|
On ayın iqtisadi yekunu:
Ekspertə görə, 2016-cı ilin on ayı ölkənin müstəqillik tarixində ən problemli on aydır... 
Bu ilin on ayı ölkə iqtisadiyyatında bir çox məqamlarla yadda qalıb. Ötən müddətdə kəskin devalvasiya olmasa da, manat dəfələrlə çətin durumda qalıb. Manati xilas etmək üçün ciddi addımlar atılsa da, ilin sonuna milli valyutanı yeni sınaq gözləyir. Ötən on ayda banklarla bağlı durum da ürəkaçan olmayıb, üstəlik, yenə də bankların bağlanma təhlükəsi var. Ölkədə ümumilikdə baş verən iqtisadi azalma isə ekspertlər tərəfindən narahatlıqla vurğulanır. 
 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, əslində on ayda ən yaddaqalan məsələ ondan ibarət oldu ki, Azərbaycanda ümumdaxili məhsul nəinki MDB ölkələrində, hətta dünyada da ən çox azalan ölkələrdən biri oldu: “Rəsmi məlumata görə, ümumdaxili məhsulda 4 faizə yaxın azalma oldu. 
Xarici ticarət dövriyyəmiz azalıb, azalıb, iqtisadi aktivlik azalıb, yəni bununla bağlı makroiqtisaid göstəricilərdə çox ciddi geriləmələr olub. Adambaşına düşən dollar ekvivalentində milli gəlirimiz, ÜDM azalıb, xarici borcumuz isə artıb. Bütün bunlar on ayın neqativ göstəriciləridir. Makroiqtisadi sahədə ciddi geriləmələr olub. Azərbaycan hökuməti hələ də iqtisadiyyatda yol xəritəsi ilə bağlı, hansı ardıcıl addımların atılması ilə bağlı, belə bir proqramını hazırlayıb təqdimatını keçirməyib. Bəzi məsələlər var ki, məcburiyyətdən doğan irəliləyiş kimi qeyd etmək olar. Məsələn, gömrüklə bağlı müəyyən prosedurların şəffaflaşması prosesi baş verdi. Bu da büdcənin doldurulması ilə əlaqədar idi. Bu il iqtisadi aktivliyin azalmasına baxmayaraq, xarici ticarət dövriyyəsinin azalmasılna baxmayaraq, keçən ilin müvafiq dövrünə nisbətən gömrükdə təxminən 40 faizə yaxın artıq yığım oldu. 
 
Bu, onu göstərir ki, keçən illərdə gömrükdə rəsmiləşmə bərbad vəziyyətdə olub. Qeyri-leqal rəsmiləşdirmələr olurdu. Bu il bu sahədə müəyyən dərəcədə irəliləyiş olduğunu qeyd etmək mümkündür. Kənd təsərrüfatı ilə bağlı müəyyən qərarlar verildi. Yeni kənd təsərrüfatı sahələri, və yaxud da keçmişdə Azərbaycanın müəyyən uğurları olmuş kənd təsərrüfatı sahələri, məsələn, pambıqçılıqla bağlı müəyyən qərarlar verildi. Onun həyata keçirilməsinin ilk addımlarını gördük. Amma görünən odur ki, hələ də bu, biznes yanaşması və ya gəlirliliyə hesablanmış bir yanaşma deyil. Sovetdən qalma bir yanaşmadır. İnzibati üsullarla, hökumətin verdiyi tapşırıqlarla bu işi yerinə yetirməyə çalışırlar. Bu da effektiv, düzgün yol deyil. Əslinə qalsa, bu ilin on ayını Azərbaycanın müstəqillik tarixində ən problemli on ay kimi qeyd etmək olar. Bütün makroiqtisadi göstəricilərdə, hökumətin illərdir fəxrlə danışdığı göstəricilərdə ciddi geriləmələr oldu”. 

Ekspertin sözlərinə görə, hazırda inkişaf etdirilməsi planlaşdırılan qeyri-neft sektorunda da vəziyyət və gözləntilər ürəkaçan deyil: “Doğru-dürüst yanaşma olsa, normal stimullaşdırma proqramları olsa, idarəetmədə olan problemlər və bürokratik əngəllər aradan qaldırılsa, büdcədən ayrılan vəsaitin şəffaflığı təmin olunsa, bu sahələrin inkişafında müəyyən irəliləyişlərə nail olmaq olar. Amma heç kim özünü aldatmasın. Azərbaycana neftdən gələn gəlirlərin həcmini bu sahələrin heç biri əvəz edə bilməyəcək. Buna uzun zaman lazımdır. Həmçinin nəqliyyat dəhlizinin yaradılmasına, bunun gəlirli bir sahəyə çevrilməsinə, kənd təsərrüfatında ciddi gəlirliliyin əldə olunmasına uzun zaman lazımdır. Eyni zamanda ciddi investisiya lazımdır. Azərbaycanın isə iki ən böyük çatışmayan cəhəti var – zamanımız və pulumuz yoxdur. Yəni imkan yoxdur. 
 
