Türkiyədə kürd partiyası HDP-nin həmsədrləri Səlahəddin Demirtaş, Figen Yüksekdağ və daha doqquz nəfər HDP-li deputat saxlanılıb. Həbslər Diyarbəkir prokurorluğunda aparılan terror istintaqı çərçivəsində baş tutub. Bir neçə gün əvvəl Dirabəkr bələdiyyə sədrləri də həbs olunub.
Xatırladaq ki, 2016-cı ilin may ayında Türkiyədə deputatların toxunulmazlığının ləğv olunması barədə qərar Türkiyə Böyük Millət Məclisində səsə qoyulmuş, qərar 376 səslə, referenduma ehtiyac qalmadan qəbul edilmişdi. Qərarla Türkiyədə 138 deputatın toxunulmazlığı ləğv olunub. Türkiyə hökuməti PKK-nın fəallaşması, eləcə də Türkiyə daxilində siyasilərin, eləcə də akademik dairələrin terror fəaliyyətinə olan dəstəyini kəsmək üçün terrora qarşı bütün sahələri əhatə edən əməliyyata başlayıb. Bundan öncə universitet müəllimləri və aktivlər həbs olunub. Hökumət bütün sahələrdə separatçı fəaliyyətlərə verilən dəstəyi kəsməyə çalışdığını bəyan edib.

Türkiyə mediasının məlumatına görə, S.Dəmirtaş ifadəsində millət vəkili olduğunu, parlamentin toxunulmaz olmasına inandığını və ədalətli məhkəmə qarşısında ifadə verməyə hazır olduğunu deyib. Eyni zamanda baş verənlərə görə siyasi hakimiyyəti ittiham edib, həbsləri siyasi sifariş adlandırıb.
Bu arada Türkiyənin Demokratik Bölgələr Partiyasının həmsədri Səbahət Tuncel də Diyarbəkir Prokurorluğu önündə HDP deputatların həbs edilməsinə etiraz edərkən tutulub. Onunla bərabər, DBP-nin 10 üzvü də saxlanılıb.
Türkiyə mediasının xəbərinə görə, noyabrın 4-də Ankarada akkreditə olunmuş Avropa Birliyi ölkələrinin səfirləri toplantı keçirir. Toplantının AB-nin Ankaradakı Avropa Komissiyası binasında keçiriləcəyi bildirilirdi. Bundan başqa AB xarici işlər komissarı Federiko Moqerini səhər saatlarında yaydığı açıqlamada toplantı təşkil edəcəklərini bildirib.
Avropa hökumətləri hazırda Türkiyəyə PKK ilə danışıqları bərpa etmək üçün təzyiq edirlər. Ankaranın bu kəskin qərarı münasibətlərə ciddi təsir edəcək. İki gün əvvəl Belçika məhkəməsi də PKK-nın kürdlərin hüquqları uğurunda mübarizə aparan təşkilat kimi tanıyaraq, terror təşkilatı adlandırmaqdan imtina edib. Bu isə onu göstərir ki, Avropa Türkiyə qarşısında kürd məsələsində ciddi addımlar atacaq. Ankaranın gözlənilmədən sərt addımlar atmasının bir səbəbi də bu ola bilər.

Yeri gəlmişkən, kürd deputatların həbsi Türkiyənin bir çox şəhərlərində, o cümlədən Ankara, İstanbul, İzmir, Antalya kimi şəhərlərində etiraz aksiyalarına səbəb olub. Eyni zamanda terror aktlarının da fəallaşması gözlənilir. PKK-nın bu vəziyyətdən Türkiyə hökumət qüvvələrinə qarşı hücumlar üçün istifadə etməyə çalışacaq.
Kürd deputatların həbsi Türkiyə və Avropa ilə yanaşı Azərbaycanda da ən çox diqqət toplayan xəbərlərdən biri olub. Gecə saatlarında yayılan bu xəbər ciddi oxucu marağı cəlb edib. Bu isə Türkiyədəki siyasi hadisələrə Azərbaycanda böyük diqqətin olduğunu göstərir. Son illərdə dil fərqinin demək olar ki, xeyli azalması səbəbindən Azərbaycanda Türkiyə xəbərlərini birbaşa oxumaq və izləmək göstəriciləri yüksəlib.
YM
