilər
Son günlərdə Türkiyədə kürd liderlərin həbsi dünya və Azərbaycan mediasının əsas gündəmi oldu. Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar Səlahəddin Dəmirtaş, Figen Yüksekdağ İdris Balukən, Leyla Birlik və Nursel Aydoğan barəsində məhkəmə qərarı çıxarılıb və həmin şəxslər həbsxanaya köçürülüblər. HDP liderlərinin həbsinə dünyadan da reaksiyalar gəlib. 
 
Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, bu həbslər gecikib: “Hər kəs bilirdi ki, HDP PKK-ın siyasi qoludur. Çox təəssüflər olsun ki, bəzi maraqlar naminə onların parlamentə buraxılmasına və siyasi mübarizə aparmalarına göz yumuldu. Bu tipli məsələlər bu gün ağır fəsadlar yaratmalı idi və yaratdı da. HDP PKK-ın bir qolu kimi, ümumiyyətlə, siyasət meydanında fəaliyyət göstərməməli və parlamentdə olmamalı idi. Ədliyyə Nazirliyi və hüquq mühafizə orqanları Türkiyədə bu işin üzərində daha ciddi işləməli idilər. Təəssüf edirəm ki, vaxtında onların siyasi fəaliyyətlərinə göz yumulması bu gün Türkiyə üçün baha başa gəlir. İndi bir millət vəkilinin və bir siyasi təşkilatın həbsindən, onun üzvlərinə təzyiqdən söhbət gedir. Başda doğru siyasət yürüdülsəydi, heç kim belə qiymətləndirməzdi. Təəssüf ki, belə oldu. Amma hər halda bu şəxslərin hər birinin PKK-a bağlılığı göz önündədir və bilinir. Eyni zamanda, terror bundan sonra da səngiməyəcək. Daha da arta bilər. Türkiyəni siyasi masa arxasına çəkməyə və bu şəxsləri alver predimetinə çevirməyə çalışacaqlar. Türkiyənin bu prosesləri necə aparacağı gələcəyin işidir. Proses bir qədər çətin və problemli görünür”. 
Partiya sədri xaricdən gələn reaksiyalara da münasibət bildirdi: “Həbslərin sərt şəkildə qınanmasının əsas səbəbi o idi ki, bu şəxslər parlamentdə idilər və siyasi fəaliyyətlə məşğul olurdular. Eyni zamanda, ölkənin qanunverici orqanının təmsilçiləri idilər. Əgər parlamentdə təmsil olunmayana qədər onların fəaliyyətinə doğru qiymət verilsəydi, heç kim bu cür reaksiya verməzdi. Bu reaksiyaları təbii qəbul etmək lazımdır. Doğrudur, bizim tərəfimizdən bu reaksiyalar təəssüflə qarşılanır. Amma burada parlamentaridən, bir siyasi təşkilatın rəhbərinin həbsindən söhbət gedir. Terrorla məşğul olanların siyasətlə məşğul olmasına izn verilməməli idi”. 
Deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirdi ki, Türkiyə hökuməti artıq qəti qərarını verib: “Bu şəxslər həm parlamentdə təmsil olunmaq, həm də terrorçularla birlikdə onları dəstəkləyən fəaliyyət göstərmək istəyirlər. Əslində onlara yol açılmışdı ki, gəlin parlamentdə sivil yolla öz xalqınızın haqlarını, istəklərini dilə gətirin, demokratik qaydada problemin çözülməsinə çalışın. Bunlar isə demokratik yola üstünlük vermədilər. Dedilər ki, terrorçu xasiyyətimizi dəyişmək istəmirik və Türkiyə dövlətinin parçalanması üçün əlimizdən gələni edəcəyik. 
 
Belə olan şəkildə Türkiyə onları xonçanın başına gətirib, əlavə imtiyazlar verməli deyildi. Əvvəl-axır bu baş verməli idi. Məsələlər artıq tavana dirəndiyinə görə, PKK ilə fəaliyyətləri təsbit olunandan sonra belə bir addımın atılması gözlənilən idi. Yerində atılmış doğru addımdır. Türkiyə bu istiqamətdə daha sərt addımlara üstünlük verməlidir. Gündə bur əsgər, polis öldürüləcək, hökumət də onlara Ankaranın mərkəzində yer verəcək, imtiyazlarını artıracaq? 
 
Belə şey ola bilməz axı. Atılan addım dəstəklənməlidir. Həbsdən sonra terror aktlarının artacağı deyilir. Guya indiyə qədər bu hal baş vermirdi ki? Bütün satqınların, dövlətə xəyanət edənlərin qarşısı alınmalıdır. O vaxt ermənilərə qarşı da belə olmuşdu. Başlarını boş buraxdılar, ruslar gələn kimi türklərə qarşı açıq fəaliyyətə keçdilər. Bu baxımdan məsələnin başqa çıxış yolu yoxdur. Yerində olan addımlardır. Qərbdən gələn reaksiyalar bəllidir, amma polisin, əsgərin haqqı yoxdur? Etirazın hüquqi əsası olmalıdır. Dövlətimizi verəcəm ki, parçalayasan, sənə də güldən ağır söz deməyəcəm? Belə şey olmaz”.