OPEC-in digər mühüm istehsalçılarla hasilatın azaldılması mövzusunda apardığı danışıqlarda konkret nəticələr olmadığına görə, neft qiymətləri aşağı düşür. Neftin qiyməti ilə bağlı proqnozlar da fərqlidir. Əksəriyyət isə neft qiymətlərinin yaxın gələcək üçün bahalaşmayacağını bildirir.
“S&P Global Ratings” beynəlxalq reytinq şirkətinin müstəqil reytinqlər üzrə direktoru Ravi Bhatiya bildirib ki, gələn il dünya bazarında “Brent” markalı neftin orta qiyməti bir barel üçün 45 dollar, 2018-ci ildə isə 50 dollar olacaq. Onun sözlərinə görə, Rusiya büdcəsində növbəti 3 il ərzində neftin orta qiyməti 40 dollardan götürüldüyündən büdcəni konservativ hesab etmək olar. O, Rusiyanın müstəqil kredit reytinqinin ancaq neft qiymətlərinin kəskin artması və ya sanksiyaların ləğv edilməsi halında yüksələ biləcəyini bildirib. Lakin Bhatiya bunu gözləmədiyini əlavə edib.
ABŞ-ın “Goldman Sachs” investisiya bankı isə açıqlama yayaraq bildirib ki, OPEC təşkilatının noyabrın 30-da Vyanada keçiriləcək növbəti iclasında neft hasilatının azaldılmasına dair razılaq əldə edilməsə, neftin qiyməti 40 dollar səviyyəsinə kimi geriləyəcək. Bankın Damien Kurvalen də daxil olmaqla, bir sıra analitiklərinin hazırladıqları hesabatda qeyd olunub ki, hasilat kvotalarının tətbiqi prosesində heç bir addımın atılmaması və OPEC üzvləri arasında getdikcə artan anlaşılmazlıqlar noyabrın 30-da razılaşmanın əldə olunması ehtimallarını azaldır. Bununla yanaşı, bu günə qədər heç bir razılaşmanın əldə edilməməsinin neft qiymətlərini azaltmağa başladığı bildirilir.
Azərbaycanın energetika naziri Natiq Əliyev isə ölkənin neft və qaz ixracından gələn gəlirlərdən asılı olduğunu qeyd edib və neftin qiymətinin 1 barel üçün təxminən 60 dollar səviyyəsində artımını məqbul hesab edib. “OPEK-ə daxil olan və olmayan ölkələr eyni problemlərlə üzləşirlər və ümumi həll yolu axtarmalıdırlar. Azərbaycan maliyyə baxımından neft və qaz sənayesindən asılıdır”,- deyə nazir “World Energy News” nəşrinə bildirib. Onun sözlərinə görə, Azərbaycan OPEK-lə daha sıx əməkdaşlıqda maraqlıdır. Nazir OPEK-in baş katibi Məhəmməd Barkindo ilə görüşdə bildirib ki, Azərbaycan OPEK-in neft bazarında vəziyyətin sabitləşməsi üzrə təcrübəsini öyrənməkdə və bu məsələdə kartelə daxil olmayan ölkələrin, o cümlədən Azərbaycanın hansı rol oynaya biləcəyini aydınlaşdırmaqda maraqlıdır.
Nazir həmçinin deyib ki, OPEC-in iclasında Əlcəzairdə əldə olunan razılığın davamı olaraq neft hasilatının dondurulması ilə bağlı “Yol xəritəsi”nin qəbulu təşkilata üzv olan və olmayan ölkələrin xüsusilə də, İran və İraqın tutduğu mövqedən asılı olacaq. “Bu, hər şeydən əvvəl OPEC üzləri, xüsusilə də İran və İraqın tutduğu mövqedən asılı olacaq”,- deyə nazir vurğulayıb. O, əlavə edib ki, OPEC-ə üzv olan ölkələrin böyük əksəriyyəti bazarda qiymətlərin sabitləşməsi və artımına nail olmaq üçün bu təşəbbüsü dəstəkləsələr də, İran və İraq neft hasilatının artırılmasında, eləcə də istehsalla bağlı əvvəlki mövqelərini bərpa etməkdə maraqlıdır: “Buna görə də ilin sonuna qədər baş verə biləcək hadisələr baxımından bu ölkələrin baxışlarını öyrənmək bizim üçün çox əhəmiyyətlidir”.
“Reuters” agentliyinə isə OPEC-dəki mənbə bildirib ki, OPEC üzvü olan ölkələrin nazirləri kartelin uzunmüddətli strategiyasını razılaşdırıb. Bildirilir ki, əldə olunan razılıq təşkilat daxilində olan fikir ayrılığının aradan qalxdığına işarə edir. Fikir ayrılığı əsasən neft hasilatının tənzimlənməsi ilə bağlı idi. Sənədin razılaşdırılmasına dəfələrlə İran və Əlcəzair kimi OPEC-ə üzv olan ölkələr əngəl törədib. Adıçəkilən ölkələrin rəsmiləri bildirdi ki, OPEC üzvləri bazar paylarını qorumalıdır. Bununla yanaşı, OPEC-in qeyri-formal lideri olan Səudiyyə Ərəbistanı 2014-cü ilin sonundan etibarən bildirir ki, neftin qiymətini bazar müəyyənləşdirməlidir, kartel üzvləri isə hasilatı azaltmamalıdır.
OPEC üzvləri sonuncu dəfə uzunmüddətli strategiyanı cari ilin may ayında müzakirə ediblər, lakin konsensus əldə etmək mümkün olmayıb. Bundan sonra Ər-Riyad mövqeyini dəyişərək neftin qiymətinin artması naminə hasilatı azaltmağa razılıq verib. Sentyabr ayında Əlcəzairdə keçirilən qeyri-formal görüşdə OPEC üzvləri 8 il ərzində ilk dəfə olaraq sutkalıq hasilatın 32,5- 33 milyon barelə səviyyəsində məhdudlaşdırılmasına dair razılıq əldə edib.
Mənbə bildirib ki, razılaşdırılmış strategiya ilkin versiyadan bir qədər fərqlənir: “Sənəd bir qədər korreksiya olunub”. Digər mənbənin sözlərinə görə, OPEC üzvü olan ölkələrin nazirləri qərara alıb ki, kartel neft bazarının tənzimləyicisi rolunu qaytarmalıdır.
cia.az
