|
Qubad İbadoğlunun hərəkatı təşkilatlanır, Müsavat isə...

Müsavat üzvü Qubad İbadoğlunun təsis etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının növbəti təşəbbüs qrupu Suraxanıda yaranıb.

Q.İbadoğlu facebook səhifəsində Vurğun Əyyub, Ellada Məmmədli və özünü iştirakı ilə təsis yığıncağı keçirildiyini qeyd edib. “ADR-in Suraxanı rayonu üzrə Təşəbbüs Qrupunun təsis yığıncağında hörmət bəslədiyimiz və tanıdığımız Rövşən Dəmirli, Rüfət Əliyev, Heydər Oğuzla yanaşı, xeyli fəallar təmsil olundular. Təşəbbüs Qrupunun üzvləri ilə açıq və səmimi söhbətimiz, faydalı müzakirələrimiz ADR-in gələcəyinə olan inamımızı bir az da artırdı. Razılaşdıq ki, dolmuş daha bir vərəqi qatlayaq və yeni səhifədən başlayaq”.

ADR-in Təşkilat Komitəsinin rəhbəri Qubad İbadoğlu “Yeni Müsavat”a bildirdi ki, Suraxanıdan sonra başqa bölgələrdə də təsis yığıncaqları olacaq. Q.İbadoğlu hava şəraiti ilə əlaqədar olaraq hələlik Bakı rayonlarında təsis yığıncaqları keçirməyi planlaşdırır: “Sumqayıt və işğalda olan rayonlarımız daxil olmaqla, Bakının rayonlarında təsis yığıncaqları davam edəcək. Ondan sonra cənub, Mərkəzi Aran, qərb bölgəsinə səfərlər nəzərdə tutulub. Eyni zamanda İmişli, Beyləqan, Füzulidə görüşlərimiz olacaq”.
Q.İbadoğlu qeyd etdi ki, bir-iki ay ərzində təsis yığıncaqları ilə bütün ölkəni əhatə etmək hədəfi qoyulmayıb: “Ölkənin üçdə birində bu təşəbbüs qrupları yaradılacaq və sonra təsis konfransı keçiriləcək”.

Müsahibimiz ADR-in təşkilatlanmasının üzvü olduğu Müsavata heç bir aidiyyəti olmadığını bildirdi: “Bu, siyasi hərəkat deyil, ictimai hərəkatdır. Burada Müsavatın və digər partiyaların üzvləri təmsil olunur, müstəqil fəallar var. ADR-in Müsavatın bazasında yaradılması kimi dəyərləndirilməsini qəbul etmirəm”.

Müsavat başqanının müavini Elman Fəttah hesab edir ki, heç bir təşkilat Müsavatın parçalanmasına səbəb ola bilməz. Onun sözlərinə görə, bu təşkilat da daxil olmaqla, bir sıra hadisələrlə Müsavatın parçalandığı görüntüsünü yaratmağa cəhd edirlər.
E.Fəttah onların heç nəyə nail olmayacağını düşünür: “Bu təşkilatın Müsavatla əlaqəsi yoxdur. Bu təşkilat Müsavata qarşı yaradılıb. Müsavatdan çıxarılanlar orada təmsil olunur və partiyaya faşist mövqeyindən çıxış edirlər. Tamamilə anti-Müsavat təşkilatıdır. Bu, partiyaya qarşı kampaniyanın davamıdır. Müsavatın nüfuzuna xələl gətirmək, narazıları ora cəlb etməklə parçalanma görüntüsü yaratmaq istəyirlər”.

Bu məsələdə iqtidarın barmağının olması sualına başqan müavini belə cavab verdi: “Müsavata qarşı müxtəlif vektorlu qüvvələr var. İqtidar, Müsavatın opponentləri, partiyamızın uğurlarını qəbul etməyən adamlar”.