Politoloq: “Kreml İrəvana öz nümayəndələri vasitəsilə demək istəyir ki, “mənim bütün əmrlərimi yerinə yetirməsən Dağlıq Qarabağ məsələsində mövqeyimi dəyişə də bilərəm”
Zaman-zaman Rusiyanın Azərbaycan və Ermənistana fərqli münasibət sərgiləməsinin şahidi olmuşuq. Bunun üçün ötənlərə qısaca nəzər yetirmək kifayətdir.
Aprel döyüşlərində yalnız üç gün susaraq gərgin döyüşləri müşahidə edən Rusiya daha sonra atəşkəsin əldə olunmasına nail oldu, sülh danışıqlarında dinamikanın əldə olunması üçün bəzi cəhdlər göstərdi. Lakin daha sonra tərəfləri “razılaşmaq” üçün baş-başa buraxmağı daha məqsədəuyğun sayaraq yenə də kənara çəkildi. Ermənistanda anti-Rusiya dalğasının baş qaldırdığı yay aylarında qəfildən Serj Sərkisyan Moskvaya çağırıldı və onun ardınca Kremlin öz forpostuna münasibəti xeyli dəyişdi. Rusiya işğalçı ölkənin hava məkanını öz nəzarətinə aldı, Ermənistanla birgə hərbi birləşmələr yaradılmasına qərar verdi, son nəticədə isə Rusiyaya məxsus “İsgəndər” raket kompleksləri İrəvandakı hərbi paradda göründü. Əksəriyyət hesab edirdi ki, Rusiya həm bununla Azərbaycanı ondan daha çox silah almağa təşviq edir, həm də Ermənistandakı ictimai rəyi öz xeyrinə dəyişməyə çalışır.
Əslində, zahirən Rusiyanın öz məqsədinə çatdığını da demək olar. Xüsusən də Ermənistandakı anti-Rusiya aksiyalarının səngiməsini xatırladaq bilərik. Son vaxtlar isə Rusiyanın Azərbaycanla əlaqələrə daha çox önəm verməsi, VII Azərbaycan-Rusiya regionlararası forum kimi birgə tədbirlərin keçirilməsi və s. addımlar çox güman ki, yenə də erməniləri silkələyəcək və onların növbəti dəfə “Rusiya Ermənistanı satdı, Qarabağı Azərbaycana qaytarır” kimi vay-şivənə başlayacaqları şübhə doğurmur.
Bir sıra rusiyalı ekspertlərin açıqlamaları isə belə düşüncələr yaradır ki, İrəvan-Moskva münasibətlərində yenidən gərginliklər mövcuddur. Hesab olunur ki, bu soyuqluğun bir səbəbi də Ermənistandakı anti-Rusiya ovqat və Qərbə yönəlik siyasi reveransların artmasıdır. Hətta bu arada Rusiyanın Avrasiya İqtisadi Birliyi institutunun direktoru Vladimir Lepexin Ermənistanı öz ərazisində Qərb institutlarının fəaliyyətini dayandırmağa və yerli QHT-lərin Qərbdən maliyyələşməsinin qarşısını almağa çağırıb. “Əks halda Ermənistanın ağır nəticələrlə üzləşəcəyini, o cümlədən “Dağlıq Qarabağı itirəcəyini” deyib.
Bu ilin sonuna kimi bəzi ərazilərin azad olunacağına ümidli olan Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə beş il əvvəl Qarabağ razılaşmasının son anda pozulmasından bəhs edib. “Bu güzəşt 2011-ci ildə işlənib-hazırlanmış Kazan formuluna əsaslanmalı imiş. Kazan formulunun prinsipləri artıq hər kəsə məlumdur. Söhbət ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasından (Ermənistanla dəhliz saxlanılması şərti ilə) gedirdi. Dağlıq Qarabağın statusu isə gələcəkdə müzakirə olunmalı idi. Demək olar ki, razılıq əldə olunmuşdu, hər şey hazır idi, bircə imza atmaq qalmışdı. Lakin son anda Ermənistan rəhbərliyi qorxaraq geri çəkildi. Sərkisyan bu addımı atacağı təqdirdə, devriləcəyindən qorxdu və sülh müqaviləsinə imza atmaqdan imtina etdi”- Markov deyib.

Bir sıra müşahidəçilər isə Rusiya-Ermənistan münasibətlərindəki soyuqluğun əslində görüntü məqsədi daşıdığını, bununla həm də Azərbaycanın başının altına yastıq qoyulduğunu güman edirlər.
“Rusiya Azərbaycanı özünün dostu kimi qələmə verir, tez-tez birgə forumlar keçirilir, gediş-gəliş artır. Biz də Rusiya ilə münasibətlərdə gərginliyin tərəfdarı deyilik, əksinə, inkişafın və iqtisadi-ticarət əlaqələrinin həcminin artırılmasını istəyirik. Ancaq Azərbaycanın dostu olmağa iddialı ölkə ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışar. Təəssüf ki, biz bunu Moskvadan görmürük”.
Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında politoloq Elxan Şahinoğlu söylədi. Ekspertin fikrincə, Moskvanın mövqeyi budur ki, “gedin, özünüz Ermənistanla razılaşın”. E.Şahinoğlu qeyd etdi ki, razılaşmanın mümkün olmadığı Kremlə aydındır: “Biz gücümüzü göstərmək istəyəndə isə Kreml tələsik işə qarışaraq Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünün qarşısını alır. Demək, Kreml Ermənistanın məğlub olmasını istəmir. Ermənistan məğlub olmayınca isə torpaqlarımızı işğaldan azad edə bilməyəcəyik. Ermənistan prezidenti Serj Sərkisyan açıq-aşkar işğalı və beləcə status-kvonu uzatmağa çalışır. Ancaq apreldən sonra bunu uzatmaq İrəvan üçün getdikcə çətinləşir. Ermənistan hakimiyyəti üzərində böyük dövlətlərin təzyiqini hiss etməsə belə, Azərbaycanın silahlanmasından, Bakının dostları ilə hərbi ittifaqlarını gücləndirməsindən, hətta Azərbaycan hakimiyyətinin Rusiyanı öz tərəfinə çəkə biləcəyindən ehtiyatlanır”.

