|
Keçmiş MTN əməkdaşı məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğına səbəb olmaqda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə şahid qismində "GlobalStone" şirkətinin təsisçisi olmuş Hüseynbala Əlizadə ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib.

Bundan sonra zərçəkmiş qismində keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Xəyyam Babayev ifadə verib. O deyib ki, 2012-ci ildən həmin binada yaşayır: "Mən evdəydim. Mətbəxdən pəncərədən evə tüstü daxil olduğunu gördüm. Nə baş verdiyini aydınlaşdırmaq üçün həyətə düşdüm. Binanın arxa tərəfindən notarial kontorun qabağından yanğının baş verdiyini gördüm. Yanğını görən kimi evə qayıdıb körpə uşağımı götürüb dayənin evinə apardım".

X.Babayev mətbuatda özü haqqında yazılan məlumatlara da münasibət bildirib: "İnternetdə mənim barəmdə də yazıblar. MTN əməkdaşı olduğumu qeyd ediblər. Mən daimi işdə oluram. Yalnız həmin ərəfədə Avropa Oyunları ilə bağlı növbədə olmuşam. Yanğın baş verən gün, gecə 12-dən 5-ə qədər növbədə olmuşam. Mən binadan heç kimin özünü atmasını görməmişəm. Yanğın birmərtəbəli qeyri-yaşayış sahəsinin üzərində başladı. Mən yanğının baş verdiyi ümumi istiqaməti göstərmişəm".

Zərərçəkmiş dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.

Daha sonra şahid qismində "GlobalStone" də mühəndis işləyən Nəsimi Mehdiyev ifadə verib.

Proses davam edir.

cia.az