|
Dövlət ittihamçısı külli miqdarda vergidən yayınmaqda ittiham olunanlara cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda vergidən yayınmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Rasim Sadıxov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək Həsənağa Babayevin 8 il, Elman Rəhimovun 6 il 6 ay, Tərxan Şirinovun 6 il, Əlirza Kərimovun 4 il, Hüseyn Bayramovun 5 il, Səadət Cəfərovun 3 il 6 ay, Elvin Əsgərovun 5 il, Səbuhi Qazıyevin 5 il, Ramşan Rzayevin isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi noyabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, istintaqla müəyyən edilib ki, 07.07.2011-ci il tarixdən "Atrabank” ASC-nin Nəsimi filialının mühasibi, 03.03.2014-cü ildən isə həmin filialın Xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Həsənağa Babayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə, tanışları Tərxan Şirinov, Elman Rəhimov, Hüseyn Bayramov, Əlirza Kərimov və Şəhadət Cəfərovdan ibarət, Səbuhi Qazıyev isə Ramşan Rzayev Elvin Əsgərovdan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradaraq, 2012-2014-cü illər ərzində həmin qrupların fəaliyyətinə rəhbərlik ediblər. Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilərək, ümumilikdə külli miqdar təşkil edən 1 270 884 46 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılıb. İstintaq-əməliyyat tədbirləri ilə qeyd olunan şəxslər tərəfindən bir sıra cinayət əməllərinin törədildiyi toplanmış təkzibolunmaz faktlarla – ilkin mühasibatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanılması, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam sübuta yetirilib. Dövlətə vurulmuş ziyandan 190 550 manatı ödətdirilib, 363 987 manat məbləğində əmlak üzərinə həbs qoyulub. Cinayətkar dəstənin üzvlərinə Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham elan edilmiş, onlardan yeddi nəfəri barədə məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cia.az