Rusiyanın Dağlıq Qarabağla bağlı hazırkı susqunluğunun səbəbi 8 noyabrda ABŞ-da keçiriləcək seçkilərlə bağlıdır. Məhz bu seçkidən sonra dünyanın gedişatı dəyişəcək. Moskva da bu üzdən müəyyən addımlar atmaqdan çəkinir.
Bunu Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert hesab edir ki, prezidentin Qarabağla bağlı son bəyanatı açıq şəkildə məsələnin paket şəklində həll olunmayacağına dair bir mesaj idi:
“Qarabağ problemi yalnız mərhələli şəkildə həll olunmalıdır. Rusiyadan Ermənistana verilən bu mesajın ardından ATƏT-in Minsk Qrupunun həmsədrləri dərhal regiona səfər etdilər. Ermənistan rəhbərliyi isə paket həll variantının üzərində dayanıb. Rusiya SSRİ-nin varisidir və bu yanan ocağın yaradılmasında SSRİ-nin birbaşa rolu olub. Ona görə də Rusiya məsələni sona qədər yerinə yetirməlidir. Sankt-Peterburq görüşündə ilk dəfə uzun müddətdən sonra müəyyən bir müsbət hal yaranmışdı. Lakin hakimiyyətindən, hətta canından qorxaraq pərdəarxası görüşlərdə İrəvana qayıtdığı müddətdə artıq məhv ediləcəyini bildirən Sərkisyan bu dəfə də siyasi gedişlər edərək hökumət dəyişikliyinə getdi. Hətta separatçılarla görüşündə yenidən müstəqilliklə bağlı bəyanatlar verdi. Bu ərəfədə Rusiyanın regionda öz nüfuzunu qorumaq üçün atacağı addımlar çox müsbət qiymətləndirilsə də, İrəvanın bu variantları Moskvanı müəyyən tərəddüdlərə gətirdi. Bilirsiniz ki, Türkiyə ilə Rusiya arasındakı NATO sərhədi məhz Ermənistandan keçir. Ermənistanda cəmləşən “İsgəndər” raketlərinin izinin məhz Qarabağda silinməsi isə heç də gözlənilməz olmadı”.
Ekspert Cənubi Qafqazda mümkün real təhlükə fonunda Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməkdənsə, əks mövqeni seçən Rusiyanın hazırkı susqunluğunu belə izah edib:
“8 noyabrda ABŞ-da keçiriləcək seçkilərdən sonra dünyanın gedişatı dəyişəcək. Fikrimcə, Moskva da məhz bu üzdən müəyyən addımlar atmaqdan çəkinir. Bu da separatçıların Qarabağda və Talış kəndində müəyyən manevrlər etməsinə gətirib çıxarır. Nə qədər sülh tərəfdarı olsaq da, istənilən vaxt məsələnin hərbi yolla həllinə hazır olmalıyıq. Lakin bu, iki dövlət arasında olan müharibə, yaxud da antiterror əməliyyatları ilə nəticələnməyə, böyük regional qarşıdurmaya gətirib çıxara bilər”.
cia.az
