|
Ağac kəsməyin cəzası sərtləşdirilir, nəticəsi olacaqmı...
Azərbaycanda ağacların (meşələrin və yaşıllıqların) qanunsuz kəsilməsi ilə bağlı cəzalar sərtləşdirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə dəyişikliklər edilməsi təklif edilib. Dəyişikliyə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər isə iyirmi beş min manat miqdarında cərimə ediləcək. 

Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin qanunsuz kəsilməsinə, zədələnməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında hüquqi şəxslər isə otuz beş min manat miqdarında cərimələnəcək. 
 
Bundan başqa, magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslərə iki min beş yüz manat, vəzifəli şəxslərə altı min manat, hüquqi şəxslərə qırx min manat miqdarında cərimə kəsiləcək. Su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə kəsilməsinə görə fiziki şəxslər üç min yüz manat, vəzifəli şəxslər yeddi min manat, hüquqi şəxslər isə qırx beş min manat cərimələnəcək.  Məcəllənin 253-cü maddəsinə 253.4 hissə əlavə edilib. Əlavəyə görə, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər iki yüz manat, hüquqi şəxslər isə min manat cərimələnəcək.
 
Qeyd edək ki, bundan əvvəl də yaşıllıqların məhv edilməsinə görə cəzalar nəzərdə tutulsa da, bu, ağacların kəsilməsinin qarşısını ala bilmirdi. Hansısa obyekt tikdirmək istəyən şəxslər ağacları kəsib cəriməni ödəyib, öz işlərinə davam etdilər. Çünki tikdirdikləri hər hansı obyektdən isə verdiyi cərimənin iki qatı qədər pul qazanırlar.
 
Maraqlıdır, bu dəfə cəzaların sərtləşməsinin bir faydası olacaqmı?
 
Ekoloq Samir İsayev cərimə tətbiq edildikdən sonra onun icrasının əhəmiyyətli olduğunu dedi: “İnzibati Xətalar Məcəlləsində meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə məsuliyyət nəzərdə tutulub. Bu məsuliyyətin İnzibati Xətalar Məcəlləsində müxtəlif dərəcələri var. Dərəcələr şəxsin münasibətindən və vurduğu zərərin dərəcəsindən, eyni zamanda əməli törədən şəxslərin dairəsindən asılı olaraq dəyişir. Fiziki şəxslərin cəriməsi 700 manatdan başlayır. Vəzifəli şəxslərdə bu daha çoxdur. Hüquqi şəxslərdə 2500 manat nəzərdə tutulur və törədilən əməlin ağırlığına görə bu cərimələrin miqdarı dəyişir. Vəzifəli şəxslər eyni zamanda 7 min manat, hüquqi şəxslər isə 45 min manata qədər cərimə oluna bilərlər. 
 
Bu, kifayət qədər böyük məsuliyyətdə nəzərdə tutulub. Bu gün İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyətə cəlb edilən şəxslərin bu cəriməni ödəyib-ödəməməsi çox önəmli məsələdir. Əksər hallarda cərimələrin ödənilməsi təmin edilmir. Cərimələrin ödənilməsini təmin edən orqan Ədliyyə Nazirliyinin tabeçiliyində olan icra orqanıdır. Hansı ki, bu orqan məhkəmə qərarlarının icrasını təmin edir. Əksər hallarda Azərbaycanda ən böyük problemlərdən biri budur ki, icra orqanı bu cərimənin ödənilməsini təmin edə bilmir. Çünki vətəndaşların cəriməni ödəməyə maddi imkanı olmur. İnzibati Xətalar Məcəlləsi imkan verir ki, əgər şəxs cəriməni ödəmirsə,  məhkəmə ona digər inzibati tənbeh tətbiq etsin. Məhkəmə belə olan halda şəxsə digər inzibati tənbeh, həbs edə bilər. Çox təəssüf ki, Azərbaycanda bununla bağlı praktika yoxdur. 
 
Əgər məhkəmənin qərarı icra olunmursa, o zaman şəxsin məsuliyyətə cəlb edilməsindən söhbət gedə bilməz. Yəni əgər cərimə ödənilmirsə, bu qərar formal olaraq var və şəxs əməlinə görə məhrumiyyətlər görməyib. Ya həbs görməyib, ya inzibati qaydada işə cəlb edilməyib, ya da ki, cəriməni ödəməyib. Əgər hansısa bir ərazidə 3-5 nəfər qanunsuz ağac kəsən şəxslər ağır məsuliyyətə cəlb edilsələr, bu, ciddi rezonans doğuracaq və digər insanlar biləcək ki, bu cür əmələ yol vermək olmaz. Cəriməni ödəyə bilməyən şəxslər 1 ay müddətinə inzibati həbs edilə bilərlər. Əməlin, tənbehin tərbiyəvi əhəmiyyəti yalnız o zaman olur ki, məhkəmənin qərarı icra olunmuş olsun. Tətbiq edilən cərimələrin cəzasını tətbiq etməklə növbəti inzibati xətaların qarşısını ala bilərik”.
Cia.az