Politoloq bir məqama da diqqət çəkdi: “Təsadüfi deyil ki, Rusiyanın Avrasiya İqtisadi Birliyi institutunun direktoru Vladimir Lepexin “Novosti Armeniya” agentliyinə müsahibəsində deyib ki, Qərb institutları Ermənistanda fəaliyyətlərini dayandırmasalar və yerli QHT-lərin Qərbdən maliyyələşmələrinin qarşısı alınmasa, İrəvan Dağlıq Qarabağı itirə bilər. Əslində bu sözlər rəsmi İrəvana ultimatumdur və Ermənistan hakimiyyəti Rusiyanın Avrasiya İqtisadi Birliyi institutunun direktorunun dilindən deyilən bu sözləri Kremlin mesajı kimi də qəbul edə bilər. Əlbəttə, Kreml Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməyə çalışmır, ancaq Moskva münaqişənin varlığından Ermənistan hakimiyyətini daima qorxu altında saxlamaq üçün istifadə edir. Yəni Kreml İrəvana öz nümayəndələri vasitəsilə demək istəyir ki, “mənim bütün əmrlərimi yerinə yetirməsən Dağlıq Qarabağ məsələsində mövqeyimi dəyişə də bilərəm”. Belə çıxır ki, Moskva münaqişəni həll etmək əvəzinə, onun konservləşdirilmiş vəziyyətdə saxlamaq istəyir ki, Ermənistan qul kimi yanında saxlaya bilsin”.
E.Şahinoğlu bildidirdi ki, Ermənistan Azərbaycanla üz-üzə qalarsa, Dağlıq Qarabağ üzərindəki nəzarətin itirilə biləcəyindən də qorxur: “Məhz buna görədir ki, son günlər Ermənistanda siyasətçilər və ekspertlər arasında “Dağlıq Qarabağın müstəqil dövlət kimi qalması yaxşıdır, yoxsa Ermənistana biləşdirilməsi” mövzusu ətrafında geniş diskussiya gedir. Yəni Ermənistanda ən azı anlayırlar ki, Dağlıq Qarabağın “müstəqil dövlət” kimi varlığı uzun çəkməyə də bilər”.
“Rusiyanın “İsgəndər” raketlərini Ermənistana verməkdə məqsədi Dağlıq Qarabağ məsələsi deyil. Burada əsas məqsəd Gürcüstanı nişan almaqdır”. Bu fikri isə Azadinform-a politoloq Mübariz Əhmədoğlu deyib.

O, bildirib ki, son zamanlar Gürcüstana ABŞ və NATO-nun hərbi gəmiləri gəlir. Rusiya isə bundan narahatdır: “Hesab edirəm ki, Rusiya “İsgəndər”i Ermənistana buna görə verib. Rusiya bu məsələyə çox ciddi reaksiya verir”.
Politoloqun sözlərinə görə, Rusiya hesab edir ki, ABŞ və NATO-nun Qara dənizdə, Baltikyanı regionda, Ukrayna və Gürcüstanda hərbi qüvvələri yığmaqda məqsədi odur ki, Rusiyanın Suriyada apardığı kampaniyaya maneə olsun: “Ona görə də Rusiya hazırda Suriyada öz qoşunlarını möhkəmləndirir. Admiral Kuznetsov artıq Aralıq dənizinin Suriya sahillərinə yan alıb. Bu da ABŞ və NATO-da narahatlıq yaradır. Çalışırlar ki, Qara dəniz və Baltikyanı ərazilərdə hərbi manevrlər etməklə “Admiral Kuznetsov”u geri qaytarsınlar”.
M. Əhmədoğlu hesab edir ki, regionda hərbi gərginlik nə qədər az olsa, bir o qədər yaxşıdır: “Digər tərəfdən yaranmış qarşıdurma ermənilərin təxribatına cavab verməyə yaxşı geosiyasi şərait yaradır. Bunu da nəzərə almaq lazımdır ki, ABŞ və Rusiyanın baş qarışıqdır. Hazırda Dağlıq Qarabağ onların yadına düşmür. Rusiya bütün kosmik qüvvələrini Suriya və Mosula yönəldib. Bizim regionda demək olar yaddan çıxıb. Azərbaycan ermənilərin hərbi təxribatına hərbi yolla cavab versə, daha yaxşı uğur əldə edə bilərik”.
YM
