|
Mərkəzi Bankın valyuta ehtiyatları azalır
Milli valyuta olan manatın vəziyyəti getdikcə pisləşməkdədir. Mərkəzi Bankın açıqladığı məzənnəyə əsasən, noyabrın 2-də ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 1-i ilə müqayisədə 0,67 faiz artaraq 1,6490 manat təşkil edib. Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,64 faiz möhkəmlənərək 1,8254 manat olub.
 
Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi isə 2016-cı il noyabrın 1-nə 4 005,5 milyon ABŞ dolları təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 127,2 milyon dollar və yaxud 3,08 faiz azdır. Son bir ildə qurumun valyuta ehtiyatları 2,829 milyard dollar və yaxud 41,39 faiz, ilin əvvəlinə nisbətən isə 1,011 milyon dollar və yaxud 20,16 faiz azalıb.
 
Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında isə bu ilin oktyabr ayı ərzində 371 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Qeyd edək ki, Neft Fondu həftədə iki dəfə Mərkəzi Bankın keçirdiyi valyuta hərracında iştirak edir. İndiyə qədər fond hərraclara hər dəfə minimum 100 milyon dollar çıxarırdı. Son açıqlamalar isə göstərir ki, Fond valyuta hərracına çıxartdığı vəsaitlərin miqdarını azaldıb. Belə ki, 1 ay ərzində 4 həftənin olduğunu və hər həftə 2 dəfə hərrac keçirildiyini nəzərə alsaq, təxmini hesablamara görə, Neft Fondu hər dəfə banklara ancaq 45-50 milyon dollar satıb. Görünür, hərraca çıxarılan vəsaitin belə kəskin azalması elə valyutanın qıtlığının yaranmasına və bahalaşmasına əsas səbəblərdən biridir.   
 
ekspert samir əliyev ile ilgili görsel sonucu
 
Ekspert Samir Əliyev məsələ ilə bağlı bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kritik həddədir: “Ötən ay Mərkəzi Bankın valyuta ehtiyatı üç faiz azalaraq 4 milyard 5 milyon 500 min dollara düşüb. Bununla da ehtiyatın həcmi 8 il 9 aylıq minimuma düşüb. Sonuncu dəfə 2008-ci il yanvarın 30-u tarixinə valyuta ehtiyatı 3 milyard 928,5 milyon dollar olub. Bankın valyuta ehtiyatının rekord səviyyəsi isə 31 iyul 2014-cü ildə qeydə alınıb. Həmin vaxt Mərkəzi Bank 15 milyard 193.4 milyon dollarlıq ehtiyata malik olub. 2014-cü ilin payızından başlayaraq dünya bazarlarında neftin ucuzlaşması fonunda manatı qorumaq siyasəti Mərkəzi Bank ehtiyatlarını 11,2 milyard dollar “əridib”. Göründüyü kimi, ehtiyatın həcmi qırmızı həddə yaxınlaşıb. Mərkəzi Bank isə bu həddi keçmək niyyətində deyil. Ona görə də zəruri ehtiyac olmadan valyuta hərracında iştirak etməyə maraq göstərməyəcək. Manatın son hərraclarda ucuzlaşması tələbin yenə təklifi üstələməsini göstərir. İl sona yetir, Neft Fondu öz öhdəliklərini əsasən yerinə yetirib. Fond yola saldığımız 10 ay ərzində bazarda təxminən 6,5-7 milyard manat ekvivalentində dollar satıb. Fondun büdcə öhdəliyi 7,6 milyard manatdır. Digər xərcləri də nəzərə alsaq, fond ilin sonuna ən yaxşı halda 1-1,5 milyard manat ekvivalentində dollar sata biləcək. Bu isə aylıq 400-450 milyon dollar edir. Mərkəzi Bank isə ehtiyatlarını qorumağa çalışacaq və kritik hal yaranarsa bazara uzağı 100-200 milyon dollar çıxaracaq. Bununla da hərracda tələb yenə də üstünlüyünü qoruyub saxlayacaq. Deməli, ilin sonuna kimi manatın ucuzlaşması prosesi davam edəcək”.
 
