|
Şairin yeni kitabının təqdimatı olub

Noyabrın 4-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Məmməd Məcidoğlunun “Elm və təhsil” nəşriyyatında dərc olunmuş “Fəlakət demə mənsizliyinə” adlı yeni kitabının təqdimatı keçirilib.

Tədbirdə şair Dayandur Sevgin kitab haqqında və müəllifin yaradıcılığı barədə məlumat verib. Onun şeirin bütün janrlarında qələmini sınadığını bildirib. “Fəlakət demə mənsizliyinə” sayca şairin doqquzuncu kitabı olduğunu söyləyib. Əsasən qəzəllərdən ibarət olan kitabda müəllifin son illər yazdığı şeirlərinin yer aldığını deyib.

Mahir Qabiloğlu, Tariyel Abbaslı, Əzizə Ağahüseynqızı və başqaları Vətən ağrısı, Qarabağ dərdi, eyni zamanda qələbəyə inam hissinin və cəmiyyətdəki qurub-yaradan insanların əməyinin kitabda tərənnüm olunduğunu söyləyiblər.

Tədbirdə Əməkdar artistlər - Eldost Bayram, Əli Nur və başqaları şairin şeirlərindən nümunələr söyləyiblər. Tələbələrin ifasında şairin şeirləri səsləndirilib.

Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub, imzası ilə kitablarını oxuculara təqdim edib.

Cia.az