Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qanunsuz yolla qızıl-ziynət əşyaları keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. İş üzrə təqsirləndirilən şəxslərin sayı 6 nəfərdir. Onlardan biri Türkmənistan vətəndaşı, 5-i isə Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşlarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Musavat.com xəbər verir ki, ilk şahid “Moskva” Univermağında kassa nəzarətçisi işləyən Adil Məmmədov olub. O, məhkəmədə bildirib ki, bu işlə bağlı alınan qızıllara qəbz verməsi ilə bağlı istintaqa ifadə verib.
“Moskva” univermağındakı işindən danışan şahid bunları deyib: “Univermaqda olan mağazalar, qızılların satıldığı piştaxtalar bir neçə hissəyə ayrılır. Həmin hissələrin də ayrı-ayrı ümumi kassası var. Mən də həmin kassalardan birinə nəzarət edirəm. İşim sadəcə satılan qızıl-ziynət əşyalarına görə qəbz verməkdir. Satıcı nə qədər məbləğ deyirsə, onu vururam”.
Şahidin ifadəsi zamanı məlum olub ki, Azərbaycandan qanunsuz yolla qızıl aparmaqda təqsirləndirilən Türkmənistan vətəndaşı Baylyyev Amanmuhammed oğlunun Bakıdan aldığı qızıllar üçün qəbzi Adil Məmmədov şəxsən özü verib. O, ifadəsində Türkmənistan vətəndaşını tanımadığını söyləyib.
Məlumat üçün bildirək ki, bu iş üzrə elan onun ittiham aktında qeyd edilir ki, DGK-nın inspektoru Neman Abbasov qabaqcadan digər şəxslərlə əlbir olaraq ümumi dəyəri 285 min manat olan qızıl-ziynət əşyalarını qanunsuz yolla Hava Limanından keçirməyə cəhd ediblər.
Bu iş üzrə digər təqsirləndirilənlər Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin digər əməkdaşları Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və qızıl alverçisi Ziyafət Qurbanovadır.
Türkmənistan vətəndaşına qızılları da Ziyafət Qurbanova satıb. Məhkəmədə dindirilən şahid Adil Məmmədov təqsirləndirilənlərdən yalnız Ziyafət Qurbanovanı tanıdığını bilirib.
Bundan sonra şahid prokuror Ramin Nağdəliyevin suallarını cavablandırıb. Prokuror deyib ki, “Moskva” univermağında ticarətlə məşğul olan şəxslərin hər birinin mağazasında kassanın olmaması qanunsuzluqdur. Dövlət ittihamçısı bu şəkildə fəaliyyətə kimin icazə verdiyini şahiddən soruşub.
Şahid isə deyib ki, bu idarə heyəti və baş muhasibatlıqdan verilən göstərişdir: “Univermaqda hamı belə işləyir. Təkcə bizdə yox, Bakıda əksər yerlərdə vəziyyət belədir”.
Şahid prokurorun israrlı tələbinə baxmayaraq bu göstərişi kimdən alması ilə bağlı konkret ad çəkməyib. Prokuror vəsatət qaldırıb ki, univermağın baş mühasibi məhkəməyə gətirilsin və dindirilsin. Vəkillər vəsatətin təmin edilməməsini istəyiblər. Məhkəmə heyəti yerində müşavirə edərək vəsatətin təmin edilmədiyini açıqlayıb.
Təqsirləndirilən qızıl alverçisi Ziyafət Qurbanova da bildirib ki, 2011-ci ildən univermaqda qızıl alveri ilə məşğuldur və kassası olmayıb.
Bildirək ki, təqsirləndirilən 6 nəfərdən ikisi- Neman Abbasov və Baylyyev Amanmuhammed barəsində həbs-qətimkan tədbiri seçilib. Digərləri isə zamindədir.
Onlara qarşı Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə prosesinin davamında “Moskva” univermağının Qafur adlı əməkdaşı da ifadə verib. O, da univermaqda kassir işlədiyini deyib və digər şahid kimi eyni məzmunlu fikirləri qeyd edib.
Əlavə edək ki, ittiham aktında bildirilir ki, Neman Abbasov qızıl alverçisi Ziyafət Qurbanovadan qızılları təyyarəyə keçirmək üçün 2200 dollar rüşvət alıb. N.Abbasov digərləri ilə əlbir olaraq qızılları qanunsuz yolla hava limanının binasından keçirərək tualetdə Türkmənistan vətəndaşına vermək istəyiblər.
Ötən məhkəmədə təqsirləndirilən Neman Abbasov bütün əməlləri özünün törətdiyini deyərək digərlərinin günahsız olduğunu bildirmişdi. Bu əməli tutmasını isə ehtiyacı olması ilə əlaqələndirmişdi.
Digər təqsirləndirilənlər isə istintaqa ziddiyyətli ifadələr vermələrini rəhbərliyin göstərişi ilə əlaqələndiriblər. Onlar deyiblər ki, rəhbərliyin dediyi kimi ifadə veriblər və onlara vəd edilib ki, iş ofis daxilində həll ediləcək. Ancaq sonradan cinayət işi açılıb.
Prosesin sonunda məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Məhkəmə prosesi noyabrın 10-da davam etdiriləcək.
cia.az
