Çətin vəziyyətdə olan bankların bağlanacağı ehtimalları yenidən gündəmdədir. Ekspertlər hətta ilin sonuna qədər onların bank bazarından çıxacağı ehtimallarının olduğunu bildirirlər. Qeyd edilir ki, bankların xilas edilməsi artıq mümkün olmayan prosesə çevrilib.
Ekspert Vüqar Bayramov məsələ ilə bağlı bildirib ki, ölkədə daha bir bank öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir: “Monitorinqlərimiz və eləcə də bizə olan müraciətlər göstərir ki, həmin bank hətta cari hesablardakı kiçik məbləğdə ödənişləri belə mərhələli şəkildə ödəyir. Deməli, Maliyyə Bazarlarına Nəzarət Palatası ya yaxın zamanlarda həmin bankın lisenziyasını ləğv etməli, ya da onun digər banka konsalidasiyası prosesini sürətləndirməlidir. Əslində bankların lisenziyasının ləğv edilməsi deyil, onların birləşməsinə nail olunmasına ehtiyac var ki, heç bir əmanətçi prosesdən ziyan görməsin. Təəssüf ki, Mərkəzi Bank tərəfindən problemli bankların birləşdirilməsi üçün stimullaşdırıcı və ya təşviqedici fəaliyyətlər həyata keçirilmir. Bank sektorunda ilk beşliyə daxil olan “Bank Standard”ın müflis olmasından sonra bank sisteminə daha fərqli yanaşmanın ortaya qoyulması bir daha aktuallaşıb. Aydındır ki, bankların lisenziyalarını mərhələli şəkildə ləğv etmək heç də bank sektorundakı problemləri həlli kimi qəbul edilə bilməz. Əvvəllər də təklif etdiyim kimi, banklardakı problemli aktivlərin və kreditlərin idarə edilməsi və sağlamlaşdırılması üçün ABŞ-da olduğu üçün xüsusi proqramın hazırlanmasına və tətbiq edilməsinə ehtiyac var. Dollarda olan kreditlərə güzəştlərin verilməsi həmçinin bank sektorunun sağlamlaşdırılması baxımdan olduqca vacibdir. Birmənalı şəkildə, bank sektorundakı problemlərə kompleks yanaşma həyata keçirilməlidir ki, neft bumu dövründə “yağışdan sonraki göbələklər” kimi sayı artan bankların post-neft dövründə müflisləşməsi prosesi dayansın”.
%20120214.jpg)
Qeyd edək ki, ekspertlər bankların birləşə bilməməsinin müxtəlif səbəbləri olduğunu vurğulayırlar. Səbəblərdən biri indiyədək belə bir ənənənin formalaşmamasıdır. Həmçinin banklara nəzarət edən şəxslər bunda maraqlı deyillər. Ekspertlər ciddi şəkildə vurğulayırlar ki, ölkədə yaxın gələcəkdə problemli banklar ya birləşdirilməlidir, ya da bağlanmalıdır. Ya buna məcburən gediləcək, bir sıra banklar bazardan çıxacaq.
Ekspertlər qeyd edirlər ki, əslində bu bankların konsolidasiyasının müəyyən dərəcədə mənfi iqtisadi fəsadların yumşaldılması baxımından faydalıdır. Amma onların fəaliyyətində və idarə edilməsində funksional baxımdan uzun müddət ərzində mövcud olmuş problemlər klassik bank konsolidasiyasının müsbət nəticələrinin əksər hissəsini mümkünsüz edir. Bildirilir ki, ölkədə fəaliyyət göstərən bankların böyük hissəsi perspektivsiz, zərərli aktivlərlə dolu, bir-biri ilə prinsipial ziddiyyətlər təşkil edən və ölkə iqtisadiyyatının inkişafına mane olan qurumlara çevrilib. Bu baxımdan, onların birləşdirilməsinin uzunmüddətli perspektivdə hər hansı dayanıqlı effektinin olacağını söyləməyə əsas yoxdur. Ekspertlər qeyd edirlər ki, bankların müflis olması likvidliyi və onlara inamı azaldır. Ona görə də proses müflisləşmə yolu ilə deyil, birləşmə yolu ilə davam edərsə, nəticə etibarı ilə itirən olmaz. Bunun üçün isə stimullaşdırıcı tədbirlər həyata keçirilə bilər. Söhbət xüsusən birləşən banklara vergi güzəştlərinin tətbiq edilməsi, kredit resurslarına çıxış imkanlarının artırılması, güzəştli kreditlərin verilməsindən gedir. Bu tədbirlər bankların müflisləşməsinin qarşısını alaraq onları birləşməyə təşviq edə bilər.

Ekspert Əkrəm Həsənov isə məsələ ilə bağlı bildirib ki, bankların bağlanması yenə də aktualdır. Onun fikrincə, yaxınlarda 33 bankadan maliyyə hesabatını yalnız 8-i açıqlayıb. Ötən rüb üzrə hesabatı 15 bank gizlədib: “Təkcə bu, kifayətdir ki, vəziyyətin pisləşdiyini deyək. Həmçinin bankların açıqladığı ötən il üzrə maliyyə hesabatları göstərir ki, xeyli bankın kapitalı kifayət qədər deyil, tələb edildiyindən azdır. Çoxunun əlli milyonluq kapitalları yoxdur, kapital tələblərinə cavab vermirlər. Bəziləri heç əmanətləri də qaytarmırlar. Əhali banklara etibar etmir ki, orada pul saxlasın”.
cia.az
