Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 3-də keçirilən iclasında “Tütün və tütün məmulatı haqqında” Qanuna dəyişiklik edilməsi haqqında layihə müzakirə olunub.
Dəyişikliyə əsasən, tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, layihə Milli Məclisə prezident İlham Əliyev tərəfindən göndərilib. Onun sözlərinə görə, təklif edilən düzəlişlər tütün məmulatlarının insanların sağlamlığına zərərli təsirinin qarşısının alınmasına və sağlam həyat tərzinin təminatına yönəldilib. Həmçinin tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir.
Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər “Reklam haqqında” Qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.
“Siqaretin reklamı qəti qadağan olmalıdır. Xarici ölkələrdə siqaret çəkən və çəkməyən insanların ağciyərlərinin şəklini də qutunun üstünə vururlar. Adam o şəklə, ciyərə baxanda siqaretin qutusunu belə açmaq istəmir”. Modern.az-ın məlumatına görə, bu sözləri deputat Mahir Aslanov deyib. Deputat “Tütün və tütün məmulatı haqqında” Qanuna edilən dəyişikliyə münasibət bildirərək deyib ki, o, 53 il siqaret çəkib. “Mən özüm 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım. Hətta tütün məhsullarının yığımı da zəhərlidir. Ona görə də siqaretin reklam olunmasının qarşısı birmənalı şəkildə alınmalıdır”.
“Bəzi tələbələr dövlət və özəl ali məktəblərdə siqareti universitetlərin dəhlizlərində çəkirlər. İnanın ki, adamın ürəyi bulanır”. Azvision.az xəbər verir ki, bunu deputat Hüseynbala Mirələmov deyib.
Deputat bildirib ki, televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır: “Siqaret 2-ci və 3-cü sinifdə oxuyan uşaqlardan başlayaraq qızlarımızın, uşaqlarımızın səhhətini korlayır. Bu gün televiziyalarda siqaretin reklamını elə göstərirlər ki, istər-istəməz çəkməyən adamda da siqaretə maraq yaranır. Televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır”.
O, universitetlərin daxilində siqaret çəkən tələbələrin cərimələnməsinin vacibliyini vurğulayıb: “Əgər biz təqaüdlə dolanan tələbəni ictimai yerlərdə siqaret çəkdiyinə görə cərimə etsək, inanın ki, o, ümumiyyətlə, siqareti də tərgidər”.
“Təəssüf ki, son zamanlar orta məktəblərdə qızlar arasında siqaret çəkənlərin sayı çoxalıb”. Bunu isə komitə sədrinin müavini Eldar Quliyev deyib. Deputat bildirib ki, Azərbaycanda siqaret çəkən qadınların sayı artmaqdadır: “Orta məktəblərdə siqaret çəkən qızlar da var. Bu baxımdan, orta məktəblərdə buna qarşı kəskin mübarizə aparılmalıdır. Əvvəllər biz buna Rusiya, MDB, Avropa ölkələrində daha çox rast gəlirdik. İndi Azərbaycanda da qadınların siqaretə meylliliyi artıb. Bunun qarşısını almaq üçün təkcə biz valideynlər yox, həmçinin orta məktəblərdə də ciddi nəzarət artırılmalıdır”.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