Ekspert Qubad İbadoğlu isə bildirib ki, tezliklə manatın məzənnəsi ucuzlaşacaq: “Çünki müşahidələr göstərir ki, Mərkəzi Bankın məzənnə siyasətindəki son dəyişiklik onun gerçək kursunun müəyyənləşməsinə hədəflənib. Bu siyasəti kifayət qədər vaxt itirəndən sonra gec də məqbul hesab edən Mərkəzi Bankı hazırkı yanaşması indiki halda daha düzgündür. Manatın məzənnəsinin ucuzlaşmasına təsir göstərən amillərdən biri də ABŞ-da FES faizləri artırmaq ehtimalının getdikcə artmasıdır. Əgər noyabrda gözlənilən qərar verilməzsə, onda dekabrın 13-14-də keçiriləcək növbəti və son iclasda bu qərar qaçılmazdır”. 
 
qubad ibad ile ilgili görsel sonucu
 
O, həmçinin qeyd edib ki, manatın ucuzlaşmasını şərtləndirən amillər getdikcə daha fəallaşır: “Manatın dünyanın aparıcı valyuta vahidlərinə nəzərən dəyərinin uculaşmasını şərtləndirən amillər fəaldir. Onların qısa müddətli təsir imkanları böyük ehtimalla manatı daha da ucuzlaşdıracaq. 2017-ci ilə qədər olan müddətdə fəal olacaq amillər var. Birincisi, “Bank Standard” bağlanan zaman aparılan qiymətləndirmələrə görə, bu bankda fiziki şəxslər 603 milyon manat məbləğində ümumi əmanətlərə, 568 milyon manat məbləğində isə qorunan əmanətlərə malikdir ki, sonuncunun da 460 milyon manatını kompensasiya olunan əmanətlər təşkil edir. Qorunan əmanətlərin 62 faizi və ya 285 milyonu manatı dollarla yerləşdirilib. Yerdə qalan 175 milyon manatı isə manatladır. Bununla yanaşı, eyni müştərinin həm dollar və həm də manatda əmanəti olduğu halda bank onların borclarını manatla qaytarmağa başlayıb. Bu, o deməkdir ki, bankdan əmanətini manatla alanların sayı artacaq, eyni zamanda onlara manatla verilən əmanətlərin məbləği 175 milyon manatdan çox olacaq. Bu nağd vəsait valyuta bazarında dollar tələbatı qaldıracaq. İkincisi, SOCAR-ın istiqrazları dövriyyədə olan və valyuta bazarında manata dəyişdirilən valyuta vəsaitinin bir qismi onun sahiblərinin sərəncamından çıxarılıb. Bu amil valyuta bazarına çıxarılan şəxsi valyutaların həcmini aşağı salıb və dolların təklifini azaldıb. Üçüncüsü, bu müddət ərzində dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması siyasətinin davamı edəcəyi halda Dövlət Neft Fondunun bazara əvvəli dövrlə və illə müqayisədə daha az valyuta çıxaracağı gözlənilir. Bu isə valyuta təklifinin aşağı salınmasına ciddi təsir göstərəcək digər başqa amillərin də manatın ucuzlaşmasına təsirlərini gücləndirəcək. Dördüncüsü, ilin sona yaxınlaşması ilə əlaqədar olaraq, şirkətlərin, bankların və dövlətin xarici borc öhdəliklərinin icrasına yönəldəcəyi valyuta vəsaitlərinin həcmində artım bazarda xüsusilə də dollara olan tələbatı artıracaq”.
 
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatarı daha da azalacaq: “Bu ilin son aylarında dövlətin, şirkətlərin, bankları xarici valyuta ilə borc öhdəlikləriin artımı dollara tələbatın çoxalmasını şərtləndirəcək. Hətta Dövlət Neft Fondunun müdaxiləsi davam etsə də belə Mərkəzi Bankın valyuta ehtiyatları çoxdan qorunan qırmızı xətti keçərək 4 milyard dollardan da aşağı düşəcək. Oktyabr ayının 30-a Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 milyard 5,5 milyon ABŞ dolları təşkil edib”.
cia.az