Картинки по запросу qeyri-neft sektoru
 
Azərbaycan bu gün nə yüksək texnologiyalar istehsal edib sata bilər, nə başqa sahələrdə ciddi uğur qazana bilər. Məsələn, avtomobil istehsal edib sata bilməz. Kompüter istehsal edib sata bilməz. Obyektiv problemlər var, bu sahədə ümumi iqtisadi vəziyyətlə, iqtisadi aktivliklə bağlı problemlər mövcuddur. Təbii ki, Azərbaycanın tarixi yaddaşı var. Tarixi yaddaşda kənd təsərrüfatı önəmli rol oynayıb. Sadəcə, Azərbaycan hökumətinin kənd təsərrüfatı sahəsinə baxışı dəyişməlidir. Bu, Sovetdən qalma baxış, - hər şeyi dövlət etsin, hər şey dövlət investisiyası hesabına olsun,- tipli yanaşma dəyişməsə, kənd təsərrüfatı sahəsində ciddi effekt verməyəcək. Hətta dəyişsə belə, uzun zaman lazım olacaq ki, Azərbaycanda kənd təsərrüfatından ciddi gəlirlər əldə olunsun. Azərbaycanın isə nə zamanı, nə pulu yoxdur. Bu cür vəziyyət hökuməti seytnot vəziyyətinə salıb. Və çox ciddi şəkildə görünən odur ki, hökumət bir sahədən digər sahəyə keçidlər etməklə, müəyyən qədər vəziyyətdən çıxmağa çalışır. Amma təəssüf ki, hələlik pozitiv dəyişiklikləri görmürük”. 

Ekspert Qubad İbadoğlu isə növbəti iki ayla bağlı proqnozlarını bplüşüb və vəziyyətin yaxşı olmayacağını vurğulayıb. “Qərarlaşmış tendensiyalar göstərir ki, cari ilin son 2 ayında milli iqtisadiyyatda ciddi dəyişikliklər baş verə bilər. Əgər ölkədə sürətli və kompleks islahatlar başlmasa belə dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və azad biznes icması olacaq”,- deyə ekspert qeyd edib. 
Onun sözlərinə görə, son iki ayda qiymətlər daha sürətlə bahalaşacaq: “Manatın məzənnəsinin ucuzlaşması, mövsümü amillərin fəallaşması və dövriyyədə pul bazasınin artması istehlak qiymətləri indeksini yüksəldəcək. Bu ilin oktyabrında ölkədə pul bazası 9,4 faiz artaraq 7,4 milyard manat olub”. 
 
Q.İbadoğlunun sözlərinə görə, manatın məzənnəsi ucuzlaşmaqda davam edəcək: “Çünki müşahidələr göstərir ki, Mərkəzi Bankın məzənnə siyasətindəki son dəyişiklik onun gerçək kursunun müəyyənləşməsinə hədəflənib. Bu siyasəti kifayət qədər vaxt itirəndən sonra gec də məqbul hesab edən Mərkəzi Bankın hazırkı yanaşması indiki halda daha düzgündür. Manatın məzənnəsinin ucuzlaşmasına təsir göstərən amillərdən biri də ABŞ-da FES faizləri artırmaq ehtimalının getdikcə artmasıdır. Dekabrın 13-14-də keçiriləcək növbəti və son iclasda bu qərar qaçılmazdır”.
Ekspert həmçinin qeyd edib ki, tədiyyə balansının kəsiri bir az da artacaq: “Noyabrın 30-da OPEC neft hasilatının müəyyən səviyyədə dondurulması məsələsində razılaşma əldə etməzsə neftin dünya bazar qiymətləri bir az da ucuzlaşacaq. Bu da ilin sonunda ölkənin əsas ixrac məhsulundən əldə edilən valyuta gəlirlərinin azalmasına gətirib çıxaracaq və tədiyə balansının cari hesablar planının kəsirinin artımını sürətləndirəcək. Noyabrın 2-də dünya bazarında 1 barel Brend markalı neftin qiyməti 47,7 dollar olub”.
 
Eyni zamanda, dövlət büdcəsinin defisiti sürətlə çoxalacaq: “Son iki ayda dövlət büdcəsinin xərcləmələrinin artması onun kəsirini çoxalmasını şərtləndirəcək. Bu ilin 9 ayında dövlət büdcəsinin 519,1 milyon manat məbləğində kəsiri, defisit yaranıb. Həmin dövrdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 12,5 faiz az icra olunub. Mərkəzi Bankın valyuta ehtiyatarı daha da azalacaq. Bu ilin son aylarında dövlətin, şirkətlərin, bankları xarici valyuta ilə borc öhdəlikləriin artımı dollara tələbatın çoxalmasını şərtləndirəcək. Hətta Dövlət Neft Fondunun müdaxiləsi davam etsə də belə Mərkəzi Bankın valyuta ehtiyatarı çoxdan qorunan qırmızı xətti keçərək 4 milyard dollardan da aşağı düşəcək. Oktyabr ayının 30-a Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 milyard 5,5 milyon ABŞ dolları təşkil edib.