|
Müsəlmanların əsas təşkilatında baş katib qalmaqalı
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad Mədəni oktyabrın 31-də gözlənilmədən istefa verib. İƏT-ə bağlı Beynəlxalq İslam Xəbər Agentliyi yaydığı xəbərdə Mədəninin səhhəti ilə bağlı istefaya getdiyini qeyd edib. Artıq Səudiyyə Ərəbistanı hakimiyyəti Mədəninin yerinə namizədini elan edib. İƏT-in yeni baş katibi Krallığın sabiq sosial işlər naziri Yusif Əhməd əl-Useymin olacaq.

Ancaq media istefanın Mədəninin səhhəti ilə bağlı olduğuna inanmır. Xarici agentliklərin yazdığına görə, istefa Misirlə yaranmış gərginliklə bağlı olub. Belə ki, Mədəninin İSESCO-nun Tunisdə keçirilən toplantıda söylədiyi fikirlər Misir hökumətinin sərt təpkisi ilə nəticələnib. İƏT baş katibi Tunisdəki toplantıda çıxış edərkən Tunis prezidenti əl-Baci Qaid əs-Sibiyə yanlışlıqla əs-Sisi deyib və yanlışlığını ört-basdır etmək üçün zarafat etmək istəyib: “Bağışlayın, Sisi, bu ciddi səhvdir. Cənab prezident, inanıram ki, sizin soyuducuda daha çox su var”. 
 
Qeyd edək ki, bir qədər əvvəl Şarm əş-Şeyxdə keçirilən toplantıda Misir prezidenti Əbdülfəttah əs-Sisinin iqtisadi böhranla bağlı çıxışında 10 il evində soyuducuda yalnız içməli su olduğunu deməsi Misirdə böyük təpkiyə səbəb olub. Sosial şəbəkələrdə “soyuducu və su” haştaqları yaradılaraq prezidentə sərt tənqidlər yazmışdılar. Mədəninin məhz bu ifadəyə işarə etdiyini hər kəs anlayıb. Misir xarici işlər naziri Semih Şükri Mədəninin zarafatını “həddini aşmaq” adlandırıb. Mədəninin bu təpkilərdən sonra istefa verdiyi ehtimal olunur. Yeri gəlmişkən, Misir XİN istefanı təqdirlə qarşılayıb.
Səudiyyə Ərəbistanından olan İyad Mədəni İƏT baş katibi postuna 2014-cü il yanvarın 31-də təyin olunub. Ondan öncə bu postu 10 il müddətinə (2004-2014-cü illər) Türkiyə təmsilçisi Ekmeleddin İhsanoğlu tutub. Ancaq Mədəni bu postda 3 ilini tamamlaya bilmədi. Misir prezidentini qəzəbləndirən uğursuz zarafatın sərt reaksiya doğurması anlaşılandır. Ancaq aydındır ki, ortada başqa nüanslar da olmamış deyil. 
 
Məsələ ondadır ki, son bir ildə Misir və Səudiyyə Ərəbistanı arasında münasibətlər soyuqlaşıb. Baxmayaraq ki, Misirin indiki hakimiyyəti ə-Riyada çox yaxındır. 2013-cü ildə müdafiə naziri Əbdülfəttah əs-Sisi qiyam qaldırıb hakimiyyətə gələndə onu ilk olaraq tanıyan və açıq dəstək verən Səudiyyə Ərəbistanı idi. Ərəblər Misirdə “Müsəlman qardaşlar” hakimiyyətinə dözümlü yanaşa bilmədilər. Nəticədə ər-Riyadın dəstəyi ilə Misirdə hərbi çevriliş baş verdi və Sisi hakimiyyətə gəldi. Ancaq son illərdə Misir və Səudiyyə Ərəbistanı arasında münasibətlər yenidən soyuqlaşıb. Krallığın maliyyə yardımları əvəzində Qırmızı dənizdəki Misir adalarını alması Misirdə ciddi etirazlara səbəb oldu. Üstəlik, artıq Səudiyyə rəhbərliyinin də Misirə edilən yardımları azaltması ilə bağlı xəbərlər dolaşır. Çünki məlum olduğu kimi, Misir hazırda ciddi demoqrafik problem yaşayır. Əhalisinin sayı 90 milyon olan ölkədə iqtisadiyyat çox zəifdir, kənd təsərrüfatı imkanları yalnız Nil çayı sahili boyunca kiçik ərazidə məhdudlaşır. Bu səbəbdən misirlilər hazırda Liviyadan körfəz ölkələrinə qədər müxtəlif ölkələrə iş arxasınca gedir. Misir isə xarici yardımlardan asılı vəziyyətdədir. Qahirənin ən böyük dəstəkçisinin yardımları dayandırması ölkə üçün fəlakət anlamına gəlir. Bu mənada Mədəninin Misirlə soyuqlaşan münasibətlərə qurban verildiyi ehtimalı zəifdir. 
 
Daha bir ehtimal isə Mədəninin fəaliyyəti ilə bağlıdır. Belə ki, vəzifədə 3 ili tamam olmadan İyad Mədəninin istefaya getməsi İƏT daxilindəki vəziyyətlə bağlı ola bilər. Hazırda müsəlman ölkələri arasında ciddi soyuqluq var. 
 
İran və S.Ərəbistanı arasında gərginlik davam edir. Bundan başqa, Krallıq Yəməndə husilərlə savaşır. İraq və Suriya böhranı fonunda müsəlman ölkələri arasında çat günü gündən dərinləşir. Üstəgəl, ər-Riyadın mövqeyi getdikcə daha da zəifləyir. Son olaraq İƏT XİN rəhbərlərinin Daşkənddə keçirilən sammitində ər-Riyadın təklif etdiyi Rusiyanın Hələbdəki bombardmanlarını qınayan qətnamə ev sahibi Özbəkistanın tələbi ilə gündəlikdən çıxarılıb. Özbək hökuməti Rusiyaya qarşı qərar vermək istəmədi. Bütün bunlar ər-Riyadın Mədəniyə olan münasibətini dəyişib. İƏT-in əsas qurucusu olan və faktiki olan əsas sponsoru olan ər-Riyad təşkilat üzərindən müsəlman aləmində təsirini qoruyub saxlamağa çalışır. Bunun üçünsə indiki zamanda daha sərt və aktiv baş katibə ehtiyac var. Mədəni bu tələblərə cavab vermirdi.

cia.az